Özbəkistan 12 illik təhsil sisteminə keçəcək

Özbəkistanda 12 illik məktəbli təhsil sisteminə keçid üçün hazırlıqlara başlanılıb. 6 yaşlılar üçün bir illik hazırlığın məktəb sisteminə daxil edilməsi nəzərdə tutulur.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu, milli təhsili beynəlxalq standartlara yaxınlaşdırmalı, xüsusən də xarici universitetlərə qəbulu asanlaşdırmalıdır.

Məktəbəqədər və məktəb təhsili nazirinin müavini Sərdor Rəcəbov “Özbəkistan 24” telekanalına müsahibəsində bildirib ki, söhbət uşaqların əhatə dairəsi 100 faizə çatan hazırlıq qruplarının mərhələli şəkildə məktəb təhsili strukturuna daxil edilməsindən və milli sistemin beynəlxalq standartlara yaxınlaşmasından gedir.

“Bu mərhələnin məktəb sisteminə daxil edilməsi və 12 illik təhsilə keçirilməsi vəzifəsi qoyulub”, – nazir müavini deyib.

Rəcəbov qeyd edib ki, bu, həm təhsilin keyfiyyətini yüksəltməli, həm də abituriyentlərin xarici universitetlərə daxil olması üçün mövcud maneələri aradan qaldırmalıdır.

“Bu gün bizim məzunlarımız xarici universitetlərə daxil olarkən bir illik hazırlıq kurslarına (təqdimat kurslarına) məcbur olurlar və bir il itirilir. Əgər qanunvericiliyə 12 illik sistem tətbiq etsək, o zaman bir sıra ölkələrdə məzunlarımızın baza kursu keçməsinə ehtiyac qalmayacaq və onlar birbaşa bakalavr pilləsinə daxil olmaq imkanı əldə edəcəklər”, – nazir müavini deyib.

Nəticədə Özbəkistanda 12 illik təhsilin aşağıdakı strukturu təklif olunur:

1 il hazırlıq mərhələsi və 4 il ibtidai təhsil;
5 illik əsas ümumi orta təhsil (5-9-cu siniflər);
2 illik ümumi orta təhsil (məktəblərdə, akademik liseylərdə, hərbi məktəblərdə və ya texnikumlarda).
Bunun Özbəkistanın təhsil sistemini YUNESKO-nun beynəlxalq səviyyələrinə (ISCED-2011) uyğunlaşdıracağı gözlənilir.

Comments are closed.

Tərcümə »