“Türk NATO-su”nun yaradılması gələcək təhlükəsizliyimiz üçün zəruri məsələyə çevrilməkdədir

Son günlər Ümumərəb silahlı qüvvələrinin (“Ərəb NATO-su”) yaradılması ideyası yenidən gündəmə gəlib. Və burada ən maraqlı məqam da ondan ibarətdir ki, əvvəllər bu təklif yalnız Misir Ərəb Respublikasının hərbi-siyasi rəhbərliyi tərəfindən ara-sıra səsləndirilirdisə, lakin hazırda isə digər ərəb ölkələrində də, xüsusən də ABŞ və İsrailə qarşı “qisas əməliyyatları” çərçivəsində İranın hücumlarına məruz qalan Körfəz ölkələrində bu məsələ diqqətlə nəzərdən keçirilməkdədir. ABŞ və İsrailin İranla apardığı son savaşdan sonra Yaxın Şərqdə gərginliyin sürətlə genişlənərək regional müharibə təhlükəsi həddinə çatması istər-istəməz ərəb ölkələrini daha səmərəli, alternativ özünümüdafiə vasitələri barədə düşünməyə vadar edir.

Çünki reallıq göstərdi ki, ABŞ-ın bu ölkələrə verdiyi təhlükəsizlik zəmanətləri heçnəyə yaramır. İranın intensiv raket və dron zərbələri qonşu ərəb ölkələrini faktiki olaraq müharibə “cəhənnəm”inə sürükləyib. Son iki həftə ərzində 9 ərəb ölkəsi (o cümlədən BƏƏ, Küveyt, Bəhreyn, Qətər, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, İraq və s.) şər mənbəyi olan SEPAH-ın çoxsaylı raket və dron hücumlarının hədəfi olub. Bu hücumlarından ən çox zərər çəkən ölkələr sırasında ilk növbədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) adı gəlir. Fevralın 28-dən (müharibə başlayan gündən) bəri sözügedən ölkənin müdafiə sistemləri İranın 285 ballistik raketini, 15 qanadlı raketini və 1567 dronunu zərərsizləşdirib. İranın hava zərbələri nəticəsində BƏƏ-də 6 nəfər həlak olub, 140 nəfərdən çox insan isə yaralanıb.

Beləliklə, Fars körfəzindəki ərəb ölkələrinə İranın endirdiyi zərbələr qarşısında hazırda Ərəb dünyası faktiki olaraq müdafiəsiz vəziyyətə düşüb. Görünən budur ki, ABŞ artıq öz ərəb müttəfiqlərinin – Körfəz ölkələrinin təhlükəsizliyini təmin edə bilmir. Bu da təbii ki, Körfəz ölkələrini təhlükəsizliklə bağlı strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edir və ərəb dövlətləri arasında kollektiv müdafiə mexanizmlərinin formalaşdırılması zərurətini aktuallaşdırır. Başqa sözlə desək, “Ərəb NATO-su”nun yaradılması ideyası artıq labüd, qaçılmaz bir məsələyə çevrilib. Ərəb ölkələri real təhlükə qarşısında hər hansısa birgə özünümüdafiə sistemini formalaşdırmağa sadəcə olaraq məcburdurlar.

Bu məsələ təkcə ərəb ölkələri üçün yox, bizim türk dövlətləri üçün də eyni dərəcədə aktualdır. Azərbaycanın və Türkiyənin də İran tərəfindən zərbələrə məruz qalması, əslində, bütün TDT (Türk Dövlətləri Təşkilatı) ölkələri üçün “SOS” siqnalı deməkdir. Azərbaycanın Naxçıvan bölgəsi (Zəngəzur dəhlizinin – “Tramp yolu”nun ən önəmli nöqtəsi) İranın dron zərbələrinin hədəfinə çevrildi. Qardaş Türkiyənin ərazisinə isə müxtəlif vaxtlarda 3 raket atıldı. Bu zərbələrin heç biri təsadüf sayıla bilməz. SEPAH-ın tam nəzarəti altına keçmiş “başsız” İran bu zərbələri məqsədyönlü şəkildə həyata keçirb. Azərbaycan və Türkiyə İran tərəfindən sanki bilərəkdən müharibəyə çəkilir. Odur ki, bu zərbələrin yenidən təkrarlanmayacağına da heç bir zəmanət yoxdur. Növbəti mərhələdə isə hətta Qazaxıstanın neft və qaz şəbəkəsi də İranın dron-raket zərbələrinə məruz qala bilər. Çünki SEPAH ABŞ-ın Hörmüz boğazına nəzarəti ələ keçirmək, İranın Xarq adasında yerləşən əsas neft anbarına yiyələnmək və digər enerji mərkəzlərini sıradan çıxarmaq planlarına start verəcəyi təqdirdə, bölgə ölkələrindəki ABŞ şirkətlərinə məxsus infrastrukturları və müəssisələri hədəf alacaqlarını bildirib. Bir sözlə, ABŞ-İran qarşıdurması türk dövlətləri üçün də çox ciddi problemlər yarada bilər. Bu baxımdan, İran kimi ifrat dərəcədə aqressiv ölkənin hücumlarına hər zaman hazırlıqlı olmalıyıq. “Türk NATO-su”nun yaradılması gələcək təhlükəsizliyimiz üçün zəruri məsələyə çevrilməkdədir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »