Bəzi təhlilçilər FETÖ ilə Ramiz Mehdiyevin şəbəkəsini müqayisə edərkən ikincinin FETÖ qədər təhlükəli olmadığını hesab edirlər. Zənnimizcə, bu, doğru-düzgün yanaşma deyil. Çünki FETÖ ilə Mehdiyev şəbəkəsinin elə də böyük fərqi yoxdur. İkisi də dövlətçilik üçün eyni dərəcədə təhlükəlidir. Başqa sözlə desək, FETÖ qardaş Türkiyə Cümhuriyyəti üçün nə qədər ciddi təhdid mənbəyi idisə, Mehdiyev şəbəkəsi də Azərbaycan dövlətçiliyi üçün bir o qədər təhlükəlidir. Odur ki, Ramiz Mehdiyev və onun əlaltılarının xəyanətkar əməllərinin miqyasını qətiyyən kiçiltməməliyik.
Ramiz Mehdiyev Azərbaycan “FETÖ”-sunun qurucusu, memarıdır. Onun rəhbərliyi altında formalaşmış Azərbaycan “FETÖ”-su dövlət içində dövlət qurmağı qarşısına məqsəd qoyaraq, hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə yol verib və bu istiqamətdə mütəşəkkil dəstə kimi, şəbəkə kimi fəaliyyət göstərib. Ramiz Mehdiyev özünü Azərbaycanın ”Fətullah Gülən”i kimi aparırdı, eynilə onun kimi paralael dövlət qurmağa çalışırdı. Onun adamları faktiki olaraq bütün sahələrə (parlament, nazirliklər, icra hakimiyyətləri, siyasi partiyalar, QHT-lər, media və s.) sızmışdılar. Ramiz Mehdiyevin “Milli” Şura və AXCP liderlərinin vasitəsilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi istiqamətində atdığı addımlar da bunu təsdiqləyir.
“Müxalifət” adı altında fəaliyyət göstərən radikal siyasi qüvvələrin Mehdiyev şəbəkəsində yer alması Ramiz Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında tərtib etdiyi və Əli Kərimliyə göndərdiyi dövlət hakimiyyəti əleyhinə gizli fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı planın tərkib hissəsi olub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu yaxınlarda yaydığı məlumatla bütün bu kirli planların üstü tam açıldı. Sözügedən məlumatda yer alan faktlar onu göstərir ki, Azərbaycanda da eynilə Türkiyədəki kimi hakimiyyəti zorla ələ keçirmək üçün planlar cızılırmış. Lakin bu planlar vaxtında deşifrə olundu. Ramiz Mehdiyevin nə 2013-cü ildə, nədəki sonrakı dövrdə ölkədə hakimiyyət çevrilişi həyata keçirmək və Azərbaycanı Kremlin “vassal”ına çevirmək planları baş tutmadı. Onun “xaç ata”lığı ilə formalaşdırılmış şəbəkənin ifşa edilib zərərsizləşdirilməsi istiqamətində işlər isə davam etdirilir.
Ramiz Mehdiyev və onun xəyanət şəbəkəsinin əməlləri cəzasız qalmayacaq. Artıq heç kimə sirr deyil ki, bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə yol verib, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib. Ancaq keçmiş “boz kardinal”ın Azərbaycanda öz “FETÖ”-sunu yaratmaq və hakimiyyətə yiyələnmək cəhdləri sonda iflasa uğradı və bu da labüd idi. Ramiz Mehdiyevin aqibəti bütün xəyanətkarlara dərs olmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.