Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının ictimai müzakirəsinin keçiriləcəyi gözlənilir. Parlamentdə dini konfessiyaların rəhbərliyi ilə görüşlər keçiriləcək, dini abidələrin vəziyəti və dini icmaların mövcud durumu ilə bağlı ictimai müzakirələr təşkil ediləcək. Bu müzakirə və görüşlər zamanı, eləcə də qeyri-ənənəvi təriqətlərin yayılması və onların təsir imkanlarının artması, dini inanc və ateizm məsələlərinin müzakirəyə çıxarılması ölkədə sağlam dini mühitin formalaşdırılmasına həqiqətən də mühüm töhfə olardı.
Elə etməliyik ki, heç bir kənar qüvvə Azərbaycanda sabitliyi pozmaq, dinc inkişafımızın qarşısını almaq üçün dindən siyasi alət kimi, ideoloji qarşıdurma vasitəsi kimi istifadə etməyə, təxribatlar törətməyə, dini təəssübkeşlik zəminində emosiyaları qızışdırmağa səy göstərməsin. Çünki dini sahə ən həssas sahələrdən biridir. Ona görə də ölkədə tam sağlam və tolerant mühitin formalaşdırılması, qarşılıqlı hörmət və dözümə, empatiya və anlayışa əsaslanan münasibətlərin bərqərar olması əsas prioritetlərimizdən biri olmalıdır.
Dindarların və ateistlərin, deistlərin, aqnostiklərin və başqalarının bir-birilərinin inanclarına və ya dəyərlər sisteminə qarşılıqlı sayğı hissi ilə yanaşmasının vacibliyini təbliğ etmək də mühüm vəzifələrdən biridir. Bu sahədə maarifçilik işləri daha da genişləndirilməlidir. Nə dindarların ateistlərə düşmən kimi baxmalarına, nədəki ateistlərin dindarlara qarşı aqressiya nümayiş etdirməsinə, onların hisslərini təhqir etməsinə yol verilməməlidir. Ateistlər dinlərin heç birinə inanmasalar da belə, dindar həmvətənlərinin inancına, ibadətinə ehtiramla yanaşmalıdırlar. Həmçinin, dindarlar da qeyri-dindarlara “kafir”, “müşrik” damğası vurmaqdan, radikal davranış sərgiləməkdən çəkinməlidirlər.
Dinlərin ali kitablarını yandırmaq kimi ifrat hərəkətlər də yolverilməzdir. Bir azərbaycanlının müqəddəs “Qurani Kərim”i yandırması çox böyük yanlışlıqdır, ağır günahdır. Bu kimi ifrat hərəkətlər milyonlarla inanclı, vicdanlı insanın hisslərinə, dəyərlərinə qarşı açıq, nümayişkaranə şəkildə hörmətsizlikdir. Belə hərəkətlərdən çəkinmək, vətəndaş həmrəyliyi anlayışı ilə yaşamaq hər bir fərdin həm insanlıq, həm də vətəndaşlıq borcudur. Dinlərə tapınmaq, etiqad bəsləmək və ya dinsiz, inancsız yaşamaq hər bir insanın müstəqil fərdi seçimidir. Çünki biz vicdan azadlığını təmin edən dünyəvi dövlətdə yaşayırıq.
Bu məsələlərdə zor və məcburiyyət ola bilməz. Heç kimi dindar olmağa və ya ateizmə məcbur etmək olmaz. Amma hər kəs bir-birinə hörmətlə yanaşmağa borcludur. Dinlərə inamın yoxdursa da, qarşındakı dindar soydaşınının inancına, dəyərlərinə hörmətlə yanaşmalısan. Dindar da, həmçinin ateistin seçiminə dil uzatmamalıdır. Cəmiyyətimizin bütün fərdlərinə xoşgörü, dialoq, sosial kommunikasiya anlayışları aşılanmalıdır. Milli birlik və həmrəyliyi daha geniş ölçüdə təbliğ etməliyik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.