“Azərbaycan həbsdəki rusları azad etməlidir” – Zaxarovanın bu tələblərinə qarşı bizim daha çox tələbimiz var
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanla Moskva arasında münasibətlərin normallaşması üçün şərt irəli sürüb.
Musavat.com-un xəbər verdiyi kimi o bildirib ki, Azərbaycanın həbsdə saxladığı 13 Rusiya vətəndaşının azadlığa buraxılması münasibətlərin yaxşılaşması istiqamətində mühüm addım ola bilər. Zaxarova qeyd edib ki, bu məsələ avqustun 22-də Həştərxanda keçirilən Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclasında ətraflı müzakirə olunub və Moskvanın mövqeyi Azərbaycan nümayəndə heyətinə çatdırılıb.
Musavat.com yazarının fikrincə, bu açıqlama Kremlin Bakı ilə dialoqda ultimatum ritorikasına üstünlük verdiyini göstərir. Çünki Rusiyanın özündə illərdir Azərbaycan vətəndaşlarına qarşı ciddi təzyiqlər, haqsız həbslər və təqiblər davam edir. Diaspor rəhbərləri və fəallar – o cümlədən Səfərov qardaşları, Şahin Şıxlinski və onun oğlu, müxtəlif şəhərlərdəki azərbaycanlı təşkilatların rəhbərləri və iş adamları ya həbs olunub, ya da deportasiya edilib. Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi, günahsız miqrantların konslager şəraitini xatırladan saxlanma yerlərində əzilməsi, işgəncə və təhqirlərlə üzləşməsi hələ də yaddaşlardan silinməyib. 25 dekabr 2024-cü ildə Azərbaycan təyyarəsinin vurulması ilə başlanmış gərginlikdən bu yana Moskvanın siyasəti faktiki olaraq həm soyuq müharibə, həm də isti təxribat elementləri daşıyır.
Müşahidəçilər hesab edirlər ki, Rusiya tərəfi əvvəlcə öz cinayətlərinə görə cavab verməli, vurulan təyyarəyə görə məsuliyyət daşımalı, həlak olanların ailələrinə kompensasiya ödəməli, qanunsuz həbsdə saxladığı azərbaycanlı diaspor fəallarını azad etməli, Yekaterinburqda qətlə yetirilən soydaşlarımıza görə üzr istəməli və kompensasiya verməlidir. Bu addımlar atıldıqdan sonra Bakının Moskvanın tələblərinə cavab verib-verməməsi barədə düşünmək mümkündür.
Bizə görə, Zaxarovanın dili ilə edilən bu tələb Azərbaycanın ünvanına açıq şantajdan başqa bir şey deyil və Azərbaycan heç bir halda belə birtərəfli diktələrə boyun əyməməlidir.
Comments are closed.