ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfəri və genişmiqyaslı birgə layihələrin həyata keçirilməsi planları ilə bağlı açıqlamalarını şərh edən Putinin mətbuat katibi Dmitri Peskov, Rusiyanın Azərbaycan və Ermənistanla bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etdiyini və Moskvanın bu əməkdaşlığı daha da gücləndirmək, inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Məyusluğunu və qısqanclığını heç cürə gizlədə bilməyən Peskov həmçinin onu da vurğulayıb ki, Azərbaycan və Ermənistan suveren dövlətlərdir və onlar xarici siyasətlərini müstəqil şəkildə müəyyən etmək, müxtəlif dövlətlərlə əlaqələr qurmaq hüququna malikdirlər.
Peskov bir həqiqəti anlaya bilmir ki, Putin Rusiyası Azərbaycan və Ermənistan ilə körpüləri demək olar ki, artıq tamamilə yandırıb. Bu baxımdan Moskvanın Bakı və İrəvanla əməkdaşlığı daha da gücləndirmək imkanları çox böyük bir sual altındadır. Rusiya özünün yarıtmaz və destruktiv siyasətinin nəticəsində hal-hazırda Cənubi Qafqazdakı proseslərdə “offsayd” vəziyyətinə düşüb.
Vensin İrəvana və Bakıya səfəri Rusiyanın Cənubi Qafqazdakı liderlik mövqeyini tamamilə sıfırladı. Peskovların, zaxarovaların açıqlamaları isə onu göstərir ki, Moskva yeni reallıqlarla heç cürə barışa bilmir. Lakin Bakı və İrəvan Moskvanın “timsah” göz yaşlarına inanmağa borclu deyil.
Yeni geosiyasi reallıqlar Azərbaycan və Ermənistanın sülh yolunu davam etdirməsi üçün olduqca əlverişli imkanlar açır. Rusiya isə sülhə mane olmaq imkanlarını artıq tamamilə itirib. Sülh prosesi geridönməz mərhələyə daxil olub.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.