Azərbaycan-Türkiyə birliyindən qıcıqlanan şimal qonşumuz öz köhnə ampluasından, ara qarışdırmaq ənənəsindən heç cürə əl çəkə bilmir

“Bir millət, iki dövlət” fəlsəfəsi ilə yola çıxan, ortaq siyasət yürüdən Azərbaycan və Türkiyə arasındakı qardaşlıq, birlik və müttəfiqlik sarsılmaz bir gücdür. Bu baxımdan regionda geosiyasi maraqları olan qüvvələrin hibrid müharibə və dezinformasiya cəhdlərinin Azərbaycan-Türkiyə münasibətlərini pozması qətiyyən mümkün deyil. Həmçinin Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sıx dostluq münasibətləri və qarşılıqlı etimadı da iki qardaş ölkənin birliyini daha da gücləndirir. İki dost və qardaş dövlətin liderlərinin birlik və həmrəyliyi Azərbaycan və Türkiyənin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsində də mühüm rol oynayır.

Bütün bunlar heç şübhəsiz ki, Türk dünyasının birlik və bərabərliyinin güclənməsini istəməyən qüvvələri ciddi şəkildə narahat edir. Bu birliyi pozmağa çalışan qlobal güclər Bakı və Ankaranın münasibətlərini zədələmək, iki qardaş ölkə arasında süni konflikt və ixtilaflar yaratmaq üçün az qala dəridən-qabıqdan çıxırlar. Son dövrlərdə Cənubi Qafqazda mövqeləri ciddi şəkildə zəifləyən Rusiyanın şovinist mövqeli media resurslarında Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiyaların yayılması da əsla təsadüfi hal deyil. Rusiyanın imperiya siyasətinin və qatı rus millətçiliyinin əsas təbliğatçılarından biri kimi tanınan “Tsargrad.tv” media resursunun Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan məlumatlar yayması da eyni hədəfə xidmət edir.

İstər ikitərəfli əlaqələr formatında, istərsə də Türk Dövlətləri Təşkilatı (TDT) platforması çərçivəsində digər türk dövlətləri ilə birlikdə qlobal güc formalaşdırmaq istiqamətində ardıcıl siyasət yürüdən və həlledici rol oynayan Azərbaycan və Türkiyənin “Tsargrad.tv” tərəfindən hədəfə alınması təbiidir. Bakı və Ankaranın sıx əməkdaşlıq və güclü birlik nümunəsi ortaya qoyması Rusiyanın millətçi dairələrinin xoşuna gəlmir. Məhz bu səbəbdən də “Tsargrad.tv” kimi təxribatçı medialar qabağa verilir, onların vasitəsilə Azərbaycan və Türkiyəyə qarşı heç bir əsası olmayan feyk-xəbərlər, dezinformasiya xarakterli məzmunlar tirajlanır. Bütün bunlar tanış “ssenari”lərdir. Azərbaycan-Türkiyə birliyindən qıcıqlanan şimal qonşumuz öz köhnə ampluasından, ara qarışdırmaq ənənəsindən heç cürə əl çəkə bilmir. Ancaq Azərbaycan və Türkiyənin məkrli dezinformasiyalara qarşı immuniteti kifayət qədər güclüdür. “Tsargrad” kimi katalizatorlar bizim tarixi qardaşlıq və birliyimizi heç vaxt poza bilməz.

 

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »