Slovakiya-Azərbaycan əməkdaşlığı isə Avropa İttifaqı ilə Azərbaycanın geostrateji, geoiqtisadi bağlarını daha da möhkəmləndirə bilər

Azərbaycanın postmüharibə dövrü xarici siyasəti çoxvektorlu xarici siyasət prinsipinə əsaslandığına görə, hazırda Avropa qitəsi ilə əlaqlərimiz təkcə Azərbaycan-Avropa İttifaqı (Aİ) müstəvisində yox, həm də qitə ölkələri ilə ikitərəfli əsaslar üzərində sürətlə inkişaf edir. Bu mənada Azərbaycan-Slovakiya əlaqələrinin son vaxtlar yüksələn xətlə inkişaf etməsi labüd qanunauyğunluqdur. Slovakiya ilə diplomatik münasibətlərimiz hələ 1990-cı illərin əvvəllərindən etibarən davamlı və sistemli şəkildə inkişaf etməyə başlasa da, lakin 2019-cu ilin oktyabrından Slovakiyanın ölkəmizdə səfirliyinin fəaliyyət göstərməyə başlaması, 2023-cü ilin iyulunda isə Azərbaycan Slovakiyada səfirliyinin açılması ilə iki ölkə arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyub.

Bu gün rəsmi Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Çünki Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi əsasında iki ölkənin siyasi, iqtisadi, mədəni, humanitar, ekoloji sahələrdə əməkdaşlığı daha da genişlənib. Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açılması üçün dövlətimizin başçısının bu dost ölkəyə rəsmi səfər etməsinə zərurət yaranmışdı. Prezident İlham Əliyevin Bratislavaya hazırkı səfəri Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəri kimi tarixə düşəcək. Azərbaycan liderinin Slovakiyada yüksək hörmətlə qarşılanması bu ölkənin rəhbərliyinin Cənubi Qafqazda məhz Azərbaycanla münasibətlərə xüsusi önəm verməsinin göstəricisidir.

Cənab Prezidentin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə, siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəldiyi kimi, həmçinin Avropanın enerji təhlükəsizliyinə, sabitlik və qlobal əməkdaşlığa töhfə verilməsi baxımından da olduqca əhəmiyyətlidir. Azərbaycan və Slovakiya liderlərinin mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi bu gün bizim zəngin qaz yataqlarımız imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Hazırda Slovakiyanın da Azərbaycandan qaz almasıyla ümumilikdə Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı artıq 14-ə çatıb. Beləliklə, biz bu gün boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Eyni zamanda, hal-hazırda Avropa İttifaqına üzv olan 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.

Slovakiya Prezidenti Peter Pelleqrini də bu məqama toxunaraq qeyd etdi ki, “Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz, əlbəttə, bilməliyik ki, uzunmüddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək”. Göründüyü kimi hər iki ölkə bir-birilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Həmçinin regional təhlükəsizlik sahəsində və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi tərəflər üçün prioritet təşkil edir.

Söhbət hər hansı ölkə ilə konkret müharibəyə hazırlaşmaqdan yox, məsələyə ilk növbədə məhz işğüzar aspektdən yanaşmaqdan gedir. Belə ki, müdafiə sənayesi bu gün qlobal biznesin əsas sahələrindən birinə çevrilməkdədir. Prezident İlham Əliyev də məhz bu məqamı önə çəkərək vurğuladı ki, biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Yəni ki, heç kimlə müharibə aparmaq fikrində deyilik, çünki bizim üçün müharibələr dövrü artıq keçmişdə qalıb. Burada əsas məqsəd budur ki, yeni bir sinergiya yaradılsın və Slovakiyanın Aİ və NATO standartlarına uyğun texnoloji imkanları ilə Azərbaycanın hərbi sənaye təcrübəsi və maliyyə imkanları birləşdirilərək dünya bazarlarına yeni məhsullar çıxarılsın. Bizim birgə istehsal etdiyimiz məhsullar dünya bazarları üçün maraqlı olmaqla yanaşı, həm də hər iki ölkənin texnoloji inkişafına daha böyük faydalar verə bilər. Odur ki, hazırda bu istiqamətdə Azərbaycan ilə Slovakiya mütəxəssisləri konkret layihələr üzərində işləyirlər.

Texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi həqiqətən də hər iki ölkəyə misli görünməmiş dərəcədə böyük gəlirlər qazandıra və yeni perspektivlər aça bilər. Məhz buna görə də iki ölkə liderləri arasında təkbətək və geniştərkibli görüşlər əsnasında həmçinin informasiya texnologiyaları barədə, data mərkəzlərinin yaradılması haqqında da ətraflı müzakirələr aparıldı. Prezident İlham Əliyev mətbuata bəyanat zamanı vurğuladı ki, Azərbaycanın böyük enerji potensialı süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün geniş imkanlar yaradır. Çünki bu sahələrin inkişafı üçün enerji mənbəyi əsas amillərdən biridir. Ona görə də biz beynəlxalq data mərkəzləri habı rolunu oynaya bilərik. Dövlətimizin başçısı qeyd etdi ki, biz bu sahədə öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə də bu istiqamətdə çalışmaq planlarımız var.

Eləcə də Slovakiya ilə Azərbaycan arasında nəqliyyat-logistika sahəsində də əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məsələyə də toxunaraq bildirdi ki, infrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Hazırda Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut xətti məhz Azərbaycan ərazisindən keçir. Biz bir çox müstəvilərdə qitələrarası birləşdirici mərkəz rolunu oynayırıq. Slovakiya-Azərbaycan əməkdaşlığı isə Avropa İttifaqı ilə Azərbaycanın geostrateji, geoiqtisadi bağlarını daha da möhkəmləndirə bilər.

İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan-Slovakiya əlaqələrini bütövlükdə qitə ölkələri üçün nümunəvi əməkdaşlıq modelinə çevirəcək. Uğurlu və çevik xarici siyasətimiz nəticəsində Azərbaycan Avropanın yeni geosiyasi reallıqlarına həlledici təsir imkanları qazanıb. Ölkəmizin regionda və dünyada sülhün, sabitliyin, enerji təhlükəsizliyinin və strateji əməkdaşlığın əsas təminatçılarından birinə çevrilməsi tərəfdaşlarımızın sayının artmasında mühüm rol oynayır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »