İran tərəfinin inkarçılığı molla hakimiyyətinin özünü pis vəziyyətdə qoyur

İranın hazırkı molla rejimi heç vaxt səmimi ola bilmir. Bu qeyri-səmimilik və qeyri-obyektivlik özünü rejim rəsmilərinin açıqlama və bəyanatlarında da göstərir. Belə ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı yaydığı bəyanatda Naxçıvana dron zərbələri ilə bağlı ittihamları rədd edib və bildirib ki, İslam Respublikası bütün ölkələrin suverenliyinə, xüsusilə də müsəlman və qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşır. Bundan əvvəl İran Xarici İşlər Nazirinin müavini Kazem Qaribabadi də oxşar bəyanatla çıxış edərək Tehranın Naxçıvana dron hücumu ilə heç bir əlaqəsinin olmadığını bildirmişdi.

Gördüyümüz kimi mollaların siyasətləri kimi bəyanatları da bərbaddır. Putin Rusiyası AZAL-a məxsus sərnişin təyyarəmizin onların HHM-i tərəfindən vurulduğunu uzun müddət inkar etməyə çalışdığı kimi, molla İranı da eyni taktikanı seçib və Naxçıvanı niyə vurduğuna normal bir izahat da verə bilmir. Əksinə, Naxçıvana dron hücumunu ənənəvi diplomatik riyakarlıqla inkar edir və bu hadisənin İranla heç bir əlaqəsinin olmadığını bildirirlər. İran tərəfinin inkarçılığı anlaşılandır. Molla rejimi də 44 günlük İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə Ermənistanın yürütdüyü inkarçılıq və saxtakarlıq yoluna üstünlük verir.

Ancaq reallıq isə tam fərqlidir və istər İran Silahlı Qüvvələrinin Baş Qərargahının, istərsə də İran XİN-in Naxçıvana dron hücumu ilə bağlı təxribat faktını danması heçnəyi dəyişmir. Yəni ki, fakt öz faktlığında qalır. Dronlar Naxçıvana Marsdan, Yupiterdən yox, məhz İran ərazisindən atılıb və İran tərəfi nə illah etsə də bu həqiqəti, bu faktı əsla dana bilməz. İran dövlətinin Azərbaycana qarşı yol verdiyi bu hərəkət terrorçu davranışın göstəricisidir. Prezident İlham Əliyevin ötən gün Təhlükəsizlik Şurasının iclasında vurğuladığı kimi İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilib. Azərbaycanın Müdafiə Nazirliyi və XİN də bu hücumun məhz İran tərəfindən olduğunu təsdiqləyir. Rəsmi Bakının əlində tutarlı dəlil-sübutlar olmasaydı, təbii ki, bu cür birmənalı və net mövqe sərgiləməzdi.

Ona görə də İran tərəfinin inkarçılığı molla hakimiyyətinin özünü pis vəziyyətdə qoyur. SEPAH-ın diktəsilə hərəkət edən İran rəsmiləri bu hadisənin məsuliyyətindən boyun qaçırmaq yolunu tutmaqla molla rejimini daha da rəzil edir. Azərbaycan Prezidentinin Xameneninin ölümü ilə bağlı başsağlığı vermək üçün İran səfirliyinə təziyyə ziyarətinə getməsinin qarşılığında İran dövlətinin Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirməsi, Naxçıvana çirkincə, namərdcə zərbə endirməsi heç bir mənəvi-etik çərçivələrə sığmır. Prezident İlham Əliyevin söylədiyi kimi bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Molla rejiminin sərsəm siyasəti İranın pis qonşu imicini formalaşdırır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »