Zəngilanın bərpası və yenidən qurulması prosesi birbaşa dövlətimizin başçısının nəzarətindədir

Bu gün ən yeni tariximizin azad Zəngilan səhifəsinin yazıldığı gündür. Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də mənfur erməni işğalından azad edilib. Zəngilanın 27 illik əsarətinə son qoyan şanlı bir gün olaraq oktyabrın 20-si tarixi ədalətin bərpa edildiyi gündür. 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş əzmi ilə irəliləyərək 20 oktyabr 2020-ci il tarixində Zəngilan şəhərini və rayonun bir çox yaşayış məntəqələrini işğaldan azad etməsi həm hərbi, həm də siyasi baxımdan böyük tarixi əhəmiyyətə malikdir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə aparılan çevik hərbi əməliyyatlar nəticəsində qədim yurd yerimiz olan Zəngilan düşmən tapdağından azad edilərək yenidən öz tarixi sahibinə – Azərbaycan xalqına qovuşdu.

Zəngilanın işğaldan azad edilməsi təkcə növbəti hərbi uğurumuz deyildi. Zəngilan əməliyyatının uğurla nəticələnməsi bütövlükdə Azərbaycanın mövcud geosiyasi durumu dəyişməsinə və təhlükəsizlik baxımından böyük üstünlük əldə etməsinə gətirib çıxardı. Məhz bu əməliyyatın nəticəsi olaraq, 27 il ərzində Ermənistanın işğalı altında qalmış 132 kilometr uzunluğundakı Azərbaycan–İran dövlət sərhədi tam şəkildə bərpa edildi. Bu, sıradan bir hadisə, ötəri hərbi uğur deyildi. Azərbaycan Ordusu bu sərhədi nəzarət altına almaqla həmin istiqamətdə dövlətimizin təhlükəsizliyi və suverenliyini tam təmin etmiş oldu. Belə ki, bu ərazilərimiz işğaldan azad olunandan dərhal sonra bütün sərhəd boyunca istehkamlar, nəzarət-buraxılış məntəqələri, hərbi mövqelər yaradıldı.

Beləliklə, regionda yeni geosiyasi vəziyət yarandı və Azərbaycan İranla sərhəddə təhlükəsizliyini təmin etməklə İran və Ermənistanın bizim ərazilərimizdən məkrli məqsədlər üçün istifadə etmələrinin qarşısını aldı və eyni zamanda, İran dövlətini normal qonşuluq əlaqələrinə təşviq etdi. Bu baxımdan, Zəngilanın işğaldan azad edilməsi həm Azərbaycanın suverenliyinin bərpası və sərhəd təhlükəsizliyinin təmin olunması, həm də regionda yeni geosiyasi mənzərəsinin formalaşması və Zəngəzur dəhlizinin açılması üçün zəmin yaranması nöqteyi-nəzərindən mühüm strateji əhəmiyyət daşıyır.

Azadlığına qovuşduqdan sonra Zəngilan bərpa-quruculuq işlərinin və Böyük Qayıdışın əsas ünvanlarından birinə çevrildi, Ağalı kəndində ilk pilot layihə kimi “ağıllı kənd” konsepsiyasının həyata keçirilməsi ilə dirçəlişin ön xəttində dayanan məntəqə kimi adını tarixə yazdırdı. Bu gün Cənab Prezidentin göstərişi və bilavasitə nəzarəti ilə Zəngilanın bərpası və yenidən qurulması işləri sürətlə davam etdirilir. “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nına uyğun olaraq hazırda burada bir neçə yaşayış layihəsi icra edilir və şəhərin ilk sakinləri tezliklə doğma yurdlarına qayıdacaqlar. Eləcə də Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun və Zəngilan-Horadiz avtomobil yolunun inşası həm yüklərin daşınması, həm də vətəndaşların sərbəst hərəkəti üçün böyük əhəmiyyət daşıyır. Bütün növ təyyarələri qəbul edə bilən Zəngilan Beynəlxalq Hava Limanının inşa olunması da böyük uğurlarımızdan biridir. Bu cür infrastruktur layihələri rayonun həm iqtisadi, həm də logistika baxımından önəmini daha da artırır və Zəngilanı strateji nəqliyyat qovşağına çevirir.

Zəngilanın işğaldan azad olunmasından sonra “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən geniş bərpa və infrastruktur layihələri rayonun tarixi, mədəni və iqtisadi dirçəlişini təmin etməklə yanaşı, bütövlükdə Azərbaycan xalqının və dövlətinin qurucu xarakterini, sabitlik və dayanıqlı inkişaf hədəfini nümayiş etdirir. Rayon ərazisində həyata keçirilən yeni yaşayış layihələri, strateji nəqliyyat dəhlizləri və sənaye kompleksləri Zəngilanı gələcək nəsillər üçün ekoloji və sosial baxımdan əlverişli və müasir yaşayış mərkəzinə çevirir. Eyni zamanda, “Dost Aqropark” kənd təsərrüfatı kompleksinin yaradılması regionun iqtisadi inkişafına güclü təkan verəcək. Belə ki, bu layihənin icrası tam başa çatdıqda, orada 100 milyon dollarlıq investisiya qoyuluşu ilə minlərlə yeni iş yerləri açılacaq. Bütün bunlar isə həm regionun strateji mövqeyini gücləndirəcək, həm də vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə şərait yaradacaq.

Zəngilanın bərpası və yenidən qurulması prosesi birbaşa dövlətimizin başçısının nəzarətindədir. Prezident İlham Əliyevin Zəngilana çoxsaylı səfərləri bu bölgənin strateji əhəmiyyətini göstəməklə yanaşı, həm də Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin dövlətimiz üçün prioritet məsələ olduğunu təsdiqləyir. Cənab Prezident Zəngilanda üçrəngli bayrağımızın qaldırılmasından tutmuş, ağıllı kəndin təməlinin qoyulmasına və hava limanının açılmasına qədər bütün proseslərdə şəxsən iştirak edib. Ümumiyyətlə, son beş il ərzində dövlət başçısının Zəngilan rayonuna reallaşdırdığı 10-dan artıq səfərin gedişində çoxlu sayda yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi bu rayonun işıqlı gələcəyinə, iqtisadi inkişafına xidmət edəcək.

Bu gün azad Qarabağ və Şərqi Zəngəzurun önəmli bir parçası olan Zəngilan sürətlə dirçəlir və Böyük Qayıdışın rəmzinə çevrilir. Burada həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı üçün deyil, regionda sülh və əməkdaşlığı təşviq etmək baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, son 5 ildə burada aparılan quruculuq işləri Zəngilanın həm də beynəlxalq əhəmiyyətli məkan olaraq tanınmasına zəmin yaradır. Zəngilan beynəlxalq tədbirlərə ev sahibliyi edir, burada minalar əleyhinə və ya şəhərsalma təcrübələrinə dair beynəlxalq forumlar keçirilir, təcrübə mübadiləsi aparılır, yeni yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilir.

Bir sözlə, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizdən sonra Zəngilan həm xalqımızın, dövlətimizin və ordumuzun dönməz iradəsinin, milli birliyinin və haqq savaşının simvoluna, həm də Böyük Qayıdışın rəmzinə, yeni quruculuq və inkişaf modelinə çevrilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar hadisə həm tarixi ədalətin bərpasını, həm də gələcəyə olan inamımımızı, milli birlik və həmrəylik əzmimizi ifadə edir. Zəngilanın işğaldan azad olunması millətimizin azadlıq və qəhrəmanlıq nümunəsidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »