İran ətrafında hazırki vəziyyət kritik nöqtəyə yaxınlaşıb. Yaxın Şərq boyunca ABŞ hərbi qüvvələrinin gücləndirilməsi heç də təsadüfi deyil. ABŞ-ın İrana hücum etmək qərarını verəcəyi gözləniləndir. Belə bir qərarın veriləcəyi artıq heç kimdə şübhə doğurmur. Başqa sözlə desək, bu qərarın verilməsi an məsələsidir. İranda yaşanan və çoxsaylı insan ölümləri ilə müşayiət olunan son proseslər rejimin yıxılacağı gözləntilərini daha da möhkəmləndirib. Hazırda İranın hakim fars-molla rejimi aqoniya (ölümöncəsi çabalama) vəziyyətindədir. Bu mənada, cənub qonşumuzda köklü dəyişikliklər qaçılmazdır. Eyni zamanda, İranın parçalanması da gözləniləndir.
Düzdür, 28 dekabrdan başlayan son nümayişlər və etiraz hərəkatı zamanı regional güclər (ilk növbədə ərəb ölkələri və Türkiyə) İranın ABŞ tərəfindən vurulmasını ləngidə bildilər, eləcə də Çin və Rusiya molla rejimini qorumaq üçün hərəkətə keçdilər. Lakin İrana zərbə planları əvvəlki kimi öz aktuallığını qoruyub saxlayır. İran və onun himayəçiləri ilə Qərb arasında hərbi toqquşma artıq qaçılmazdır. Belə ki, İranın əsas himayədarlarından biri (daha doğrusu, birincisi) hesab olunan Çin nümayişkaranə şəkildə Vaşinqtonun istənilən xəbərdarlıqlarını görməzdən gəlir və son günlər bu ölkəyə kritik dərəcədə vacib yüklər ötürür. Söhbət humanitar yardımdan deyil, İran İslam Respublikasının müdafiəsini ən qısa müddətdə gücləndirmək üçün nəzərdə tutulmuş yüksək texnologiyalı avadanlıqların, RƏB (Radiokeçid Mübarizəsi) komplekslərinin və raket proqramı üçün komponentlərin tədarükündən gedir.
Böyük siyasət kuluarlarında bu, heç şübhəsiz ki, ABŞ-İsrail və İran-Çin oxu üzrə qlobal qarşıdurmanın keyfiyyətcə yeni səviyyəyə keçməsi kimi qiymətləndirilir. Əgər əvvəllər münaqişə diplomatik təhdidlər və “əzələ nümayişi” formatında cərəyan edirdisə, indi Çin öz Yaxın Şərq proksisini (İranı) fiziki şəkildə silahlandırmağa başlayaraq açıq şəkildə oyuna daxil olub. Çin birmənalı siqnal verir: o, İranın tez bir zamanda darmadağın edilməsinə, molla rejiminin siyasi səhnədən uzaqlaşdırılmasına imkan verməyəcək və münaqişəni uzatmaq üçün resurslar yatırmağa, bununla da Vaşinqton və Təl-Əviv üçün müharibənin qiymətini artırmağa hazırdır. Çin tərəfindən hərbi-logistik dəstəyin belə genişmiqyaslı işə salınması diplomatiya dövrünün başa çatdığının bariz əlamətidir.
Bu arada ayətullah Xamenei təhlükəsizlik məqsədilə yenidən yeraltı gizli bunkerə köçürülsə də, lakin İran rəsmiləri isə bəyan edirlər ki, ABŞ-Böyük Britaniya hərbi-dəniz qüvvələrinin körfəzdəki hazırkı yerləşdirilməsinə cavab olaraq İran Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib və rəsmi Tehran regiondakı bütün düşmən fəaliyyətlərini daimi izləyir, ordusu isə daimi hazırlıq vəziyyətindədir. Molla rejiminin sözçüləri həmçinin xəbərdarlıq edirlər ki, İrana qarşı hər hansı təcavüz olarsa, miqyası Hörmüz boğazından tutmuş ABŞ-ın bütün aktivlər şəbəkəsinə qədər bütün Amerika maraqlarına təsir edəcək güclü cavab zərbələri endiriləcək, ABŞ-ın bölgədəki hərbi bazaları və o cümlədən İsrail misli görülməmiş bir dərs olacaq dərəcədə ağır, dağıdıcı zərbələrə məruz qalacaq.
Beləliklə, görünən budur ki, tərəflər arasında savaşöncəsi gərginlik artıq son həddinə çatmaqdadır. Bəs, müharibənin başlayacağı, İrana sarsıdıcı hava zərbələrinin endiriləcəyi təqdirdə Azərbaycan hansı mövqedən çıxış etməlidir? Çünki bu zərbələrin İranda xaos yaradacağı və milli-etnik zəmində parçalanmalara, humanitar böhrana, qaçqın axınına rəvac verəcəyi qaçılmazdır. Rəsmi Bakı heç şübhəsiz ki, İranda sabitliyə önəm verir. Lakin ABŞ-ın həlledici zərbələrindən sonra İranda xaos və vətəndaş müharibəsinin, etnik zəmində toqquşmaların baş verəcəyi və güneyli soydaşlarımızın varlığı üçün həyati təhlükə yaranacağı təqdirdə, Azərbaycan sözsüz ki, proseslərə seyrçi münasibət sərgiləməyəcək. Güney azərbaycanlıların təhlükəsizliklərinin təmin olunması üçün müəyyən addımlar atılacaq.
Təsadüfi deyil ki, bugünlərdə “The Washington Post” qəzetində dərc olunan bir yazıda da vurğulanır ki, İranda zorakı daxili münaqişə baş verərsə, Azərbaycan öz həmvətənlərini qorumaq üçün müdaxilə etmək məcburiyyətində qala bilər. Həmçinin qardaş Türkiyənin də bu prosesdə Azərbaycanın yanında yer alacağı gözləniləndir. Soydaşlarımız sahibsiz buraxılmayacaq. Aydındır ki, ABŞ-İran savaşı gözlənilməz nəticələrlə müşayiət olunan ciddi regional qeyri-sabitliyə səbəb ola bilər. Bu mənada Azərbaycan və Türkiyə İran ətrafında baş verə biləcək istənilən proseslərə hazır olmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.