ABŞ-ın hazırkı administrasiyası regionda əsas əməkdaşlıq tərəfi kimi məhz Azərbaycanı seçib

Cənubi Qafqazda yeni dönəm başlayır. Aparıcı ölkəsi olduğumuz bu bölgənin geosiyasi reallıqları artıq kökündən dəyişir və ABŞ-la sıx müttəfiqlik, strateji tərəfdaşlıq faktoru önə çıxır. Məhz buna görə də dünyanın bir nömrəli supergücü sayılan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfəri regionda böyük maraqları olan digər güclər tərəfindən xüsusi diqqətlə izlənilir. Çünki qlobal siyasətin əsas aktoru olan ABŞ-ın ikinci şəxsinin İrəvan və Bakıya səfəri sadəcə 8 avqust razılaşmalarının icrası prosesi ilə tanış olmaq və “TRIPP Marşrutu”nun gerçəkləşdirilməsini sürətləndirmək baxımından deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcək taleyini yenidən şəkilləndirmək baxımından böyük önəm daşıyır.

Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması Azərbaycan-ABŞ münasibətlərində tarixi dönüş nöqtəsidir. Belə bir mühüm strateji sənədin imzalanması onu göstərir ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır. Birləşmiş Ştatlarla Azərbaycan arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri Cənubi Qafqazda sülhün bərqərar olması üçün olduqca vacibdir.

ABŞ-la Azərbaycan uzun müddətdir ki, çoxşaxəli müstəvidə sıx əməkdaşlıq edirdilər. Lakin bu münasibətlər heç də həmişə normal və maneəsiz olmayıb. Xüsusən də qlobalist dairələrin maraqlarına xidmət edən Bayden-Blinken administrasiyası Azərbaycana qarşı açıq şəkildə ədalətsiz münasibəti ilə yadda qalıb. Lakin Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra ABŞ-Azərbaycan münasibətləri müsbətə doğru kökündən dəyişib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında məhz bu məqama toxunaraq Azərbaycanla ABŞ arasında yeni səhifələrin açıldığını vurğuladı və Prezident Donald Tramp ilə Prezident İlham Əliyevin sayəsində əlaqələrimizin çox inkişaf edəcəyini bildirdi.

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Bakı ilə Vaşinqton arasında dialoqda həlledici strateji addım sayılır. Prezident İlham Əliyev Cey Di Vens ilə mətbuata birgə bəyanatında bu addımın mahiyyətinə toxunaraq bildirdi ki, bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatları ilə qururuq. Sözügedən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması heç şübhəsiz ki, Azərbaycanın regional və qlobal rolunun güclənməsinə ciddi təkan verəcək. Bu sənəddə yer alan müddəaların gerçəkləşməsi Azərbaycanın bütün Avrasiyanın enerji və logistika sistemində həlledici söz sahibi statusunu daha da möhkəmləndirəcək.

Vensin Bakıya səfərinin gündəliyi və eləcə də Strateji Xartiyanın imzalanması Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini bir daha təsdiqləyir və ölkəmizin qlobal nəqliyyat, enerji və informasiya dəhlizləri ilə bağlı gələcək baxışını ortaya qoyur. Beləliklə, Azərbaycan regionun açar ölkəsi kimi ABŞ-ın qlobal tərəfdaşı səviyyəsinə yüksəlir. ABŞ rəhbərliyi Azərbaycanın Orta Dəhlizin və bu dəhlizin ən önəmli tərkib hissəsi olan “TRIPP marşrutu”nun aparıcı subyekti olduğunu və ümumən, regional dəhlizlərdə mərkəzi mövqeyə sahib olduğunu qəbul edir. ABŞ-la Azərbaycan arasında imzalanan Strateji Xartiya Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırır və eyni zamanda, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu ön plana çıxarır. Bu isə öz növbəsində Azərbaycanın yeni beynəlxalq münasibətlər düzənində əsas aktorlardan birinə çevrilməsinə yol açır.

Strateji Xartiya həmçinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyur. Azərbaycan–ABŞ münasibətləri çoxşaxəlidir və bizim əlaqələrimiz sülh, təhlükəsizlik, texnologiya, iqtisadi əməkdaşlıq və humanitar sahələrdə bir-birini tamamlayır. Bundan sonra təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq daha da genişlənəcək. Azərbaycan regional və qlobal təhlükəsizliyin əsas təminatçılarından birinə çevriləcək və yeni beynəlxalq koalisiyalarda (xüsusən də Sülh Şurasında) fəal rol oynayacaq. Bu sənəd həm ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə, həm də regionda və dünyada sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Bakı ilə Vaşinqtonun çoxvektorlu əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin təsdiqi kimi iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası qarşılıqlı-faydalı əməkdaşlıq sahələrinin əhatə dairəsini daha da genişləndirir. Prezident İlham Əliyev də Cey Di Vens ilə mətbuata birgə bəyanatında məhz bu amili nəzərdə tutaraq bildirdi ki, biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq, eləcə də süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir, bu sahədə Amerikanın aparıcı şirkətləri ilə işbirliyi qurulub və artıq ilkin nəticələr də var. Eyni zamanda, kibertəhlükəsizlik, quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantıları, ticarət və tranzitin asanlaşdırılması və digər sahələrdə əməkdaşlıq niyyəti də Xartiyada qeyd olunub.

Sənəddə regional bağlantı və təhlükəsizlik məsələləri ilə yanaşı, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər də yer alıb. Əməkdaşlıq sahələrinin əhatə dairəsinin bu qədər genişliyi onu göstərir ki, ABŞ-ın hazırkı administrasiyası regionda əsas əməkdaşlıq tərəfi kimi məhz Azərbaycanı seçib. Bu, ədalətli seçimdir və Azərbaycan diplomatiyasının qələbəsidir. Rəsmi Bakı dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığa tam hazırdır. Təsadüfi deyil ki, ötən ilin avqustunda Vaşinqtonda dövlət başçılarının iradəsi sayəsində münasibətlərin daha dinamik inkişafına münbit zəmin yaranıb. Bunu Prezident İlham Əliyev də ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə birgə mətbuata bəyanatında vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradıb.

Eyni zamanda, Prezident Donald Trampın vasitəçiliyi ilə regionda sülh prosesinə verilən dəstək Azərbaycanla Ermənistan arasında sülhü daha da yaxınlaşdırıb. Strateji Xartiyanı imzalamaqla Bakı və Vaşinqton davamlı sülhün təmininə töhfə vermək öhdəliklərini bir daha təsdiqləmiş oldular. Beləliklə, Ağ Evin hazırkı rəhbərliyi regionda sülhün və sabitliyin təmin olunmasında Azərbaycanın həlledici rolunu birmənalı olaraq qəbul edir. Məhz buna görə də Cey Di Vens 8 avqustda Vaşinqtonda sülh sazişinin paraflanmasına görə Prezident Əliyevə xüsusi təşəkkür etdi. Vensin təşəkkürü İlham Əliyevin sülh diplomatiyasının uğurluluğunun təsdiqidir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »