Bu gün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Məşum Xocalı soyqırımından artıq 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə irqçilik və faşizm ideyaları ilə silahlanmış Ermənistan silahlı qüvvələri və erməni separatçıları Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla ötən əsrin insanlıq əleyhinə ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımını törədiblər, şəhər sakinlərini gülləbaran ediblər.
Şəhərin bir çox sakini xilas olmaq üçün qarlı-şaxtalı havada Ağdam istiqamətində hərəkət edib. Lakin heç kimə aman verilməyib. Şaxtalı qış gecəsində qaçıb canını qurtarmağa çalışan dinc sakinlər təqib edilərək yollarda və meşələrdə gülləbaran edilib. Beləliklə, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi bu dəhşətli növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil, 475 nəfər şikəst olub, 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Vəhşiliyin davamı olaraq həmin gecə Xocalı şəhəri tamamilə yandırılıb məhv edilib. Qətlə yetirilən soydaşlarımızın meyitlərinə qarşı təhqiramiz hərəkətlərə yol verilib. Bu, misli görünməmiş bir cinayət idi. Xocalı qatilləri (Monte Melkonyan, Arkadi Ter-Tadevosyan, Manvel Qriqoryan, Astvatsatur Petrosyan, Rüstəm Qasparyan, Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, Vitali Balasanyan, Samvel Babayan, Bako Saakyan, Arkadi Qukasyan, Zori Balayan və digərləri) öldürdükləri azərbaycanlıların cəsədlərini tanınmaz hala salmaqla xalqımıza qarşı şüurlu surətdə vəhşi soyqırımı aktına imza atdılar.
Erməni barbarları bu soyqırımı aktını təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədiblər. Bu qətliam beynəlxalq hüququn, insan haqlarının və müharibə qanunlarının kobud şəkildə pozulmasının gerçək təsdiqidir. Xocalı faciəsi məqsədli şəkildə həyata keçirilən klassik faşizm nümunəsi idi. Bu acı həqiqəti Xocalı qatili, Ermənistan Respublikasının 2-ci prezidenti olmuş Serj Sərkisyanın sonralar ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibəsindəki açıq etirafından da görmək mümkündür. Müsahibənin Xocalı hadisələrinə aid hissəsindən T. de Vaalın “Qarabağ – qara bağ” kitabında da istifadə olunub. Serj Sərkisyan həmin müsahibəsində Xocalıda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyini etiraf edib və bunun azərbaycanlılarda qorxu yaratmaq, xalqımıza məğlubiyyət hissini aşılamaq üçün məqsədyönlü şəkildə həyata keçirildiyini bildirib: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.
Müstəqillik tariximizin ən faciəvi hadisələrindən olan Xocalı soyqırımı ermənilərin irqçilik, milli nifrət, etnik təmizləmə, separatçılıq və işğalçılıq siyasəti zəminində xalqımıza qarşı qəddar davranış nümayiş etdirməklə faşizmin (neofaşizmin) təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə, bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Lakin erməni faşistlərinin təxminləri, gözləntiləri özünü doğrultmadı. Onların ümidləri boşa çıxdı. Xocalı soyqırımı xalqımızı qorxuda bilmədi. Ermənilər Xocalı qırğınını törətməklə Azərbaycan xalqını qorxutmağa, onun iradəsini sarsıtmağa can atsalar da, ancaq nəticə tam əksinə oldu. Azərbaycan xalqı sınmadı, sarsılmadı. Əksinə, bu məşum faciədən sonra milli birliyimiz, həmrəyliyimiz daha da artdı, biz daha güclü topluma çevrildik.
Xalqımıza qarşı bu qanlı soyqırımına siyasi qiymət verilməsi üçün ən qətiyyətli addımlar məhz Ulu Öndər Heydər Əliyev tərəfindən atılıb. Heydər Əliyevin siyasi iradəsinin nəticəsində Xocalı faciəsinin dünya birliyinə çatdırılması və soyqırımı kimi tanıdılması Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. 1994-cü il fevralın 24-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Onun 1997-ci il 25 fevral tarixdə imzaladığı Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il fevral ayının 26-sı saat 17:00-da bütün ölkə ərazisində keçirilən sükut dəqiqəsi ilə yad edilir.
44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı isə həm erməni işğalına birdəfəlik son qoyulması, həm də Xocalı qurbanlarının qisasının alınması baxımından tariximizin dönüş nöqtəsidir. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Və bu gün Qarabağın, Şərqi Zəngəzurun hər yerində olduğu kimi Xocalıda da Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır.
Bu gün Xocalı faciəsi bizim üçün həm kədər, həm də həqiqət uğrunda mübarizə rəmzidir. Bu faciə Azərbaycan xalqının toplumsal yaddaşında silinməz iz buraxıb. Yaddaşı qorumaq isə gələcəyi qorumaq deməkdir. Biz gələcək nəsillər naminə bu qan yaddaşımızı daim qorumalıyıq ki, Xocalının acı taleyi bir daha heç vaxt təkrarlanmasın. Yaddaş yaşadıqca ədalətə yol açılır və gələcək nəsilləri də qorumaq mümkün olur. Bu baxımdan, faciənin canlı şahidlərinin ifadələri də tarixi unutmamağımız üçün mühüm istinad nöqtəmizdir. Tarixi yaddaş millətin varlığının qorunmasının, dövlətin, dövlətçiliyin yaşamasının əsas zəmanətlərindən biridir.
Prezident İlham Əliyevin ötən gün Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşü zamanı çıxışında qeyd etdiyi kimi, əsas odur ki, bu gün insanlarımız azad olunmuş torpaqlarda artıq rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Xocalı faciəsi həm əbədi xatirəmizə, həm də and yerimizə çevrilib. Bu gün hamımız Xocalını anım nöqtəsində birləşmişik. Xocalı soyqırımının 34-cü ildönümündə bu dəhşətli qətliamın qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir və millətimizə, dövlətimizə qan-qadasız, müharibələrsiz gələcək arzulayırıq!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.