İsrail və Azərbaycan arasında çoxşaxəli, genişspektrli sahələr üzrə qarşılıqlı faydalı tərəfdaşlıq formalaşıb

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadənin bugünlərdə Azərbaycana səfərinin ardınca, İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana səfər etməsi hər iki ölkənin Azərbaycanla sıx münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bir daha təsdiqləməklə yanaşı, həmçinin Azərbaycanın müstəqil, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu yürütdüyünü nümayiş etdirir. Bir-birilə kəskin rəqabətdə və qarşıdurmada olan bu ölkələrin yüksək rütbəli diplomatlarının ard-arda Bakıya səfər etməsi heç şübhəsiz ki, hazırda Yaxın Şərq və Cənubi Qafqaz regionlarında cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda xüsusilə ciddi əhəmiyyət daşıyır. Azərbaycan hər iki ölkə üçün vacib aktor sayılır.

Azərbaycan həm İranla, həm də İsrail ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə üstünlük verir. Bu xətt bütün tərəflər üçün əlverişlidir. Rəsmi Bakı Tehranla dost münasibətləri inkişaf etdirməyə çalışdığı kimi, İsrail ilə uzun illər ərzində formalaşmış etibarlı tərəfdaşlığı da davam etdirməyi zəruri hesab edir. Bu, kifayət qədər rasional və praqmatik siyasətdir. Bir-birilə kəskin qarşıdurmada olan ölkələrlə konstruktiv və sabit əməkdaşlıq münasibətləri qurmaq elə də asan deyil, lakin mümkündür. Bu baxımdan Gideon Saarın Bakıya səfəri Azərbaycanla İsrail arasında etibarlı tərəfdaşlığın məntiqi davamıdır.

Son onilliklər ərzində ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı etimad üzərində qurulması bu gün öz müsbət nəticələrini verir. İsrail və Azərbaycan arasında çoxşaxəli, genişspektrli sahələr üzrə qarşılıqlı faydalı tərəfdaşlıq formalaşıb. Hər iki ölkənin liderləri arasında yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmli rol oynayır. Ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı ikitərəfli gündəliyimizlə bağlı məsələlər geniş müzakirə olunub. Ölkələrimiz arasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə işbirliyinin təşviqi üçün olduqca geniş imkanlar var. Bakı və Təl-Əviv arasında siyasi dialoqun yüksək səviyyədə ollması tərəflər arasında iqtisadi, humanitar sahələrdə də əməkdaşlığın möhkəmlənməsinə əlverişli zəmin yaradır.

Azərbaycan–İsrail əlaqələrinin inkişafı və ikitərəfli münasibətlərin dərinləşdirilməsi birmənalı olaraq regional əməkdaşlığa, sülhə və sabitliyə xidmət edir. Bizim əlaqələrimiz hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib. Rəsmi Bakı qarşıdurmaların yox, ikitərəfli və çoxtərəfli əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Bu, bizim ölkəmizin yürütdüyü xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycanın bu mövqeyi qarşıdurma risklərini aradan qaldırmağa və regionda yeni əməkdaşlıq konfiqurasiyalarının formalaşdırılmasına yol açır. Regional sabitliyə töhfə vermək xarici siyasətimizin aparıcı xəttini təşkil edir. Azərbaycanın sülhsevər siyasəti ən barışmaz tərəfləri də bir araya gətirməyə imkan yaradır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »