Azərbaycan bir daha göstərir ki, o, geosiyasi və geoiqtisadi proseslərin obyekti yox, subyektidir

Qlobal təhlükəsizlik və diplomatiya üzrə əsas dialoq platformalarından biri olan və bu il də gərgin diplomatik müzakirələrlə (xüsusən də ABŞ-Avropa ixtilafları ilə) yadda qalan Münhen Təhlükəsizlik Konfransı Prezident İlham Əliyevin çoxsaylı görüşləri və panel-müzakirələrdə fəal iştirakı nəticəsində ölkəmiz üçün kifayət qədər uğurlu keçdi. Davos Forumunun ardınca Münhen platforması da ölkəmizin işgüzar təqdimatı baxımından olduqca önəmlidir. Bu platformalar Azərbaycanın Cənubi Qafqazdakı lider rolunu bütün dünyaya nümayiş etdirmək və eyni zamanda, qlobal maraqlarımızı açıqlamaq, hədəflərimizi birbaşa izah etmək üçün geniş imkanlar yaradır.

Münxen platforması çərçivəsində keçirilən panel-müzakirələr zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə regional gündəliyimizdə yer alan məsələləri deyil, həm də qlobal təhlükəsizliyə, sürətlə dəyişən geosiyasi reallıqlara və bu reallıqların təsiri nəticəsində təşəkkül tapan yeni əməkdaşlıq formatlarına, nəqliyyat-enerji dəhlizlərinə dair yanaşmaları əhatə edirdi. Belə ki, dövlətimizin başçısı Cənubi Qafqazda yaranmış yeni reallıqların dəyişməz xarakter daşıdığını, postmünaqişə dövründə Ermənistan ilə normallaşma prosesinin, sərhəd sabitliyi və kommunikasiya xətlərinin açılması istiqamətində təşəbbüslərimizin davamlı hal aldığını diqqətə çatdırdı və həmçinin, bu gün Cənubi Qafqazda regional təhlükəsizlik modelinin kənardan deyil, bilavasitə region ölkələrinin məsuliyyətli davranışı ilə formalaşmalı olduğunu xüsusi olaraq vurğuladı.

Cənab Prezident enerji təhlükəsizliyi məsələsinə də geniş yer ayırdı və hazırda Avropanın dəyişən enerji xəritəsində Azərbaycanın etibarlı tərəfdaş missiyasını uğurla həyata keçirdiyini bir daha xatırlatdı. Bu kontekstdə enerji layihələrinin, nəqliyyat dəhlizlərinin bu gün yalnız iqtisadi deyil, həmçinin siyasi sabitlik amili kimi mühüm əhəmiyyət daşıdığı vurğulandı. Prezident İlham Əliyev bu amilin gözardı edilməməsinin, onun lazımi səviyyədə qiymətləndirilməsinin vacibliyini qeyd etdi. Eləcə də, dövlətimizin başçısı hazırkı geosiyasi təlatümlər fonunda enerji marşrutlarının şaxələndirilməsinin qlobal risklərin azaldılmasına, enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini ayrıca olaraq vurğuladı. Beləliklə, bəzi ölkələrdən fərqli olaraq Azərbaycanın enerji nəqlinə siyasi təzyiq vasitəsi kimi deyil, sırf iqtisadi əməkdaşlıq imkanı kimi yanaşdığı bir daha diqqətə çatdırıldı. Bu amil Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu və nüfuzunu daha artırır. Cənab Prezidentin Münxendə Azərbaycan telekanallarına müsahibəsində səsləndirdiyi kimi bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir.

Prezdentin Münxen ritorikası Azərbaycanın Cənubi Qafqazın sülh və təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün gərəkən bütün addımları atdığını və həmçinin Ermənistanla yekun sülh sazişini hər an imzalamağa hazır olduğumuzu diqqətə çatdırmaq baxımından da olduqca əhəmiyyətlidir. Bu kontekstdə Prezident İlham Əliyev yekun sülh müqaviləsi ilə bağlı müzakirələrə və fikir ayrılıqlarına da aydınlıq gətirdi və bu məsələyə birdəfəlik nöqtə qoydu. Dövlətimizin başçısı Münhen platformasından açıq şəkildə bəyan etdi ki, Ermənistan tərəfi ölkə konustitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmadan iki ölkə arasında yekun sülh müqaviləsi bağlana bilməz. Cənab Prezidentimiz eyni zamanda, Münhendə Azərbaycan jurnalistlərinə müsahibə zamanı onu da bildirdi ki, Ermənistan konustitusiyasında dəyişiklik edilməsinin ertəsi günü dərhal yekun sülh sazişinə imza atmağa hazırıq. Bu, rəsmi Bakının birmənalı mövqeyi, ədalətli tələbidir və bu mövqeyimiz Ermənistan tərəfinə çatdırılıb.

Prezident İlham Əliyevin Münxen platforması çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsi də Azərbaycanın postsovet məkanında cərəyan edən proseslərə ədalətli mövqeyini nümayiş etdirir və böyük güclərin rəqabəti fonunda məhz haqqın, haqlının yanında dayandığını göstərir. Dövlətimizin başçısı həmçinin mediaya açıqlamasında Kiyevdəki səfirliyimizə və eləcə də enerji mərkəzlərimizə qarşı Rusiyanın zərbələri barədə də danışdı. Belə ki, Prezident İlham Əliyev Rusiyanın Kiyevdəki səfirliyimizə qarşı bilərəkdən hücum etdiyini açıq şəkildə vurğuladı. Burada heç bir təsadüfdən söhbət belə gedə bilməz. Bu da onu göstərir ki, Rusiya tərəfi Azərbaycanla münasibətləri yaxşılaşdırmaq əvəzinə, AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra iki ölkə arasında yaranmış və Yekaterinburq hadisələrindən sonra daha da kəskinləşmiş böhranı davam etdirməyə meyllidir. Bu baxımdan Azərbaycan Prezidentinin Kiyevdəki səfirliyimizə qarşı hücumla bağlı səsləndirdiyi fikirlər rəsmi Moskvanın hazırkı qeyri-konstruktiv mövqeyinə adekvat cavab kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev həmçinin “France-24” kanalına müsahibə zamanı aparıcının qərəzli və təhrikçi suallarına kifayət qədər məntiqli, tutarlı cavablar verdi və eləcə də son illərdə Fransa-Azərbaycan münasibətlərində yaranmış gərginliyin günahının Fransa rəhbərliyinin üzərinə düşdüyünü təcrübəli siyasətçi-diplomat kimi faktlarla əsaslandırdı. Nəticədə, fransız jurnalistin müsahibəsi Makron Fransasının və ermənipərəst fransız siyasi elitasının ifşa olunmasıyla sonuclandı. Dövlətimizin başçısı, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirə zamanı erməni nümayəndənin obyektivlikdən uzaq, təxribatçı sualını da mükəmməl şəkildə cavablandırdı. Beləliklə, növbəti dəfə erməni-fransız təxribatının qarşısı alındı, bədxahlarımız susduruldu.

Münhendəki görüşlər və müzakirələrdən sonra Azərbaycan Prezidentinin Belqrada səfər etməsi və burada Azərbaycan ilə Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında iştirak etməsi iki ölkə arasında münasibətlərin ənənəvi dostluq səviyyəsindən strateji tərəfdaşlıq mərhələsinə keçdiyini göstərir. Bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunması, eneri-nəqliyyat dəhlizlərinin genişləndirilməsi, Xəzər regionunun enerji ehtiyatlarının Avropaya çatdırılması istiamətində Azərbaycan-Serbiya xəttinin önə çıxması, Bakı-Balkan tərəfdaşlığının vacib amilə çevrilməsi deməkdir. Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə mətbuata bəyanatında qeyd etdiyi kimi Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur.

Prezidentin həm Münhendəki çıxışları, həm də Serbiyaya səfərinin nəticələri onu deməyə əsas verir ki, bu gün Azərbaycan iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri ilə bağlı Avropa paytaxtları ilə koordinasiyanı gücləndirməklə yanaşı, həm də özünü regionda sülh və sabitlik təmin edən, dünyaya tranzit qovşağı kimi açılan, qlobal əməkdaşlıq üçün açıq olan ölkə kimi təqdim edir. Beləliklə, Azərbaycan bir daha göstərir ki, o, geosiyasi və geoiqtisadi proseslərin obyekti yox, subyektidir. Prezidentin sülh və əməkdaşlıq siyasəti Azərbaycanın regional sabitlik və qlobal təhlükəsizliyə töhfələrini artırır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »