27 Sentyabr – Milli həmrəylik və ehtiram günü

Bu gün ölkə ərazisində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər keçirilir. Dövlət və hökumət nümayəndələri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri şəhidlərin xatirəsini yad edir, abidə komplekslərinə gül dəstələri düzürlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il 27 sentyabr Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin anılması məqsədilə Anım Günü kimi qeyd olunur.

2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış, 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edilmişdir.

Anım Günü münasibətilə bu gün ölkənin bütün bölgələrində, o cümlədən paytaxt Bakıda müxtəlif anım tədbirləri təşkil olunub. Məscidlərdə, kilsələrdə və digər ibadət ocaqlarında şəhidlərin ruhuna dualar oxunur. Dövlət qurumları, ictimai təşkilatlar və vətəndaşlar şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanırlar.

Anım Günü Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ayət Şirinov,

Azərbaycan Həmrəylik Komitəsinin sədr müavini

Comments are closed.

Tərcümə »