Fevralın 13-15-nə kimi 62-ci dəfə keçirilən və dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu Münhen Təhlükəsizlik Konfransında 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edir. Dünya mediasının diqqət mərkəzində olan builki konfransda 115 ölkədən təxminən 1000 jurnalist qeydiyyatdan keçib.
Bu mötəbər konfransda iştirak edən Prezident İlham Əliyev tədbir ərəfəsində bir sira rəsmi görüşlər keçirib, Azərbaycan telekanallarına və “France 24” telekanalına müsahibə verib.
Ölkə başçısı bu tədbirdə ilk dəfə olaraq artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak etdiyini bildirib. Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, onun artan imkanları, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt və digər məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır.
Bütün əvvəlki müsahibə və çıxışlarında olduğu kimi ölkə başçısı Münhendəki müsahibəsində də Azərbaycan və Ermənistan arasındakı münasibətlərə, o cümlədən indi hamını maraqlandıran iki dövlət arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə də aydınlıq gətirib. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.
Prezident İlham Əliyev Münhendəki müsahibəsində fevralın 11-də Bakıda keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışında olduğu kimi ölkəmizin bir çox sahələrdə üstünlüklərini xüsusi vurğulayıb. Bildirilib ki, ölkəmizin yerləşdiyi coğrafiya, Qərb və Şərqdəki qonşularla sıx əlaqələri, elektrik enerjisinin artıqlığı, kadrlar hazırlığı və bir çox sahələrdə əldə edilən müvəffəqiyyətlər ona böyük üstünlüklər əldə edilməsinə imkan verir. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb”.
Müsahibəsi zamanı ölkə başçısı Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü qeyd edib. Aydın gürünür ki, hazırda BMT hər hansı bir məsələyə təsir göstərə bilməyəcək və bu gün onun alternativi də yoxdur.
“Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.
![]()
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Comments are closed.