Amorf qurum olan “Milli Şura”nın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deport olunmasına qərar verilib. Belə ki, ötən gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub. Bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşan Gültəkin Hacıbəyli deport qərarını az qala apokaliptik bir hadisə kimi, dünyanın sonu kimi qiymətləndirir. O, nədənsə, yalançı bir “əminliklə” hesab edir ki, Türkiyədən deport olunacağı halda Azərbaycanda onu labüd həbs gözləyir. Ancaq əsl həqiqətdə isə, bu, tamamilə əsassız bir iddiadır. Çünki bildiyim qədərilə, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən onun həbs edilməsi istiqamətində hər hansı hazırlıq işləri aparılmır.
Sözsüz ki, “Milli Şura”nın sədri Cəmil Həsənli kimi Gültəkin Hacıbəylinin də “Ramiz Mehdiyev işi” çərçivəsində DTX tərəfindən dindirilməsi gözləniləndir. Çünki Gültəkin Hacıbəylinin də AXCP sədri Əli Kərimli və “Milli Şura”nın sədri Cəmil Həsənli kimi Ramiz Mehdiyevlə əlaqəsi artıq öz təsdiqini tapır. Və bu da istər-istəməz dindirilmə üçün əsas yaradır. Ancaq dindirilmə ilə həbs edilmə tamamilə fərqli hüquqi prosedurlardır. Cəmil Həsənli dindirilmə əsnasında müstəntiqlərin sorğu-suallarını cavablandırdıqdan sonra sərbəst buraxıldığı kimi, Gültəkin Hacıbəylini də təxminən oxşar prosedur gözləyir. Lakin Gültəkin Hacıbəyli süni ajiotaj yaratmağı çox sevdiyinə və öz adı ətrafında “siyasi şou” qurmağa can atdığına görə israrla iddia edir ki, guya, Azərbaycana geri göndəriləndən sonra dərhal həbs olunacaq. Onun iddiasına görə, “Türkiyə dövləti hüquq və ədaləti ayaq altına alaraq onu məcburi qaydada Azərbaycana həbsə göndərəcək”.
Bu iddianın heç bir məntiqi əsası yoxdur. Çünki Gültəkin Hacıbəyli, haqqında deport qərarı verilən nə birinci, nədəki sonuncu şəxs deyil. Ölkəmizə deport olunan şəxslərin heç də hər biri həbs perspektivi ilə üzləşmir. Odur ki, Gültəkin Hacıbəyli də suçlu deyilsə, qətiyyən xoflanmamalıdır. Yeri gəlmişkən, onun Vanqa qarı kimi “öncəgörənlik” edib həbs olunacağını dünyaya car çəkməsinin əsl səbəbi, motivi də bəllidir. Gültəkin Hacıbəyli bu yolla bir yandan Türkiyə və Azərbaycan höumətlərinə siyasi təzyiq göstərməyə çalışır, digər tərəfdən isə, qabaqdangəlmişlik edərək daxili və xarici ictimai rəydə öncədən özü haqqında potensial siyasi “əzabkeş” obrazı formalaşdırmağa çalışır.
Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Türkiyədən deport olunması ilə bağlı rəsmi qərarı Boraltan faciəsi ilə eyniləşdirməyə çalışması da siyasi möhtəkirliyin və manipulyasiyanın klassik nümunəsidir. Boraltan faciəsi hara, Gültəkin Hacıbəylinin deportu hara? Bəli, görünən budur ki, bu “Milli Şura”çı xanım özü haqqında həqiqətən də həddindən artıq yüksək fikirdədir. Əsl həqiqətdə isə Gültəkin özü də çox gözəl bilir ki, deport olunacağı təqdirdə onu Azərbaycanda nə həbs, nədəki güllələnmə gözləyir. Ona görə də Gültəkinə məsləhətimiz budur ki, bu cür ucuz oyunlara son qoysun.
Bir məqam da xüsusilə maraq doğurur ki, G.Hacıbəylinin nəyin bahasına olursa-olsun Azərbaycana qayıtmamaq üçün dirəniş göstərməsi, əslində, onunla bağlı şübhə çəmbərini daha da genişləndirir. Siyasi fəaliyyəti şəffaf olan və suçsuzluğundan tam əmin olan bir siyasətçi normalda ölkəyə qayıtmamaq üçün yox, əksinə, qayıtmaq üçün daha çox dirəniş göstərməlidir. Ancaq Gültəkin Hacıbəyli isə gördüyümüz kimi belə kritik, həlledici məqamlarda həm vətənpərvərlik, həm də prinsipiallıq, mübarizlik anlayışlarının üzərindən xətt çəkərək, necə deyərlər, budəfə də sudan quru çıxmağa çalışır. O, yalnız özünü düşünür və öz şəxsi mənafeləri üçün yaşayır. Həbs bəhanəsi ilə yaradılan süni ajiotaj və panika gültəkinlərin gerçək simasını ortaya qoyur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.