Futbol tariximizin üz qarasına çevrilən Santuşun istefaya göndərilməsi milli futbolumuzdakı böyük dönüşün və gələcək uğurların başlanğıcı olacaq

Azərbaycan bütün sahələrdə parlaq qələbələrə imza atan bir ölkəyə çevrilib. Biz sözün bütün mənalarında qalib ölkəyik. İdmanın müxtəlif sahələrində qazanılan qələbələrimiz də göz qabağındadır. Lakin çox təəssüf ki, eyni sözləri futbol sahəsi ilə bağlı demək mümkün deyil. Futboldakı uğursuzluqlarımız bizim ən ağrılı yerimizə çevrilib. “Qarabağ” klubunun uğurlarını nəzərə almasaq, bizi bu sahədə sevindirəcək yaxşı heçnə yoxdur. Xüsusən də millimizin davamlı uğursuzluqları hər bir azərkeşimizi dərindən məyus edir. Ona görə də bu gün xalqımıza futboldakı məğlubiyyətləri unutdurmaq qaçılmaz zərurətə çevrilib.

Heç kimə sirr deyil ki, futbol artıq çoxdan böyük siyasətin bir parçası kimi qəbul edilir. Böyük futbol arenalarında qazanılan uğurlar hər bir ölkənin imic məsələsi sayılır. Eyni zamanda, futbol vətəndaş həmrəyliyi qaynağıdır. Ona görə də bizim də bu sahədə ciddi dönüş yaratmağımız, əsaslı dəyişikliklərə start verməyimiz şərtdir. Bu dəyişikliklərə isə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin istefaya göndərilməsindən başlamaq, məncə də, düzgün qərardır. Son illərdə milli komandamızın baş məşqçisi statusunu daşıyan Fernandu Santuş futbolumuzun inkişafına təkan vermək əvəzinə, onun yerində sayması üçün əlindən gələ bilən hər cürə pisliyi etdi. Bu adam rüsvayçı məğlubiyyətlərdən qətiyyən utanmırdı, narahat olmurdu.

Yığmamızın İslandiya yığmasına 0:5 hesabı ilə uduzmasından sonra keçirilən mətbuat konfransında jurnalistin Santuşa ünvanladığı “Sizin özünüzə hörmətiniz yoxdur?” sualına onun utanıb-qızarmadan verdiyi “Mənim hələ müqavilə müddəti bitməyib” cavabı da bu adamın nə qədər məsuliyyətsiz və mənəviyyatsız bir şəxs olduğunu göstərir. Onun gözlərini pul o qədər kor edib ki, bu adam bu gün istefaya göndəriləndən sonra hətta AFFA-dan 4.5 milyon avro məbləğində təzminat da tələb edib. Bəli, o, özündə təpər tapıb Azərbaycan xalqından üzr istəmək əvəzinə, AFFA rəsmilərindən pul tələb edir və hələ utanmazcasına da deyir ki, “təzminatın məbləğində güzəştə getmək fikrindən uzaqdır”. Bu da onu göstərir ki, Fernandu Santuş üçün peşəkar məşqçi imici və rəhbərlik etdiyi komandanın uğur qazanmaq hədəfi qətiyyən önəmli deyil. Bir dostumuzun söylədiyi kimi, Santuşun Tanrısı yalnız puldur.

Bu mənada komandasının davamlı və böyük hesablı məğlubiyyətlərinə görə narahat olmayan Fernandu Santuşun baş məşqçilikdən kənarlaşdırılmasının bütün futbolsevərlərimiz tərəfindən məmnunluqla qarşılanması da anlaşılandır. Ümid edək ki, futbol tariximizin üz qarasına çevrilən Santuşun istefaya göndərilməsi milli futbolumuzdakı böyük dönüşün və gələcək uğurların başlanğıcı olacaq. Zatən ölkəmizdə futbolun dirçəlişi üçün hər cür imkanlar var. Milli komandamıza böyük uğurlar, azərkeşlərimizə isə bol-bol Qələbə sevinci arzulayıram.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »