Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması prioritetə çevriləcək

Ölkəmiz növbəti qlobal miqyaslı tədbirə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, artıq Azərbaycanda Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıqlara start verilib. Bu mötəbər tədbir mayın 17–22-si tarixlərində Bakı şəhərində keçiriləcək. COP29-a uğurlu ev sahibliyimizin ardınca WUF13-ün təşkilatçılığını da öz üzərimizə götürməklə qlobal məsuliyyətimizin əhatə dairəsini daha da genişləndirmiş oluruq. Azərbaycanın belə bir mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi təsadüfi deyil.

Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi WUF13-ə ev sahibliyi etməyimiz üçün də əlverişli zəmin yaradıb. Dövlət başçısının bu qərarı müharibə mərhələsini arxada qoymuş və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-yenidənqurma işlərini uğurla davam etdirən ölkəmizdə dayanıqlı və ekoloji baxımdan məsuliyyətli şəhərlərin inkişafına xidmət edir. Bu baxımdan 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi insan mərkəzli şəhərlərin formalaşdırılması istiqamətində mühüm institusional dəyişikliklərin başlandığını göstərir. Başqa sözlə desək, sözügedən istiqamətdə siyasi və institusional səfərbərlik gücləndirilir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində paytaxtımızda Dünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi isə bu prosesə daha da təkan verəcək. Bu tədbir işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma işlərinin və yeni yaşayış məntəqələrinin salınması təcrübəsinin dünya miqyasında təqdimatına imkan yaratmaqla yanaşı, həm də bütövlükdə ölkəmizin şəhərsalma siyasətinin strateji baxımdan yenilənməsinə imkan yaradacaq.

COP29 kimi Dünya Şəhərsalma Forumu (WUF13) da BMT-nin himayəsi və dəstəyi ilə keçiriləcək. Qlobal miqyasda insanmərkəzli şəhərsalma, dayanıqlı inkişaf və sosial inklüzivlik, “ağıllı şəhər” və ekoloji həllər kimi yeni trendlərin, yanaşmaların əhatə olunduğu belə bir qlobal tədbir həmçinin milli və beynəlxalq tərəfdaşlıqların genişlənməsi üçün də əlavə imkanlar yaradacaq. Bununla yanaşı, Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması prioritetə çevriləcək, ölkəmizdə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi, şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunması genişlənəcək.

44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra erməni vandallarının son 30 ildə viran qoyduğu ərazilərimizdə innovativ yanaşmaların, yeni həllərin tətbiqi ilə aparılan bərpa-quruculuq işləri Azərbaycanın memarlıq və şəhərsalma sahəsində yeni mərhələ sayılır. Eyni zamanda, ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışlara münasibət baxımından da kifayət qədər etibarlı tərəfdaş kimi tanınır. Bütün bunların fonunda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma, təhlükəsiz və inklüziv şəhər mühitinin formalaşdırılması sahəsində fəaliyyət və təşəbbüskarlığının artdığını göstərir. 13-cü Dünya Şəhərsalma Forumu yerli və beynəlxalq təcrübələrin mübadiləsinə geniş imkan yaradacaq. Bakı bu mötəbər foruma ev sahibliyi etməklə urbanizasiya və dayanıqlı inkişaf üzrə beynəlxalq müzakirələrin mərkəzinə çevriləcək.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »