Onların xəyanətkar mövqeyi cəzasız qala bilməz

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə yaydığı son məlumat bu şəxslərin hakimiyyətin zorla ələ keçirilməsi, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi məqsədilə çete şəklində birləşərək mütəşəkkil şəkildə fəaliyyət göstərdiklərini və onların şimal qonşumuzdan verilən təlimatlar, direktivlər əsasında hərəkət etdiklərini bir daha təsdiqləyir. Belə ki, məhz Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilən və mətbuatda “Milyarderlər İttifaqı” kimi təqdim edilən təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri – Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri bir araya gələrək Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və dövlətin mövcud konstitusiya quruluşunun dəyişdirilməsi barədə sövdələşiblər.

Həmçinin bədnam “Milyarderlər İttifaqı”nın birbaşa maliyyə dəstəyi ilə 2013-cü ildə radikal müxalifət qüvvələrinin Bakıda bir araya gələrək “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratmaları heç kimə sirr deyil. DTX-nın yaydığı son məlumat da bu faktı rəsmi olaraq təsdiqləyir. Onlar həmin vaxt Azərbaycanda keçiriləcək prezident seçkilərində Rusiya vətəndaşı olan və Kremlə yaxınlığı ilə tanınan Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürmüşdülər. Bu addım absurd olmağı ilə yanaşı, həm də “Milli” Şuranın dövlətə, millətə qarşı açıq-aşkar xəyanətkar mövqe tutduğunu göstərirdi. Hədəf isə yad ölkənin dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi idi. Bunun üçün onlara “yol xəritəsi” də verilmişdi.

Həmin “xəritə”yə Azərbaycanda kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərilməsi və s. daxil idi. Bütün bunlar üçün yetərincə maliyyə qaynaqları da ayrılmışdı. DTX-nın yaydığı sözügedən məlumatdan da bir daha aydın olur ki, dırnaqarası “Milli” Şura həm “Milyarderlər İttifaqı”ın maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə, həm də birbaşa Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitlər əsasında fəaliyyət göstərərək yuxarıda qeyd olunan əməllərin törədilməsinə səy göstərib.

Onu da qeyd edək ki, istər Ramiz Mehdiyev, istərsə də “Milli” Şura bu prosesdə sırf icraçı marionet rolunda, kirli siyasi oyunlar üçün alət kimi çıxış edib və “Milyarderlər İttifaqı”nın sifarişlərini, təlimatlarını yerinə yetiriblər. “Milyarderlər İttifaqı” həm əsas maliyyə mənbəyi, həm də “beyin mərkəzi” kimi, “xüsusi seçki qərargahı” kimi fəaliyyət göstərərək Moskvadan Bakıdakı məlum satellitlərə vaxtaşırı təlimatlar, göstərişlər verib. DTX-nın yaydığı məlumatdan da görürük ki, həmin vaxt “Milyarderlər İttifaqı” öz üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verib. Bütün bunlar sözsüz ki, bilavasitə “Milli” Şuraya dəstək xarakteri daşıyıb.

Əvəzində isə, “Milli” Şura Rusiyanın maraqlarına uyğun addımlar atmağa həvəslə razılıq verib. Belə ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq və Ramiz Mehdiyevin də “xeyir-dua”sıyla “Milli” Şuranın 2013-cü ildə Rusiya rəhbərliyinə ünvanladığı gizli məktubda onların siyasi fəaliyyətinin və seçki prosesinin dəstəklənməsi xahiş edilib. Eyni zamanda, həmin məktubda Rusiyada aparılan “islahatlar”ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib. Bu müraciət və təkliflər açıq-aşkar antimilli mövqeyin göstəricisidir.

Çox təəssüf ki, həmin dövrdə “Milli” Şuranın rəhbərliyində təmsil olunan şəxslərin bir çoxu öz firqə maraqlarından ötrü Azərbaycanın milli-strateji maraqlarını qurban verməyə hazır olduqlarını nümayiş etdirib və şimal qonşumuzun planlarının icraçısına çevrilməyə xüsusi canfəşanlıqla razılıq veriblər. Onlardan biri də Qənimət Zayıdovdur. Belə ki, DTX-nın yaydığı məlumatda bildirilir ki, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət edib, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib. Bütün bunlar azmış kimi, üstəgəl, tərəflər hətta Əli Kərimlinin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv olacağı barədə də razılığa gəlibmişlər.

Əli kərimlilərin, cəmil həsənlilərin, qənimət zayıdovların və digər antimilli siyasətciklərin dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi planlarının icrasına heç şübhəsiz ki, bilavasitə Ramiz Mehdiyev rəhbərlik edib. Ramiz Mehdiyev antimilli qüvvələrin “xaç ata”sı olub. Ramiz Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında hazırladığı yazılı materialı öncə Əli Kərimliyə göndərməsi də onların əlbirliyini, işbirliyini təsdiqləyir. Əli Kərimli, Abbas Abbasov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və digərləri Ramiz Mehdiyevin marionetləri rolunda çıxış ediblər. Bu kontekstdə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdə ittiham olunan Abbas Abbasov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, İbrahim Məmməd və Eldar Əmirovun Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməsi tamamilə təbiidir. Onların xəyanətkar mövqeyi cəzasız qala bilməz. Fərdi siyasi maraqları milli mənafelərimizdən üstün tutaraq yad qüvvələrə xidmət edənlər cəzasız qalmayacaqlar.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »