Qoy, həm İranı idarə edənlər, həm də bütün dünya görsün ki, Azərbaycan necə humanist ölkədir

Son İran-ABŞ (+İsrail) savaşı qəfil başladığı kimi qəfil və müəmmalı şəkildə də bitdi. Düzdür, bütövlükdə hərbi əməliyyatlar hələ davam etsə də, lakin sahədəki real vəziyyət isə belədir ki, son günlər tərəflər arasında savaş artıq bir xeyli dərəcədə səngiyib. Daha doğrusu, ABŞ Prezidenti Donald Tramp ötən gün CBS telekanalına telefonla verdiyi müsahibədə İrana qarşı hərbi əməliyyatların gözləniləndən daha sürətlə irəlilədiyini, ABŞ-ın ilkin olaraq nəzərdə tutulan 4–5 həftəlik planı xeyli qabaqladığını, İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədildiyini dedi və müharibənin demək olar ki, böyük ölçüdə başa çatdığını bildirdi. Belə bir tələm-tələsik bəyanatı təbii ki, heç kim gözləmirdi. Beynəlxalq ekspertlər ABŞ liderinin bu erkən qərarının real səbəbləri barədə müxtəlif versiyalar irəli sürürlər.

Bu arada Azərbaycanın İrana humanitar yardım göndərməsi isə olduqca mühüm hadisədir. Belə ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq bu gün İrana humanitar yardım göndərilib. Sözügedən humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu İran əhalisinin mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub. Humanitar yardımın tərkibinə 30 tona yaxın müxtəlif qida məhsulları daxildir.

Bu addımımız həqiqətən də təqdirə layiq, çox gözəl addımdır. Necə deyərlər, bu da bizim şəfqət, mərhəmət dolu ürəyimiz. Bəli, biz buyuq. Azərbaycan xalqına yarasan məhz budur. Qonşunun harayına yetişmək, ona dar macalda əl tutmaq bizim arxetipimizdə, genimizdə, xislətimizdədir. Tarixən Azərbaycan xalqı olaraq biz daim bax belə duyarlı, qayğıkeş və ləyaqətli olmuşuq. İranın molla rejiminin son illərdə bizə qarşı yol verdiyi bütün səhvliklərə baxmayaraq, biz qonşular arasında qatı düşmənçiliyin hec bir xalqa fayda vermədiyinin fərqindəyik. Ona görə də biz milyonlarla güneyli soydaşımızın yaşadığı qapı qonşumuz İranla nifaq və qarşıdurmalara yox, həmişə xoṣməramlı addımlara üstünlük veririk.

Azərbaycan xalqı heç vaxt mərhəmətindən qalmır. Tanrıya şükürlər olsun ki, bizim bu cür mərhəmətli və humanist xalqımız var. Dövlətimizin başçısının bu addımı da tam da vaxtında atılmış, örnək olası və düzgün addımdır. Qoy, həm İranı idarə edənlər, həm də bütün dünya görsün ki, Azərbaycan necə humanist ölkədir. Heç olmasa, bu addımımızdan sonra bəlkə İrandakı bəzi radikal siyasətçilər və o cümlədən SEPAH-ın sözçüləri kimin kim olduğunu tanıyar və anti-Azərbaycan ritorikalarından əl çəkərlər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »