İranın bu gün Azərbaycanı hədəfə alması real görünmür

ABŞ və İsrailin şənbə günü İrana hücum etməsi ilə başlayan son hadisələr bütün regionda hərbi-siyasi tempraturun yüksəlməsinə səbəb olub və qonşu ölkələr üçün, o cümlədən Azərbaycan üçün təhlükəsizlik əsas məsələyə çevrilib. Molla rejimi ABŞ və İsrailin zərbələrinə cavab olaraq İsrailə zərbə endirməklə yanaşı, Yaxın Şərq ölkələrindəki ABŞ hərbi bazalarına da raket və dron zərbələri endirir. Artıq iki gündür ki, körfəz ölkələrində də partlayış səsləri eşidilir. Bu da gözlənilən idi. Çünki İran hakimiyyəti özünü sığortalamaq üçün bundan əvvəl dəfələrlə xəbərdarlıq edərək, hücuma məruz qalacağı təqdirdə region ölkələrinin ərazilərində yerləşən ABŞ hərbi obyektlərini, bazalarını da hədəfə alacağını bildirmişdi.

Və budur, ötən gün İran ordusu və SEPAH ABŞ qoşunlarının yerləşdiyi Yaxın Şərqdəki 20-dən çox bazaya hücumlar təşkil edib. Belə ki, son iki gün ərzində bölgədəki 9 ölkədə – Bəhreyn, İraq, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Kipr Respublikasındakı ABŞ-a məxsus hərbi bazalara İran tərəfindən hücumlar həyata keçirilib. Bu bazalarda təxminən 50.000-dək ABŞ əsgəri var. Ən çox ABŞ əsgərinə malik ölkələr isə Qətər, Bəhreyn, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanıdır. Bu bazalar ABŞ hava və dəniz əməliyyatları, regional logistika, kəşfiyyat məlumatlarının toplanması və qüvvələrin koordinasiyası üçün olduqca vacib mərkəzlər sayılır.

İranın hücumuna məruz qalan həmin ölkələrdə hərbçilərlə yanaşı, mülki şəxslər arasında da ölən və yaralananlar var. Belə ki, İran raketlərinin Bəhreynin Cuffair bölgəsindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahının yaxınlığına düşməsi nəticəsində 4 nəfər yaralanıb, İraqda 2 nəfər həlak olub, 5 nəfər yaralanıb, Küveytdə 1 nəfər ölüb, yaralananların sayı isə 32-ə çatıb, Omanda yaralananların sayı 5, Qətərdə yaralıların sayının 16 nəfər olduğu bildirilir. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 3 nəfər ölüb, yaralananların sayı isə 58 nəfərdir. İranın Böyük Britaniya hərbi bazalarının yerləşdiyi Kiprin yunan tərəfinə və eləcə də İordaniyaya da raket atdığı, dron zərbələri endirdiyi bildirilir. Həmçinin Səudiyyə Ərəbistanı da hücumlara məruz qalıb. Körfəz ölkələrinin – Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman və Bəhreynin xarici işlər nazirləri virtual iclas keçirərək İranın zərbələrinə cavab vermək hüquqlarını bəyan ediblər. Eləcə də İordaniya Xarici İşlər Nazirliyi ölkəyə edilən hücumlarla bağlı İran tərəfinə etiraz notası verib. BƏƏ-nin rəhbərliyyi ərazisinin raketlərlə hədəf alınmasına etiraz olaraq İrandakı səfirliyini bağlayıb, səfirini geri çağırıb. Səudiyyə Ərəbistanı isə İranın zərbələrinə cavab olaraq ABŞ və İsrailin başlatdığı əməliyyatlara qoşulduğunu bildirib.

Bu arada ucuz sensasiyaya meyl göstərən bəzi populistlər iddia edirlər ki, İranın mövcud hərbi-dini rəhbərliyi Azərbaycan və Türkiyənin də bombalanması barədə qərar qəbul edəcək. Lakin bu cür iddialar tamamilə boş və mənasız sayıqlamalardan başqa bir şey deyil. Çünki Azərbaycan ərazisində ABŞ və İsrail hərbi bazaları yoxdur. Eləcə də Bakı və Ankara öz ərazilərindən İrana hücum üçün istifadə edilməsinə izn verməyib. Yəni ki, İranın bizi hədəfə alması üçün heç bir mənəvi, siyasi əsası yoxdur. Çünki Azərbaycan və Türkiyə istəmir ki, bölgəmizdə sabitlik pozulsun və böyük güclərin iştirakı ilə müharibə başlasın. Təsadüfi deyil ki, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranla bağlı son hadisələrə dair yaydığı bəyanatda bildirib ki, regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan bu hərbi eskalasiya dərin narahatlıq doğurur. Rəsmi Bakı sözügedən bəyanatda Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayaraq bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon söhbəti zamanı bir daha əmin edib ki, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin İrana qarşı istifadə edilməsi mümkün deyil.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ayətullah Seyid Əli Xameneinin ölümü ilə bağlı İran Prezidenti Məsud Pezeşkiana başsağlığı verib və bu qonşu ölkəyə tezliklə sülh, sabitlik və əmin-amanlıq arzulayıblar. Bir sözlə, molla rejiminin son illərdə bizə qarşı bütün qeyri-dost davranışlarına baxmayaraq, Azərbaycan və Türkiyə bu çətin günlərdə əsl qonşuluq münasibəti sərgiləyərək İrana sülh və həmrəylik mesajları ünvanlayıb. Bu baxımdan, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun Azərbaycan xalqına və dövlətinə təşəkkür etməsi təbiidir. Azərbaycan hərbi cəhətdən güclü ölkə olsa da, lakin öz hərbi qüdrəti ilə öyünən, davakarlıq edən ölkə yox, normal qonşuluq anlayışına sahib olan ölkədir. Odur ki, İranın bu gün Azərbaycanı hədəfə alması real görünmür. Molla rejiminin Azərbaycanı raket atəşinə tutması əsl dəlilik olardı.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »