HƏMAS dərhal danışıqlar masasına oturmağa hazır olduğunu bildirib

HƏMAS Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün girovların azad olunması ilə bağlı danışıqlara dərhal qayıtmağa hazır olduğunu bəyan edib.

“Report”un məlumatına görə, bu barədə radikal qrupun “Telegram” kanalında yayımlanan bəyanatda bildirilib.

“HƏMAS dərhal danışıqlar masasına oturmağa və bütün girovların azad olunması qarşılığında müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxması və orada dərhal fəaliyyətə başlayacaq müstəqil Fələstin hökumətinin formalaşdırılması məsələlərini müzakirə etməyə hazırdır”, – deyə bəyanatda qeyd olunub.

Hərəkatın rəhbərliyi həmçinin Vaşinqtonun vasitəçilərlə Qəzzada atəşkəslə bağlı öz baxışını təqdim etdiyini təsdiqləyib və HƏMAS-ın “anklavda aqressiyanın dayandırılmasına yönəlmiş istənilən təşəbbüsü alqışladığını” vurğulayıb.

Radikallar həmçinin “İsrailin gələcək saziş çərçivəsində öz öhdəliklərinə əməl edəcəyinə dair zəmanətlərin” verilməsini tələb edib və “vasitəçilərlə daimi əlaqədə olduqlarını, Qəzzaya dair hərtərəfli sazişin hazırlanması üzərində onlarla birgə işlədiklərini” bildiriblər.

Qeyd edək ki, sentyabrın 7-də ABŞ Prezidenti Donald Tramp HƏMAS-dan Qəzza zolağında münaqişənin həlli ilə bağlı onun irəli sürdüyü şərtləri qəbul etməyi tələb etmiş və bunun “son xəbərdarlıq” olduğunu bildirmişdi.

Comments are closed.

Tərcümə »