Ermənistanın media və siyasi camiəsində hələ də keçmiş “Qarabağ məsələsi”nin həll olunmadığını düşünənlər və bu barədə müzakirələr aparanlar, yeni müharibəyə çağırış edən qüvvələr var. Onlar revanşist qüvvələrdir və Ermənistanın yox, birbaşa xarici güclərin maraqlarına xidmət edirlər. Məsələn, tarixə qovuşmuş separatçıların keçmiş rəhbərlərindən biri olan və Rusiyanın əlaltısı olduğu heç kimdə şübhə doğurmayan Xocalı qatili Vitali Balasanyan növbəti dəfə həyasız bəyanatla çıxış edərək 10 noyabr Üçtərəfli Bəyanatının ləğv edilmədiyini və ermənilərin bir gün yenidən Qarabağa qayıda biləcəklərinə ümid etdiyini bildirib.
Aydın məsələdir ki, Vitali Balasanyan bütün bu cəfəngiyyatları təsadüfən səsləndirmir. Sözsüz ki, onu danışdıranlar var. Balasanyan təxribatçı bəyanatlar səsləndirmək tapşırığını Moskvadan alır. “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktovun bu yaxınlarda Ermənistana səfəri zamanı verdiyi müsahibəsində “Qarabağ məsələsi hələ bitməyib” iddiasını qəsdən ortaya atmasından sonra vitali balasanyanların, vladimir poqosyanların, vardan oskanyanların və digər erməni revanşistlərinin yenidən “zühur” edəcəkləri və öz sərsəm açıqlamaları ilə Ermənistan gündəmini yenidən mövcud olmayan “Qarabağ məsələsi”nə yönəltməyə çalışacaqları gözlənilən idi. Moskva da Venediktovu İrəvana məhz bununçün göndərmişdi.
Lakin hazırda Ermənistanın gündəmini Venediktov kimi casus-emissarlar və ya Balasanyan kimi müharibə caniləri yox, rəsmi Bakının diktəsi ilə sülhə yönəlik kostruktiv və realist siyasət yürütməyə başlamış Paşinyan hakimiyyəti formalaşdırır. Ermənistanın sülhdən başqa hər hansı alternativ çıxış yolunun olmadığını yaxşı dərk edən baş nazir Nikol Paşinyan revanşist-qızışdırıcı qüvvələrdən fərqli olaraq əminliklə bəyan edir ki, artıq regionda sülh bərqərar olub, Qarabağ məsələsi həll olunub və Azərbaycan ilə Ermənistan arasında postmüharibə dövrünün yeni reallıqlarından irəli gələn bütün cari məsələlər yoluna tədricən qoyulmaqdadır. Ona görə də Hamburqda erməni jurnalistlərlə görüşdə çıxış edən N.Paşinyan təxribat xarakterli bəyanatlar verməməyə çağırıb.
Ermənistanın baş naziri anlayır ki, Qarabağ məsələsinin davam etməsi onun ölkəsi üçün olduqca fəlakətli nəticələrə gətirib çıxara bilər. Çünki yeni müharibə yeni qurbanlar, yeni çətinliklər, yeni blokada və yeni məğlubiyyət deməkdir. Ermənistan isə bütün bunlara hazır deyil. Məhz bu səbəbdən də Nikol Paşinyan revanşistlərin təxribatçı çağırışlarına əhəmiyyət vermir, 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmalara uyğun olaraq realist siyasət yürütməyə davam edir. Bu baxımdan revanşistlərin sərsəm bəyanatları və çağırışları heç bir təsir gücünə malik deyil. Əsas odur ki, bu gün Ermənistan hakimiyyəti tam olaraq Azərbaycanın sülh gündəliyinə uyğun hərəkət edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.