Baydenin müşaviri Bakını nümunə göstərdi: “Ən zəif qonaqpərvərlik ABŞ-dadır”

ABŞ-ın sabiq prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Jake Sullivan Azərbaycanın qonaqpərvərliyi ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Sallivan bu fikirləri ABŞ-da yayımlanan Long Game Podcast podkastında səsləndirib.

Keçmiş müşavirin sözlərinə görə, o, vaxtilə ABŞ Dövlət Departamentində çalışarkən, dövlət katibi Hillari Klintonun dövründə Amerika nümayəndə heyətinin tərkibində Bakıya səfər edib və Azərbaycan Prezidenti ilə görüşdə iştirak edib. Görüş zamanı qonaqlara elit Xəzər nərə balığının bahalı qara kürüsü təqdim olunub.

Sallivan etiraf edib ki, həmin vaxta qədər heç vaxt bu səviyyədə kürü dadmayıb:
“Əvvəllər yalnız adi balıq kürüsü yemişdim. Amma bu tamam başqa idi. ABŞ nümayəndə heyətinin üzvləri təqdim olunan bu delikatesdən böyük məmnuniyyətlə yedilər”.

Onun sözlərinə görə, məhz həmin səfərdən sonra müxtəlif ölkələrdə qonaqpərvərlik mədəniyyətinə daha diqqətlə yanaşmağa başlayıblar:

“O vaxtdan etibarən hansı ölkədə qonaqlara daha yaxşı, hansı ölkədə isə daha zəif münasibət göstərildiyini müşahidə edirik. Açıq deyim, ən zəif qonaqpərvərliyə malik ölkə ABŞ-dır. Bu, bizdə yaxşı yeməklərin olmaması ilə bağlı deyil, sadəcə qonaqpərvərlik mədəniyyətimiz çox zəifdir”.

Sallivanın bu sözləri Azərbaycan qonaqpərvərliyinin beynəlxalq səviyyədə bir daha yüksək qiymətləndirildiyini göstərir.

Comments are closed.

Tərcümə »