Azərbaycan dövlətinin azad olunmuş ərazilərdə bərpa və köç prosesini məhz özünün həyata keçirmək qərarı tamamilə düzgün qərardır

Uzun illər işğal altında qalmış və erməni vandalları tərəfindən talan edilmiş yurd yerlərimiz hazırda sürətlə bərpa edilir, tamamilə yenidən qurulur. Son beş ildə Qarabağda və Şərqi Zəngəzurda çoxlu sayda yaşayış kompleksləri və fərdi evlər tikilib, istifadəyə verilib. Nəhəng infrasuktur layihələri həyata keçirilir, sənaye zonaları yaradılır, müxtəlif sosial obyektlər istifadəyə verilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində köç və məskunlaşdırma işləri uğurla davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə hazırda 75 mindən çox vətəndaşımız yaşayır, işləyir və ya təhsil alır. Ümumilikdə isə 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 150 mindən çox vətəndaşımızın məskunlaşacağı gözlənilir.

Dövlətimiz tərəfindən bu bölgədə bərpa edilən və yenidən qurulan şəhər və qəsəbələrimizin, kəndlərimizin sayı ildən-ilə artır. Buna müvafiq olaraq həmin şəhər və kəndlərə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi də paralel surətdə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesi birbaşa Prezident İlham Əliyevin daimi nəzarətindədir. Başqa sözlə desək, Qarabağ və Şərqi Zəngəzurda həm bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, həm də “Böyük Qayıdış” Proqramı çərçivəsində intensiv məskunlaşdırmanın həyata keçirilməsi bu gün Azərbaycan dövlətinin əsas prioritettlərindən biridir. 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsaitin qoyulması faktı da bu həqiqəti təsdiqləyir. Və qarşıdakı illərdə bu rəqəm getdikcə daha da artacaq. Qarabağ və Şərqi Zəngəzurun müasir standartlara uyğun yaşayış məkanına və sosial-mədəni inkişaf mərkəzinə çevrilməsi üçün dövlətimiz əlindən gələn hər şeyi edəcək.

Azərbaycan dövləti qalib dövlət kimi bu sahədə bütün işləri öz üzərinə götürüb və heç bir xarici maliyyə dəstəyi olmadan vahid plan və proqram əsasında bərpa prosesini həyata keçirir, infrastrukturu yenidən qurur, mərhələli köçü təşkil edir. Əslində, uzun illərin işğalına son qoymuş, dağıdıcı müharibədən çıxmış hər bir dövlət məhz belə də etməlidir. Dünya təcrübəsində də analoji nümunələrə rast gəlirik. Bu baxımdan, bu gün Azərbaycan dövlətinin azad olunmuş ərazilərdə bərpa və köç prosesini məhz özünün həyata keçirmək qərarı tamamilə düzgün qərardır.

Keçmiş məcburi köçkünlərə öz evlərini özlərinin tikməsinə izn verməklə işğaldan azad edilmiş ərazilərdə görüləsi bu qədər genişmiqyaslı işlərin sürətlə həllini tapacağı real deyil. Bütün bu işlər hamısı kompleks şəkildə görülməlidir. Evlərin tikintisini hazırkı mərhələdə məcburi köçkünlərin öz ixtiyarına buraxsaq, Böyük Qayıdış prosesə xaosa çevrilə, bərpa və məskunlaşma işləri nizamsız, pərakəndə hal ala bilər.

İndiki halda Qarabağda və Şərqi Zəngəzurda görülən bərpa və qayıdış prosesinin uğurlu alındığını görürük. Odur ki, hazırda bu prosesə müdaxilə etmək, yeni yanaşmalardan çıxış etmək, zənnimizcə, məqbul deyil. Əlbəttə, bəzi soydaşlarımızın “icazə versinlər, evlərimizi özümüz tikək” səpkisində müraciətlərinə anlayışla yanaşmalıyıq. Lakin ümumən götürdükdə, hər kəsin gedib öz evini tikməsi fikri real vəziyyətlə üst-üstə düşmür. Bu məsələyə növbəti mərhələlərdə qayıtmaq mümkündür. Yəni ki, bərpa və qayıdış prosesi böyük ölçüdə başa çatandan sonra, ayrı-ayrı fərdlərin öz evlərini özlərinin tikməsi məsələsi gələcəkdə nəzərdən keçirilə bilər. İndiki mərhələdə isə səbrli olmalı və imkan verməliyik ki, dövlət bu sahədə başladığı işləri tamamlasın. Mən inanıram ki, nəticələr çox yaxşı olacaq. Qarabağ və Şərqi Zəngəzur cəmi bir neçə ildən sonra hər kəsin görmək və yaşamaq istədiyi ən nümunəvi bir bölgəyə çevriləcək.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »