Gücümüz soyqırımları və işğallardan qorunmağımız üçün ən etibarlı zəmanətdir

Tariximizdən qara-qırmızı xətt kimi keçən dəhşətli bir faciənin, bir soyqırımının 108-ci ili tamam olur bu gün. Hər il olduğu kimi bu il də martın 31-ni dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edirik. Bu, həm xalqımızın tarixi yaddaşının qorunması, həm də 1918-ci ilin mart ayında erməni-rus-bolşevik terror birləşmələri tərəfindən törədilmiş qanlı hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Öz soydaşlarımız da, dünya birliyi də bir əsr öncəki qanlı qırğınların gerçək səbəblərindən, mahiyyətindən xəbərdar olmalıdırlar.

108 il öncəki geosiyasi proseslərdə həm bolşevik Rusiyasının, həm də erməni daşnaklarının strateji hədəfləri, milli maraqları üst-üstə düşürdü. Həmin vaxt “qırmızı terror” yoluyla hakimiyyətə gəlmiş Leninin rəhbərlik etdiyi sovet-bolşevik hökuməti köhnə imperiyanı yeni ad altında bərpa etməyi hədəfləyir və ilk növbədə Bakı neftinə nəzarəti ələ keçirməyə can atırdı. Bakı neftinə sahiblənmək bolşeviklər üçün həyati əhəmiyyət kəsb edirdi. Həmin zaman kəsiyində erməni daşnaklarının məqsədi isə “Böyük Ermənistan” mifini reallaşdırmaq üçün soyqırımlar törətmək yolu ilə regionda (ilk növbədə isə məhz Bakıda) azərbaycanlıların sayını azaltmaq və bununla da ermənilərin demoqrafik üstünlüyünü təmin etmək idi. Daşnaklar və bolşeviklər, bax, bu cür xain və barbar məqsədlər naminə bir araya gəlmişdilər.

Bu gün əlimizdə olan bütün tarixi faktlar, sənədlər də göstərir ki, mart qırğınları xalqımıza qarşı planlı surətdə həyata keçirilib. Bunun nəticəsidir ki, qırğınların coğrafiyası da olduqca geniş idi. Bakı ilə yanaşı, Qarabağ, Şamaxı, Quba, Naxçıvan, Zəngəzur, Salyan, Lənkəran, Gəncə və digər ərazilərdə kütləvi qətliamlar törədilib, on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilib, saysız-hesabsız azərbaycanlılar öz doğma torpaqlarından didərgin salınıb, yaşayış məntəqələri yandırılıb, məscidlər və mədəni abidələr məhv edilib. Hətta məşhur “İsmailiyyə” binasına da od vurulub.

Həmin günlərdə qırğınların episentrini isə Bakı, Quba və Şamaxı təşkil edirdi. Bu məntəqələrdə törədilən kütləvi qətliamlar öz miqyası və qəddarlığı ilə xüsusilə seçilirdi. Təkcə Bakıda 3 gün ərzində (1918-ci ilin 30 mart – 2 aprel tarixlərində) 12. 000-dən çox azərbaycanlı öldürülmüşdü. Şamaxı qəzasında da minlərlə insan qətlə yetirilmiş, yüzlərlə kənd dağıdılmışdı. Qubada sonradan aşkar edilmiş kütləvi məzarlıq isə bu faciənin miqyasını daha açıq-aydın surətdə, necə deyərlər, danılmaz faktla sübut edir. Həmin günlərdə bütövlükdə 128 mindən çox azərbaycanlı erməni-rus vəhşiliyinin qurbanı olmuşdu. Beləliklə, Azərbaycan türklərinin varlığına son qoymaq və Azərbaycan torpaqlarına yiyələnmək məqsədilə 1918-ci ilin mart ayının son günündə daşnak-bolşevik ittifaqı tərəfindən 20-ci yüzilliyin ən dəhşətli soyqırımlarından biri həyata keçirildi.

Ancaq onu da qeyd etməliyik ki, azərbaycanlılara qarşı həyata keçirilən 31 mart soyqırımı nə birinci, nədəki sonuncu soyqırımı deyildi. Bundan əvvəl, 1897-1898-ci illərdə və 1905-1907-ci illərdə də oxşar qətliamlar törədilib. Eləcə də 1948-1952-ci illərdə və 1987-1988-ci illərdə Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla deportasiya edilməsi, 1990-cı ildə 20 Yanvar qırğınının və 1992-ci ilin fevralın 26-da Xocalı qətliamının törədilməsi də xalqımıza qarşı həyata keçirilən sistemli, mərhələli və uzunmüddətli strategiyanın təzahürləri, nəticələri idi. Məqsəd isə yuxarıda qeyd etdiyimiz kimi Cənubi Qafqazda total etnik təmizləmə siyasətini həyata keçirmək, azərbaycanlıların öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılmasına nail olmaq, regionin etnopolitik mənzərəsini kökündən dəyişmək və bizim torpaqlarımızı adı və fasadı dəyişən, yeniləşən, lakin öz işğalçı, müstəmləkəçi mahiyyətini əvvəlki kimi qoruyub saxlayan Rusiya (Sovet İttifaqı) imperiyasının tərkibinə qaytarmaqdan, ilhaq etməkdən ibarət idi. Erməni daşnaklarının mənfur “Böyük Ermənistan” planı isə bolşeviklərin bu prosesi sürətləndirmələri üçün göydəndüşmə fürsət idi. Beləliklə, bolşevik Rusiyası da eynilə çar Rusiyası kimi növbəti dəfə ermənilərdən azərbaycanlılara qarşı və bütün Türk dünyasına qarşı alət kimi, dəyənək kimi istifadə etdi.

Erməni-rus ittifaqının azərbaycanlılara qarşı vahid cəbhədə birləşərək mərhələli şəkildə terror, soyqırımı və işğal cinayətlərini törətmələri bütövlükdə son 200 ili əhatə edir və bu proses 2023-cü ilin 19-20 sentyabrına qədər davam edib. 44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfərimizin məntiqi nəticəsi və yekunu olan 23 saatlıq antiterror əməliyyatı 200 illik tarixi ədalətsizliyə son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixin gedişatını dəyişdi, Kremldən idarə olunan və ermənilərin əli ilə həyata keçirilən “Böyük Ermənistan” və “Miatsum” kimi yırtıcı, dağıdıcı planlar tam olaraq iflasa uğradıldı və Cənubi Qafqazda yeni reallıqlar yaradıldı. Eyni zamanda, xalqımıza qarşı törədilmiş soyqırımlarının da qisası alınmış oldu.

İndi biz bu bölgənin qalib xalqıyıq, lider dövlətiyik. Lakin nə rusun, nə erməninin, nədəki farsların xisləti dəyişməyib. Biz hal-hazırda Ermənistanla sülh bağlamaq xəttini davam etdiririk. Ancaq radikal erməni millətçiliyi ölməyib və irqçi-faşist erməni kilsəsinin antitürk, anti-Azərbaycan düşmənçiliyi hələ də davam edir. Robert Köçəryan kimi qatillər seçki prosesinə qatılaraq erməni xalqını yenidən revanşizmə kökləməyə çalışırlar. Ona görə də Kreml və Tehranın gələcəkdə də ermənilərdən bizə qarşı maşa kimi istifadə etmək cəhdləri baş verə bilər. Ermənilərin azərbaycanlılara qarşı ardıcıl qəddarlıq və amansız soyqırım siyasəti həyata keçirmək istəyi onları nə vaxtsa yenidən böyük güclərin maşasına çevirə bilər. Ona görə də biz daima ayıq-sayıq olmalıyıq. Ermənistanla sülh bağlamalı və iqtisadi əlaqələr qurmalıyıq, lakin dəmir yumruğumuzu da hər zaman hazır vəziyyətdə saxlamalıyıq.

Bu cür məkrli, xain qonşuları olan bir xalq kimi biz həmişə savaşçı xalq ovqatında olmağa məcburuq. Və bundan sonra bir daha heç vaxt arxayınlaşmamalıyıq. Biz tarixə münasibətimizi dəyişməliyik, soyqırımlara münasibətimizi dəyişməliyik və qonşu millətlərə münasibətimizi də dəyişməliyik. Bilməliyik ki, nə farslar, nə ruslar, nədəki ermənilər bu coğrafiyadan heç yerə köçüb gedəsi deyillər. Deməli, coğrafiya həqiqətən də taledir. Biz də bu coğrafiyanın gerçəkliyinə, bu taleynin tələbinə uyğun davranmalıyıq, daim sərt güc olmalıyıq. Qonşularımız məhz bizim mərhəmətli, humanist, həlim, sülhsevər xalq olduğumuzu bildikləri üçün tarixən bizə qarşı bu qədər qəddar, amansız olublar. Ancaq 21-ci əsr gücün hakim olduğu əsrdir. Gücün hakim olduğu dünyada biz də dövlət və xalq olaraq həmişə güclü olmalıyıq ki, ayaqda qala bilək. Gücümüz soyqırımları və işğallardan qorunmağımız üçün ən etibarlı zəmanətdir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »