Elçin Əmirbəyov: “Qorxuya boyun əyməkdənsə, dialoqu gücləndirmək üçün səyləri ikiqat artırmalıyıq”

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov sentyabrın 7-də “I24 News” televiziya kanalının fransız redaksiyasına müsahibə verib.

Musavat.com xəbər verir ki, o, jurnalist Kristian Maların Azərbaycan və Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq müstəvidə oynadığı vasitəçilik rolu, habelə bəzi beynəlxalq məsələlərə dair suallarını cavablandırıb.

Müsahibənin əsas məqamlarını təqdim edirik:

– Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması Qafqaz bölgəsinə necə təsir edəcək? Xüsusilə də Prezident Tramp bu məsələdə çox səy göstərib.

– 8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması baş tutub və bu, iki ölkə arasında münasibətlərin normallaşmasına doğru mühüm irəliləyişdir. Bununla belə, qeyd etmək vacibdir ki, bu mərhələdə söhbət yalnız paraflanmadan gedir, yekun imzalanmadan yox. Belə ki, sülh sazişinin imzalanması və həyata keçirilməsi üçün Ermənistan tərəfi hələ konkret addımlar atmalıdır. Xüsusilə də, Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd olan, qəbuledilməz ərazi iddialarını ifadə edən müddəalar hələ də qalmaqdadır. Buna görə, davamlı sülhün bərqərar olunması üçün Ermənistanın əsas qanunu hər iki ölkə tərəfindən artıq paraflanmış sülh sazişinin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır.

Bununla belə, sazişin paraflanması özlüyündə böyük irəliləyiş sayılır. Bu, ikitərəfli formatda aparılmış konstruktiv dialoqun, hər iki tərəfin siyasi iradəsinin və əlbəttə ki, bir sıra beynəlxalq tərəfdaşların konstruktiv dəstəyinin nəticəsidir. Xüsusi olaraq, ABŞ Prezidenti Donald Trampın şəxsi töhfəsini və səylərini yüksək qiymətləndiririk. Əgər bu proses ciddi və qətiyyətlə davam edərsə, Cənubi Qafqaz tarixində əməkdaşlıq, sabitlik və ortaq rifaha əsaslanan yeni bir səhifə açıla bilər.

– Ölkəniz və onun Prezidenti getdikcə daha çox vasitəçi rolunu oynayır. Azərbaycan həm İranın, həm də İsrailin dostudur. Bir-birinə düşmən olan bu iki rejimin baxışlarını necə uzlaşdırırsınız, xüsusilə də İranın İsrailin məhvini istədiyi halda?

– Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxşaxəli, praqmatik və milli maraqlara söykənən xarici siyasəti yürüdüb və digər ölkələrlə, o cümlədən İran və İsrail ilə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur. Bizim məqsədimiz bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə, konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir. Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə.

– Qəzzada müharibənin davam etdiyi bir vaxtda İsrail ilə Fələstin arasında “iki dövlətli həll” yeganə çıxış yoludurmu?

– “İki dövlətli həll”, bir çox beynəlxalq aktorlar kimi, bizim də gözümüzdə israillilər və fələstinlilər arasında ədalətli sülh üçün etibarlı və dayanıqlı əsas olaraq qalır. Qəzzada davam edən münaqişə bu həlli daha uzaq və kövrək edir, lakin onun aktuallığını aradan qaldırmır. Əksinə, bu faciə bizə beynəlxalq hüquqa, hər kəsin təhlükəsizliyi və ləyaqətinə əsaslanan danışıqlar yolu ilə siyasi həllin təcililiyini xatırladır. Beynəlxalq ictimaiyyətin rolu bu istiqamətdə istənilən inandırıcı təşəbbüsü fəal şəkildə dəstəkləməkdən ibarətdir.

– Biz Çin, Rusiya və Hindistanın bir tərəfdə, ABŞ, NATO və Avropanın isə digər tərəfdə olduğu təhlükəli bir parçalanmanın şahidi olmuruqmu?

– Dünya, həqiqətən də, geosiyasi tarazlıqların yenidən qurulması prosesini yaşayır. Amma geriyə dönüşü mümkün olmayan parçalanma haqqında danışmaq hələ tez olardı. İqtisadi qarşılıqlı asılılıq və iqlim, sağlamlıq və təhlükəsizlik kimi qlobal çağırışlar bizə xatırladır ki, əməkdaşlıq nəinki mümkün, həm də qaçılmaz olaraq qalır. Qarşıdurma məntiqini qidalandırmaqdansa, hər bir aktorun legitim maraqlarına hörmətlə yanaşan inklüziv multilateralizmi təşviq etmək vacibdir. Müstəqil, balanslı və dialoqa açıq bir ölkə olaraq Azərbaycan yaxınlaşma səylərinə töhfə verməyə hazırdır.

– Dünya getdikcə daha çox çalxalanır. Siz üçüncü dünya müharibəsinin astanasında olduğumuzdan qorxmursunuzmu?

– Narahatlığınız başadüşüləndir və çoxları da eyni qorxunu yaşayırlar. Doğrudur ki, dünya yüksək gərginlik dövrünü yaşayır. Bununla belə, qorxuya boyun əyməkdənsə, dialoqu, çoxtərəfliliyi və qabaqlayıcı diplomatiyanı gücləndirmək üçün səylərimizi ikiqat artırmalıyıq. Tarix bizə öyrədib ki, böyük böhranlar həm də əməkdaşlıq tərzimizə yenidən baxmağımız üçün fürsətə çevrilə bilər. Buna görə də eskalasiyanın qarşısını almaq və sülhü qorumaq üçün müdrik, ehtiyatlı və qətiyyətlə hərəkət etmək bizim kollektiv məsuliyyətimizdir.

Comments are closed.

Tərcümə »