Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook hesabında paylaşdığı videoda olduqca aktual mövzuya toxunub, keşişləri siyasiləşməkdə ittiham edib və bütün ermənilərin katalikosu II Qareginin kilsəni siyasi partiyaya çevirdiyini bildirib. O, kilsənin siyasi partiyaya çevrilməsinin qəbuledilməz olduğunu vurğulayıb. Paşinyan haqlıdır, bu gün erməni kilsəsi dini mərkəzi yox, həqiqətən də məhz radikal siyasi təşkilatı xatırladır. Ancaq Paşinyan bir həqiqəti də başa düşməlidir ki, kilsənin siyasi partiyaya, ideoloji təxribat mərkəzinə, terror yuvasına çevrilməsi yalnız son dövrlərin təzahürü deyil. Bu mənada Erməni Apostol Kilsəsinin siyasi partiyaya çevrilməsini təkcə II Qareginin adıyla bağlamaq düzgün olmazdı.
Məsələ burasındadır ki, Eçmiədzin (Üç müədzin) artıq 200 ilə yaxındır ki, öz ilkin təyinatından uzaqlaşaraq siyasi təsisata və şər yuvasına çevrilib. Daha doğrusu, çeviriblər. Bu, çar Rusiyasının Cənubi Qafqazla bağlı geosiyasi hədəflərinin əsas tərkib hissələrindən biri idi. Erməni kilsəsi Cənubi Qafqazda Türk-İslam faktorunun zəiflədilməsi və Türk dünyasının parçalanması prosesində çarizmin maşası rolunda çıxış edib. Türklüyə qarşı milli ədavət zəminində nifrət, azərbaycanafobiya xarakterli irqçilik təbliğatları da məhz kilsə vasitəsilə zaman-zaman həyata keçirilib. Başqa sözlə desək, erməni kilsəsi “dini qurum” adı altında maskalanaraq, əsl həqiqətdə isə çarizmin Cənubi Qafqazda “Parçala və hökm sür” siyasətinin həyata keçirilməsində əsas rol oynayıb.
Bu siyasət müəyyən korrektələrlə bu gün də davam edir. Belə ki, Erməni Apostol Kilsəsi məhz Kremlin diktəsi ilə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyana qarşı açıq şəkildə müxalif mövqeyə keçib. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və yekun sülhün əldə edilməsinə mane olmaq üçün kilsənin bütün resursları işə salınıb və son vaxtlar bütün radikal keşişlər hərəkətə gətirilib. II Qaregin isə bu prosesdə sadəcə icraçı fiqurdur. Erməni kilsəsinin faktiki siyasi partiyaya çevrilməsi II Qareginin öz ağlının məhsulu deyil. Qaregin məhz Kremlin tapşırıqlarını yerinə yetirərək sülhə qarşı çıxışlar edir. Tarixən də həmişə belə olub. Son 200 ildə erməni katolikosları qeydsiz-şərtsiz olaraq məhz Kreml tərəfindən təyin olunublar və bilavasitə onun siyasi-ideoloji xəttini həyata keçiriblər.
Ona görə də Nikol Paşinyan sülh prosesinə mane olan qüvvələri tam olaraq neytrallaşdırmaq, zərərsizləşdirmək istəyirsə, ilk növbədə məhz kilsənin depolitizasiyasını (siyasətsizləşdirmə) və denasifikasiyasını (radikal millətçilikdən təmizləmə) həyata keçirməlidir. Bunun ardınca isə, Erməni Apostol Kilsəsini Rusiyanın təsir dairəsindən uzaqlaşdırmalıdır. Katolikoslara və keşişlərə siyasi çıxışlar etmək yasaq olunmalıdır. Kilsənin funksiyası yalnız və yalnız dini mərasimlərin icra olunmasıyla məhdudlaşdırılmalıdır. Məhz bu cür sərt profilaktik tədbirlər nəticəsində kilsənin davakarlığını cilovlamaq, onun sıravi ermənilərin beyinlərini millətçi-faşizm ideyaları ilə zəhərləməsinin qarşısını almaq mümkündür. Bu baxımdan Paşinyan katolikos II Qareginə qarşı hazırkı prinsipial mövqeyini axıra qədər qətiyyətlə davam etdirməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.