Sülh Şurasının yaradılmasında qurucu üzv kimi fəal iştirakımızla yeni geosiyasi mərhələnin mərkəzində yer alırıq
Azərbaycanın Şərq ilə Qərb arasında önəmli bağlantı, birləşdirici körpü rolunu oynaması faktı həm də dövlət başçımızın müntəzəm olaraq mötəbər beynəlxalq tədbirlərdə iştirakı ilə təsdiqlənir. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransının ardınca Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasına təsisçi üzv kimi qatılması da elə bunun əyani göstəricisidir. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin əsas təminatçısına çevrilməsi ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfə vermək imkanlarını da böyük ölçüdə artırıb.
Azərbaycan artıq regional aktor və qalib dövlət kimi özünü beynəlxalq təhlükəsizliyə töhfə verən və həmçinin qlobal layihələrin icrasında yüksək etibarlılıq nümayiş etdirən tərəfdaş kimi təsdiqləməyi bacarıb. Bu baxımdan, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurasının ilk iclasına dəvət olunması Azərbaycanın həm regionda təşəkkül tapan postmünaqişə sülh kursuna etimadın təsdiqi, həm də dünyada sülh siyasətinə sadiqliyinin göstəricisidir. Eyni zamanda, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamənin Cənubi Qafqazda sülh prosesini irəliyə aparmasına verilən dəstəyin davamıdır.
Beləliklə, indi Azərbaycanın moderatorluğu ilə Cənubi Qafqazda yeni tarixi mərhələ başlayır. Regionun əsas sülh təşviqatçısı olan Azərbaycanın Sülh Şurasında təsisçi, qurucu üzv statusu ilə təmsil olunması Prezident İlham Əliyevin sülh quruculuğundakı rolunun beynəlxalq müstəvidə təsdiqidir. Bu isə o deməkdir ki, Azərbaycan nəinki bölgənin, həmçinin dünyanın gələcək təhlükəsizlik təhlükəsizlik arxitekturasının formalaşdırılması prosesində fəal aktorlardan biri kimi yer alacaq. Müşahidələr göstərir ki, Azərbaycan artıq beynəlxalq sülh proseslərində passiv seyrçi qismində yox, öz müstəqil mövqeyi olan, nəticələrə və qərarlara təsir göstərə bilən və qlobal təhlükəsizlik gündəliyinin formalaşmasında yaxından iştirak edən geosiyasi oyunçulardan biri kimi iştirak edir.
Dövlətimizin başçısının həm Münxen Təhlükəsizlik Konfransında, həm də Vaşinqtonda keçirilən Sülh Şurasında fəal iştirak etməsi sadəcə siyasi-diplomatik aktivlik nümunəsi deyil. Belə mötəbər tədbirlərə qatılan bir çox ölkə başçılarından fərqli olaraq İlham Əliyev real sülhyaratma təcrübəsinə malik liderdir. Bəli, Azərbaycan həm uzunmüddətli münaqişəni real sülhə çevirmək təcrübəsinə, həm də postmünaqişə dövründə ərazilərin bərpası və humanitar məsələlərin həlli sahəsində qazandığı təcrübəni hazırda münaqişələrdən əziyyət çəkən, sülhə can atan ölkələrlə paylaşmaq imkanına malikdir. Bu, olduqca qiymətli təcrübədir və bu baxımdan Azərbaycan bir çox ölkələr üçün nümunə kimi, rol-model kimi əhəmiyyətlidir.
Bu mənada, Sülh Şurası Azərbaycanın yeni keyfiyyətdə təqdimatı üçün uğurlu platformadır. Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Rəsmi Bakının çoxvektorlu xarici siyasəti qlobal sülh və təhlükəsizlik təşəbbüslərində fəal iştirakımız üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin Münxendə Azərbaycan telekanallarına müsahibəsində vurğuladığı kimi bu gün Azərbaycan həm Şərqdə də, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Və biz Sülh Şurasının yaradılmasında qurucu üzv kimi fəal iştirakımızla yeni geosiyasi mərhələnin mərkəzində yer alırıq.
Ötən gün bir neçə radikal fərdlərin aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin Vaşinqtonda qaldığı hotelə daxil olmağa cəhd göstərmələri isə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Bədnam Amerika Erməni Milli Komitəsinin (ANCA) və qatı ermənipərəst konqresmen Frank Pallonenin həmin radikalların aksiyasına dərhal dəstək reaksiyası verməsi də bu fikrimizi təsdiqləyir. Ancaq çox təəssüf ki, dar düşüncəyə malik radikallar anti-Azərbaycan güclərin əlində alətə çevrildiklərini dərk etmirlər. Görünür, bununçün də zamana ehtiyac var.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.