İslam həmrəyliyi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır. Müsəlman ölkələri ilə həmrəylik kontekstində ikitərəfli və çoxtərəfli əlaqələr getdikcə daha da genişlənir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın Azərbaycana növbəti səfərinə də ilk növbədə həmrəylik kontekstindən yanaşmalıyıq. BƏƏ liderinin budəfəki səfərinin ünvanı siyasi paytaxtımız deyil, mədəniyyət paytaxtımız oldu. Füzuli Beynəlxalq Hava Limanında eniş edən Şeyx Məhəmməd bin Zayed əl-Nahyan, oradan Prezident İlham Əliyev ilə birlikdə Şuşaya yollandı. Prezidentlər Daşaltıya çatarkən yolda ayaq saxladılar. Şuşa və Daşaltı Azərbaycan xüsusi təyinatlılarının qəhrəmanlıq ünvanıdır. Dövlətimizin başçısı böyük qürur hissilə ali qonağa 44 günlük müharibə zamanı hərbçilərimizin Daşaltıda necə misilsiz igidlik göstərmələrindən və Şuşanı azad etmələrindən danışdı. Prezidentlər Daşaltı qayalarının fonunda şəkil çəkdirdilər.
Cənab Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın Qarabağın incisi sayılan Şuşaya səfər etməsi sıradan bir işgüzar səfər deyil. Ərəb dünyasının ən nüfuzlu liderlərindən birinin bu səfəri birbaşa Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq dəstək nümunəsidir. Beləliklə, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi Şuşaya səfər etməklə Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəsinin nəticələrini bir daha təsdiqlədiyini nümayiş etdirdi. Başqa sözlə desək, bu səfər həmçinin Qarabağda suverenliyimizin tanınmasına və möhkəmləndirilməsinə xidmət edir. Ona görə də BƏƏ rəhbərinin Şuşaya gəlişi ölkəmiz üçün həm beynəlxalq, həm də regional planda böyük əhəmiyyət daşıyır. BƏƏ liderinin Şuşaya gəlməsi Prezident İlham Əliyevin uğurlu diplomatiyasının göstəricisidir.
BƏƏ-nin Azərbaycanla əlaqələrə nə dərəcədə böyük önəm verdiyini həm də bölgəsəl liderlik aspektindən qiymətləndirmək lazımdır. Hər iki dövlət öz bölgəsinin lideri sayılır. Belə ki, Cənubi Qafqazda Azərbaycanın, Yaxın Şərqdə isə BƏƏ-nin strateji mövqeyə sahib olması bu iki dövlətin istər enerji və nəqliyyat sahələrində, istərsə də regional təhlükəsizlik istiqamətində bir-birilə sıx əməkdaşlığa marağını daha da artırır. BƏƏ də, Azərbaycan da getdikcə qlobal siyasətdə daha fəal oyunçulara çevrilirlər. Bu iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi də ardıcıl, davamlı xarakter almağa başlayır. BƏƏ-nin COP29 qlobal iqlim sammitnin Azərbaycanda keçirilməsinə fəal dəstək verməsi buna əyani misaldır.
Ölkələrimiz arasında iqtisadi əlaqələr də sürətlə genişlənməkdədir. BƏƏ hal-hazırda Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan ərəb ölkəsi hesab olunur. Bu ölkənin nüfuzlu “Masdar” şirkəti Azərbaycanın bərpa olunan enerji bazarında irimiqyaslı layihələrə milyardlarla dollarlıq investisiyalar yatırır. BƏƏ Prezidentinin Şuşa səfərindən sonra isə sözügedən investisiya qoyuluşlarının əhatə dairəsinin daha da genişlənəcəyi şəksizdir. Belə ki, BƏƏ Prezidentinin Şuşaya səfəri çərçivəsində imzalanan iqtisadi yönümlü sənədlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına böyük investisiya yatırımları üçün əlverişli zəmin yaradır. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri bu bölgənin turizm, kənd təsərrüfatı, nəqliyyat, yaşıl enerji sektorlarına sərmayə qoymaqla böyük həcmdə gəlir qazana bilərlər. Azərbaycan və BƏƏ arasındakı dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı üçün geniş imkanlar açır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.