5–7 sentyabr tarixlərində Avstriyanın mədəniyyət paytaxtı hesab olunan Salzburg şəhərində Karate A Seriyası üzrə dünya çempionatına seçmə mərhələlər və beynəlxalq yarış keçirilib. Dünyanın 77 ölkəsindən ən güclü idmançıların iştirak etdiyi bu möhtəşəm turnirdə Azərbaycan millisi də öz sözünü deyib.
Ölkəmizi 9 nəfərlik heyətlə təmsil edən karateçilərimiz gərgin və əzmkar mübarizə apararaq iki medal qazanmağa nail olublar. Gənc və istedadlı idmançımız Hüseyn Hüseynli sərt rəqiblərlə qarşılaşmalardan qalib ayrılaraq finala yüksəldi və nəticədə gümüş medal əldə edib. Digər təmsilçimiz Süleymanov Rəşid isə 3-cü yer uğrunda döyüşdə Almaniya idmançısını 4–3 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb. Bu uğur həm idmançılarımız, həm də bütün Azərbaycan üçün böyük qürur mənbəyi olub.
Komandanın kapitanı və baş məşqçisi Asiman Qurbanlının rəhbərliyi altında çıxış edən milli komandamızın əzmkarlığı və peşəkarlığı tamaşaçılar tərəfindən də yüksək qiymətləndirilib. Yarışlarda yalnız fiziki güc deyil, həm də strateji düşüncə, döyüş taktikasına sadiqlik və yüksək motivasiya ön planda idi.
Azərbaycan idmançılarına yarış ərzində qardaş Türkiyənin milli komandasının məşqçisi Hamza Kör də yaxından dəstək göstərib. Onun təcrübəsi və yardımı karateçilərimizin hazırlığında mühüm rol oynayıb. Bu, iki qardaş ölkə arasında idman sahəsində də “İki dövlət, bir millət” prinsipinin bir daha təzahürü idi.
Salzburg arenasında Azərbaycanlı idmançıları həmvətənlərimiz – Avstriyada yaşayan diaspora nümayəndələri də böyük dəstək və sevgi ilə izləyiblər. Tribunadan yüksələn “Azərbaycan!” şüarları gənc karateçilərimizə əlavə motivasiya verib.
Turnir başa çatdıqdan sonra isə Salzburgda fəaliyyət göstərən Azərbaycan Evində milli komandanın şərəfinə möhtəşəm ziyafət təşkil olunub. Tədbirdə Azərbaycanın uğurunu təbrik etmək üçün Almaniya karate millisinin baş məşqçisi Nika Tsurtsumia, Türkiyə milli komandasının gənclər üzrə baş məşqçisi Hamza Kör və Ukrayna yığmasının baş məşqçisi Oleksander Tonkoşkur da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan diaspora rəhbəri Fərid Əzizov idmançılarımızı təbrik edərək onların uğurunun Azərbaycan gənclərinin idmana sevgisinin bariz nümunəsi olduğunu vurğulayıb. Ardınca komandanın kapitanı Asiman Qurbanlı çıxış edərək karateçilərimizin daha böyük nailiyyətlər üçün daim çalışacaqlarını bildirib. Türkiyəli məşqçi Hamza Kör isə çıxışında bu turnirin yalnız idman baxımından deyil, həm də qardaşlıq bağlarını möhkəmləndirən əhəmiyyətli bir tədbir olduğunu qeyd edib.
Xüsusi diqqətəlayiq məqamlardan biri isə Almaniya yığmasının baş məşqçisi Nika Tsurtsumianın Azərbaycanlı karateçi Rəşid Süleymanovun çıxışını yüksək qiymətləndirməsi oldu. Onun sözlərinə görə, gənc idmançı böyük gələcək və parlaq perspektivlər vəd edir.
Tədbirin sonunda komanda üzvləri Azərbaycan Evində xatirə kitabına ürək sözlərini yazdılar və bütün iştirakçılarla birlikdə xatirə şəkilləri çəkdirilib.
Azərbaycan karateçilərinin Salzburgdakı uğuru təkcə medallarla ölçülmür. Bu, həm də milli ruhun, birliyin, əzmin və idmana olan sevginin parlaq göstəricisidir. Komandamızın qazandığı bu nailiyyətlər gənclərimiz üçün nümunədir və gələcək qələbələrin müjdəçisidir.
Comments are closed.