Qəzzada müharibəyə son qoymaq və İsrail-Fələstin münaqişəsini həll etmək üçün ötən gün ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif və elan olunmuş Hərtərəfli Nizamlama Planı demək olar ki, bütün tərəfləri tam qane edə biləcək məzmunda hazırlanıb. Ağ Ev administrasiyasının “X” sosial şəbəkə səhifəsində dərc olunmuş bu sənəd 20 bənddən ibarət real sülh planıdır. Trampın təklif etdiyi plan Qəzzada qan tökülməsinə son qoymaq üçün həqiqətən də real imkan yaradır.
Mediada “Tramp planı” adlandırılan bu sənəd Qəzza sakinlərinin harasa məcburi köçürülməsini qətiyyən nəzərdə tutmur. Sənəddə bildirilib ki, “heç kim Qəzzanı tərk etməyə məcbur edilməyəcək və getmək istəyənlər bunu etməkdə sərbəst olacaq. Biz insanları qalmağa təşviq edəcək və onlara Qəzzada daha yaxşı həyat qurmaq imkanı verəcəyik”. Trampın təklif etdiyi bu planda, həmçinin Qəzza zolağının İsrail tərəfindən işğalının və ya ilhaqının nəzərdə tutulmadığı da açıq şəkildə qeyd olunub. Plana əsasən, İsrail ordusunun ABŞ və digər zəmanətçilərin müəyyən etdiyi cədvələ uyğun olaraq bölgədən çıxarılması nəzərdə tutulur.
Rəsmi Bakı Trampın Qəzzada müharibənin dayandırılması üçün təklif etdiyi sözügedən həll planını alqışlayıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib ki, məhbusların və girovların mübadiləsi, əhalinin humanitar ehtiyacların qarşılanması uzun müddətli sabitləşmə və siyasi həll yolunda etimadın qurulması və gərginliyin azaldılması üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan XİN-in məlumatında həmçinin o da qeyd olunub ki, yalnız dialoq və xoş niyyət vasitəsilə, mərkəzində iki dövlətli həllin olduğu uzun müddətli razılaşmaya nail olmaq mümkündür.
Beləliklə, dünyanın əksər ölkələri kimi Azərbaycan da “iki dövlətli həll yolu” modelini dəstəkləyir. Bu, hazırkı məqamda beynəlxalq hüquqa və ədalət anlayışına uyğun gələn ən əlverişli modeldir. Yəhudilərin və fələstinlilərin dinc qonşuluq şəraitində yaşamaları mümkündür. Bunun üçün bu gün ilk növbədə İsrailin Qəzzaya qarşı qanlı hərbi əməliyyatları dərhal dayandırması və HƏMAS-ın da yəhudi girovları yubanmadan azad etməsi lazımdır. Hər iki tərəf qarşılıqlı etimadın yaranması üçün iradə nümayiş etdirməlidir.
Qəzzada atəşkəsin elan ediləcəyi günü bütün dünya birliyi səbrsizliklə gözləyir. Yaxın və Orta Şərqdə dayanıqlı sülh və sabitliyin bərqərar olması Azərbaycanın da maraqlarına uyğundur. Trampın təklif etdiyi plan bölgədə yeni dövrün başlanması üçün zəmin yaradır. Qəzzanın bərpası və yenidən qurulmasında digər müsəlman ölkələri kimi Azərbaycan da yaxından iştirak edə bilər. Suriyadakı uğurlu humanitar fəaliyyət təcrübəmiz də bunu əminliklə deməyə əsas verir. Azərbaycan hər zaman “Yurdda sülh, cahanda sülh”ün tərəfdarı kimi çıxış edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.