Musavat.com xəbər verir ki, diplomatik kulislərdə əsil sensasiya kimi dəyərləndirilən məlumat yayılıb: ABŞ prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin 4 sentyabr, cümə axşamı Parisdə eyni masa arxasında görüşəcəklər.
Məlumata görə, Yelisey sarayında keçiriləcək bu görüş təkcə Tramp, Putin və Zelenski ilə məhdudlaşmır. Diplomatik mənbələrin bildirdiyinə görə, Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi edəcəyi toplantıya Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın baş naziri Kir Starmer, Niderland lideri Mark Ryutte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qatılacaq. Bu, əslində, Qərbin ən nüfuzlu simalarının Moskva–Kiyev savaşına dair masada toplanması kimi qiymətləndirilir.
Əldə olunan məlumata görə, Yelisey sarayı bu barədə rəsmi açıqlama verməkdən imtina edib. Rəsmi Parisin susqunluğu görüşün əhəmiyyətini və kuluarlarda gedən intensiv diplomatik hazırlıqları daha da artırır. Bu, həm də o deməkdir ki, danışıqların formatı və gündəliyi hələ tam açıqlanmır və məxfi saxlanılır.
Paris görüşü Ukraynadakı müharibənin gedişatında yeni dönüş nöqtəsi ola bilər. Diplomatik müşahidəçilər bildirirlər ki, Trampın təşəbbüsü Avropanın aparıcı liderləri tərəfindən dəstəklənib və bu, Qərbin müharibəni siyasi masada həll etməyə daha çox maraq göstərdiyini təsdiqləyir.
Məlumatın mənbəyi kimi göstərilən FT – “Financial Times” Böyük Britaniyada nəşr olunan və dünyada ən nüfuzlu maliyyə-iqtisadi, həm də siyasi xəbərlər dərc edən qəzetlərdən biridir. Bu media orqanı Qərb diplomatiyası və beynəlxalq siyasət mövzularında etibarlı mənbə hesab olunur. Hazırda yayılan xəbərin də məhz “FT” tərəfindən diplomatik dairələrə istinadən tirajlanması hadisənin reallığına daha çox inam yaradır.
Musavat.com bildirir ki, əgər Putin növbəti dəfə görüşdən qaçmasa, Paris görüşündə əsas müzakirə mövzuları atəşkəsin bərqərar olunması, təhlükəsizlik zəmanətləri və Ukraynanın gələcək siyasi statusu olacaq. Əgər tərəflər müəyyən razılıq əldə edə bilsələr, bu, Avropada yeni sülh prosesinə yol aça bilər. Lakin müşahidəçilər eyni zamanda ehtiyat edirlər ki, Moskva və Kiyev arasında kompromis tapmaq hələ də çox çətin olacaq.
Comments are closed.