Ötən gün Azərbaycan Cənubi Qafqazda real sülhün bərqərar olması yönündə növbəti ilkə imza atdı. Belə ki, 1300 tona yaxın Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq Azərbaycan qatarının Gürcüstan üzərindən Ermənistana yola salınması Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına rəsmi Bakının ən sanballı töhfələrindən biridir. Bakı sülhün bərqərar olması üçün real iqtisadi əsaslar yaradır. Azərbaycanla Ermənistan arasında formalaşan sülh gündəliyi çərçivəsində dekabrın 18-dən etibarən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılması bizim Cənubi Qafqazda əsas sülhyaradıcı ölkə olduğumuzu nümayiş etdirir.
Azərbaycan Ermənistanı iqtisadi blokadadan çıxarmaqla onun regionda geosiyasi maraqları olan İran və Rusiya kimi dövlətlərin iqtisadi asılılığından və siyasi təsir dairəsindən qurtulmasına zəmin yaradır. Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün bərqərar olması və iqtisadi əməkdaşlığın genişlənməsi sözügedən ölkələrin regiondakı destruktiv addımlarını neytrallaşdırmağa, eləcə də Avropa Parlamenti kimi təxribatçı aktorların Ermənistana neqativ təsirlərini minimallaşdırmağa imkan verəcək.
Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışladıqlarını bildirib. Çünki N.Paşinyan Azərbaycanla real sülh münasibətlərinin qurulmasının öz ölkəsi üçün iqtisadi faydalarını yaxşı dərk edir. Ermənistanı mövcud iqtisadi çıxılmazlıqdan yalnız Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulması xilas edə bilər.
Azərbaycan bundan əvvəl Qazaxıstan və Rusiyadan taxıl məhsullarının Ermənistana daşınması üçün “yaşıl işıq” yandırmışdı. İndi də SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükünün həyata keçirilməsi Azərbaycanın başlatdığı iqtisadi diplomatiyanın davamı və sülh prosesinin tərkib hissəsidir. Bu onu göstərir ki, Azərbaycan sülhün gəlişi üçün sözdə deyil, əməli addımlar atır. Sülh yaratmaq asan proses deyil. Bu gün Bakı ilə İrəvan arasında nəticəyönümlü addımların atılması məhz Azərbaycanın dönməz sülh mövqeyinin təzahürüdür.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.