Qlobal Bakı Forumu artıq regional və beynəlxalq müstəvidə nüfuzlu diplomatik platformalardan birinə çevrilib
Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir. Mövzu günümüz üçün həqiqətən də olduqca aktual mövzudur. Dünyamızın qaynar “qazan”a çevrildiyi, qulağımızın dibində İran-ABŞ (+İsrail) qarşıdurmasının davam etdiyi, geosiyasi təlatümlərin gündən-günə daha da dərinləşdiyi bir dövrdə paytaxtımızda yüzlərlə xarici qonağın iştirakı ilə mövcud beynəlxalq münasibətlərdə fikir ayrılıqlarının aradan qaldırılması məsələsinin müzakirəyə çıxarılması təqdirəlayiq addımdır.

Qlobal Bakı Forumu artıq regional və beynəlxalq müstəvidə nüfuzlu diplomatik platformalardan birinə çevrilib və hər il ardıcıl surətdə təşkil olunan bu forumda dünya birliyi üçün, bəşəriyyət üçün bir çox aktual məsələlər müzakirə olunur, qlobal tendensiyalar və çağırışlar ətraflı dəyərləndirilir. Bu məqamı XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev də öz çıxışında xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu forumun və təşkilatçı kimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük rolu var.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və yaxşı beynəlxalq nüfuza malikdir. Mərkəz tərəfindən sözügedən tədbirin uğurla təşkil olunması və konstruktiv müzakirələr üçün münasib şəraitin yaradılması Qlobal Bakı Forumunun siyasətçilər və ekspertlər üçün cəlbediciliyini daha da artırır. Azərbaycanın təşkilatçılığı ilə Qlobal Bakı Forumunun keçirilməsi ölkənin açıq dialoqa hər zaman hazır olduğunu və çoxtərəfli əməkdaşlığa güclü sadiqliyini nümayiş etdirir.

Ölkəmizin təqdim etdiyi bu platforma fərqli fikirlərə malik liderlərin, ictimai xadimlərin və beyin mərkəzlərinin nümayəndələrinin bir araya gələrək bütün tərəflər üçün məqbul həll yolları üzərində işləməsinə və qlobal çağırışlara cavab axtarılmasına imkan yaradır. Bu baxımdan, Bakı platforması optimal həll yolları üzərində dərindən işləməyə imkan yaradır. XIII Qlobal Bakı Forumu dərin qlobal çətinliklər dövründə düşüncə, dialoq və birgə fəaliyyət üçün həqiqətən də olduqca əvəzolunmaz platformadır.
Bu gün dünyanın ciddi və səmimi dialoqa ehtiyacı var. Bunu açıq demək lazımdır. Ona görə də XIII Qlobal Bakı Forumunun dünyadakı parçalanmanın qarşısının alınmasına yönəldiyini desək yanılmarıq. Paytaxtımızın belə bir önəmli qlobal tədbirə ev sahibliyi etməsi qürurvericidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Qlobal Bakı Forumunun gündəliyi kifayət qədər genişdir və əminik ki, müzakirələr zamanı diqqət həm bizim regionumuzdakı, həm də dünyadakı real vəziyyətə yönələcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.