Azərbaycanın rəqəmsal transformasiya kursu ölkəmizin həm regionun aparıcı ölkəsi mövqeyinin qorunub saxlanmasına əlavə impuls verəcək

Bugünlərdə dövlət başçısının iştirakı ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi ölkəmizin rəqəmsal gələcəyinin strateji istiqamətlərinin müəyyən edilməsi və “yol xəritəsi”nin cızılması baxımından olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev sözügedən müşavirədə çıxış edərək rəqəmsal inkişafın ölkənin gələcək tərəqqisi üçün əsas prioritetlərdən biri olduğunu vurğuladı və müxtəlif sahələrdə Süni İntellektin tətbiqinin günün zərurətinə çevrildiyini diqqətə çatdırdı.

Qeyd etməliyik ki, Azərbaycan artıq bu istiqamətdə müəyyən təcrübi baza formalaşdırsa da, ancaq rəqəmsallaşma bu qədər açıq və net şəkildə milli-strateji prioritetlərimiz sırasına daxil edilməmişdi. Cənab Prezidentin müşavirədəki məlum çıxışından sonra bu məsələ stratej hədəflərimizin siyahısında lap ön sıralara keçdi. Bu da o deməkdir ki, artıq bu sahə sistemli inkişafımızın aparıcı xəttinə çevriləcək. Bu baxımdan, dövlətimizin başçısının müşavirədə vurğuladığı məqamlar rəqəmsallaşma kursunun texnoloji modernləşmə ilə yanaşı, idarəetmə, iqtisadi inkişaf, təhsil, səhiyyə, aqrar sənaye, kibertəhlükəsizlik, insan kapitalı, müdafiə sənayesi, neft-qaz sektoru, nəqliyyat-rabitə kimi bütün təməl sahələri əhatə edəcəyini göstərir. Bu, yeni yanaşmadır və özündə həm rəqəmsal-texnoloji keçidi, həm də bütövlükdə Azərbaycan dövlətinin yeni idarəetmə xəttinə – rəqəmsal idarəçilik fəlsəfəsinə keçid hədəfini ehtiva edir.

Prezident çıxışında qeyd etdi ki, bu gün Süni İntellektin tətbiqi, eləcə də data mərkəzlərinin yaradılması və rəqəmsallaşma istiqamətində aparılan islahatlar bütün ölkələrin gələcək inkişafını müəyyən edən əsas faktorlar hesab olunur. Bu proses böyük bir rəqabət halına gəlib. İndi hamı rəqəmsallaşma, Süni İnttelekt relsinə keçməyə çalışır. Azərbaycan da bu sahədə kifayət qədər fəal oyunçulardan biridir. Həmçinin Prezident İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens arasında fevralın 10-da Bakıda imzalanan Strateji Tərəfdaşlıq Xartiyasında da iki ölkənin Süni İntellekt (AI) sahəsində əməkdaşlığının dərinləşdirilməsi nəzərdə tutulub. Belə ki, həmin sənəddə AI texnologiyaları, rəqəmsal infrastruktur və innovasiya təşəbbüsləri prioritet sahələr kimi göstərilib. Buna müvafiq olaraq Azərbaycan və ABŞ həmçinin texniki yardım, ən yaxşı təcrübələrin paylaşılması və Süni İntellekt sahəsində mütəxəssis hazırlığı üzrə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bu təşəbbüslər çərçivəsində dövlət və özəl sektor arasında birgə layihələr həyata keçiriləcək.

Beləliklə, Azərbaycan yaxın gələcəkdə Cənubi Qafqaz regionunda Süni İntellekt mərkəzinə çevrilə bilər. Hazırda ərzaq təhlükəsizliyi və resursların dayanıqlı idarəsi üçün dəqiq xəritələşdirmə, sahə ölçmələri, əkin sahələrinin peyk monitorinqi, eləcə də kənd təsərrüfatı sahələrinin qiymətləndirilməsi, texnoparkların yaradılması, elektron hökumət sistemlərinin tətbiqi sahələrində Süni İntellekt texnologiyalarından istifadə edilməsi istiqamətində mühüm addımlar atılır. Cənab Prezident tapşırdı ki, bundan sonra hər bir müəssisədə Süni İntellektin tətbiqi üzrə mütəxəssis olmalı, hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslər müəyyənləşdirilməlidir. Bu baxımdan müvafiq sahədə kadr hazırlığı məsələsi də dövlət başçısının çıxışında əsas istiqamətlərdən biri kimi qeyd olunub. Çünki yaxın gələcəkdə bu sahədə peşəkar kadrlara böyük ehtiyac yaranacaq. Ona görə də bundan sonra ali məktəblərdə və orta təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafına daha çox diqqət yetirilməli, xaricdə təhsil proqramları çərçivəsində bu ixtisaslar üzrə mütəxəssislər hazırlanmalıdır.

Paralel olaraq Süni İntellektin dövlət idarəçiliyində tətbiqi, qərarların qəbulunda rəqəmsal-texnoloji dəstəyin artırılması və özəl sektora müvafiq təşviq mexanizmlərinin yaradılması da mühüm vəzifələr kimi müəyyən edilib. Eyni zamanda, Prezident İlham Əliyev dövlət xidmətlərinin vahid “mygov” platforması üzərindən həyata keçirilməsinin vacibliyini də xüsusi olaraq vurğuladı. Bu nə üçün vacibdir? Belə ki, müxtəlif qurumlar tərəfindən yaradılmış platformalar tədricən vahid mərkəzdə birləşdirililəcək və vətəndaşlara bütün xidmətlər bir ünvandan təqdim olunacaq. Bu isə öz növbəsində həm şəffaflığı artıracaq, həm də vətəndaş məmnuniyyətini təmin edəcək. Belə bir vahid platformanın yaradılması dövlət-vətəndaş münasibətlərinin yeni modelidir.

Prezident İlham Əliyevin Azərbaycanın rəqəmsal gələcəyinin strateji istiqamətlərini müəyyən edən çıxışında bir məqam da ayrıca olaraq vurğulandı. Qeyd olundu ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, ölkəmizin Asiya ilə Avropa arasında yerləşməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində olması, eləcə də formalaşmış geniş infrastruktur imkanlarının mövcudluğu həmçinin rəqəmsal bağlantılar üçün də böyük potensial yaradır. Bu baxımdan mövcud nəqliyyat və enerji dəhlizlərinin gələcəkdə fiber-optik dəhlizlərə çevrilməsi qaçılmazdır. Ümumən götürdükdə, Azərbaycanın rəqəmsal transformasiya kursu ölkəmizin həm regionun aparıcı ölkəsi mövqeyinin qorunub saxlanmasına əlavə impuls verəcək, həm də qlobal əməkdaşlıq baxımından cazibəli ölkə mövqeyimizi daha da gücləndirəcək.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »