Tramp administrasiyası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı surətdə dəstəkləyir

ABŞ vitse-prezidenti Cey Di Vens bu axşam İrəvana gəlir, sabah isə Bakıda olacaq. Hər kəsə bəllidir ki, bu səfər ABŞ-ın hazırkı rəhbərliyinin Azərbaycan və Ermənistanın sülh təşəbbüslərini dəstəkləmək və 8 avqust razılaşmaları çərçivəsində sülh sazişi, kommunikasiyaların açılması və “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsini təşviq etmək məqsədilə həyata keçirilir. Ancaq çox təəssüf ki, xaricdəki erməni lobbi təşkilatları (xüsusən də Amerika Erməni Milli Konqresi – ANKA) və Ermənistanın daxilindəki radikal, revanşist qüvvələr Cey Di Vensin Cənubi Qafqaza səfəri fonunda fürsətdən istifadə edib Bakıda həbsdə saxlanılan erməni separatçılarının dərhal azad edilməsi tələbini irəli sürürlər. Onlar Ruben Vardanyan, Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan kimi müharibə canilərini “xristian erməni xalqının əzabkeş qəhrəmanları” kimi təqdim etməklə ABŞ-ın hazırkı rəhbərlərinin xristian təəssübkeşliyini coşdurmağa, “xristian həmrəyliyi” şüarını ortaya atmaqla Ağ Ev administrasiyasını manipulyasiya etməyə çalışırlar.

Belə ki, Qarabağdakı keçmiş separatçı xuntanın hazırda Ermənistanda məskunlaşan nümayəndələri, katolikos Qareginə bağlı olan radikal-millətçi ruhanilər və rusiyayönümlü erməni müxalifətçiləri ABŞ-ın vitse-prezidenti J.D. Vensin İrəvan və Bakıya səfəri ərəfəsində Azərbaycandakı erməni əsilli şəxslərin azad edilməsinə kömək üçün müraciət ediblər. Eyni zamanda, bu gün saat 17:00-da İrəvandakı Respublika Meydanında Bakıda saxlanılan erməni məhkumların dərhal azad edilməsi tələbi ilə mitinq keçiriləcək. Göründüyü kimi sözügedən müraciət və bir neçə saatdan sonra keçiriləcək mitinq məhz ABŞ vitse-prezidentinin İrəvana səfəri ilə üst-üstə düşür. Erməni lobbisinin və revanşistlərin bu addımları ABŞ rəhbərliyinin və beynəlxalq ictimaiyyətin diqqətini “humanitar məsələ” kimi təqdim etdikləri separatçıların azad edilməsi tələbinə cəlb etmək məqsədi daşıyır. Onlar bu yolla ABŞ vitse-prezidentinə və bütün dünyaya guya “erməni xalqının öz qəhrəmanları üçün azadlıq tələb etdiyini” göstərmək istəyirlər.

Lakin əsl həqiqətdə isə, bu, bütün erməni xalqının yox, sülhə mane olmaq istəyən bir qrup revanşistin və erməni lobbisinin məhdud çərçivədə canfəşanlığıdır. Onlar Vensin səfərindən öz fərdi maraqları üçün fon kimi istifadə etmək və siyasi “şou” düzəltmək istəyirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı çıxdığına, sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlərdə iştirak etdiyinə görə məsuliyyətə cəlb edilmiş separatçılar isə onlar üçün sadəcə bir vasitədir. Vensin Cənubi Qafqaz turnesinin əsas məqsədi 2025-ci il 8 avqustda keçirilmiş tarixi Vaşinqton görüşündə əldə olunmuş razılaşmaların icrası prosesi ilə bilavasitə yaxından tanış olmaq və Azərbaycan-Ermənistan sülh gündəliyinə birbaşa vitse-prezident səviyyəsində dəstək vermək olsa da, lakin erməni revanşistlərinin təxribatçı müraciəti Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunmuş tərəqqini və iki ölkə arasında etimad quruculuğu tədbirlərini əngəlləməyə xidmət edir.

Vensə müraciət etmək revanşistlərin son çarəsidir. Lakin ABŞ vitse-prezidenti erməni revanşistlərinin təxribatçı müraciətinə əhəmiyyət verməyəcək. O, həm İrəvanda, həm də Bakıda yalnız öncədən müəyyən olunmuş səfər gündəliyində yer alan məsələlər üzrə müzakirələr aparacaq. Revanşistlərin illüziyaları və ümidləri növbəti dəfə boşa çıxacaq. Bu arada Ağ Evin rəhbərliyi də Azərbaycan məhkəməsinin separatçılarla bağlı qərarlarının ədalətli qərar olduğunu yaxşı bilir. Azərbaycanın suverenliyinə qarşı çıxmış şəxslərə heç bir güzəşt oluna bilməz. Tramp administrasiyası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı surətdə dəstəkləyir.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »