DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.
İctimai Rəy xəbər verir ki, keçirilən növbəti tədbir zamanı Xəzər dənizində yerləşən strateji məkanların yaxınlığında qanunsuz olaraq balıq ovlayan 38 yaşlı Xanmurad Xanalıyev saxlanılıb.
O saxlanılan zaman xüsusi “Yamaha-40” mühərriki ilə təchiz edilmiş katerlə ərazidən yayınmaq istəsə də, polis əməkdaşlarının çevikliyi nəticəsində həmin şəxsi dayandırmaq mümkün olub.
Katerə baxış zamanı sintetik tor vasitəsilə ovlanmış 59 ədəd müxtəlif növ balıq və istifadəsi qadağan edilən balıqovlama vasitələri götürülüb.
Su polislərinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə Abşeron rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan 51 yaşlı Vüsal Nəcəfquluzadə və həmyaşıdı Tərlan Səttarov da müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı onların balıqovlama biletlərinin olmadığı müəyyən edilib. Baxış zamanı həmin şəxslərdən 93 ədəd balıq, istifadəsi qadağan edilən sintetik tor və digər ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-dən etibarən artıq bitib. Dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində balıq ovu ilə məşğul olmaq istəyənlərin nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.
Həmçinin Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri oğurlayan şəxslərə qarşı da mübarizə davam etdirilir.
Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Comments are closed.