İŞİD-çi ailələri Azərbaycana verilir – sensasion rəqəm

Hüquqşünas deyir ki, bu şəxslərin hüquqi statusları ilə bağlı qanunvericilikdə bir sıra boşluqlar mövcuddur

İraq hakimiyyəti hazırda həbsxanalarda saxlanılan çoxsaylı əcnəbi qadın və onların övladlarını mərhələli şəkildə azad edərək vətənlərinə yollamaq planı üzərində işləyir. Xarici mənbələrin məlumatına görə, həmin qadınların əksəriyyəti “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının üzvləri ilə nikaha girməkdə və ya onlarla əlaqədə olmaqda ittiham edilərək həbs edilib. 

İraq təhlükəsizlik orqanlarının nümayəndələri bildiriblər ki, məhbusların çoxu Rusiya, Türkiyə və Azərbaycan vətəndaşlarıdır. Onların bir qismi könüllü şəkildə, bir qismi isə məcburi olaraq İŞİD üzvləri ilə ailə həyatı qurub.

“Yeni Müsavat” “TESAA”ya istinadən xəbər verir ki,  İraq Ədliyyə Nazirliyi avqustun 23-ü əcnəbi və ərəb əsilli qadın məhbusların, həmçinin onları müşayiət edən uşaqların memorandumlardan, əməkdaşlıq sazişlərindən və qarşılıqlılıq prinsipindən irəli gələrək öz ölkələrinə deportasiyası planının icrasına başlandığını elan edib. Nazirliyin sözçüsü Əhməd Laibi bildirib ki, Milli Təhlükəsizlik üzrə Ali Nazirlər Şurası ədliyyə naziri Xalid Şavaniyin rəhbərliyi ilə Ali komitə yaradılması barədə göstəriş verib. Komitəyə Ali Məhkəmə Şurasının, Xarici İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Məsləhətçiliyinin nümayəndələri də daxildir. Laibinin sözlərinə görə, komitə artıq müvafiq ölkələrin səfirlikləri ilə əməkdaşlıq edərək deportasiya prosedurlarının başlanması istiqamətində iş aparır. O, İraq islah müəssisələrində yüzlərlə qadın məhbusun və onların uşaqlarının saxlanıldığını vurğulayıb.

Qərara əsasən, yalnız ölüm hökmünə məhkum edilən qadınlar deportasiya prosedurlarına daxil edilməyəcək. Digər qadınlar və onların uşaqları isə yaxın zamanda öz ölkələrinə göndəriləcək. Rəqəmlərə əsasən, hazırda İraq həbsxanalarında təxminən 625 əcnəbi qadın və 60 azyaşlı saxlanılır.

Hökumət artıq xüsusi komissiya yaradaraq xarici məhbusların deportasiya prosesini planlaşdırır. Bu qərar, həmçinin İraq həbsxanalarının kəskin doluluğu ilə əlaqələndirilir. Rəsmi statistikaya görə, ölkənin 31 həbsxanasında hazırda 65 min nəfər var ki, bu da onların real tutumunu – 30-35 min nəfəri – iki dəfəyə qədər üstələyir.

Siyahıda dəqiq rəqəmlər açıqlanmasa da, Azərbaycan vətəndaşı olan qadınların sayca çoxluq təşkil etdiyi vurğulanır. Onların arasında müxtəlif illərdə Suriyaya və İraqa gedərək orada İŞİD üzvləri ilə evlənən və yaxud iradələri xaricində həmin bölgələrdə saxlanılan şəxslər mövcuddur.

Qeyd edək ki, İraqla Azərbaycanı bir çox bağlar bağlayır. Hazırda da Azərbaycan və İraq arasında əlaqələr inkişaf edir, beynəlxalq təşkilatlarda əməkdaşlıq var. Hələ sovet vaxtı, 1974-cü ildə İraq Respublikasının Bakı şəhərində Baş Konsulluğu fəaliyyət göstərib. SSRİ respublikaları arasında yeganə ilk İraq konsulluğu Bakıda açılıb. Sovet İttifaqının dağılmasından sonra İraq Azərbaycanın müstəqilliyini tanıyan ilk on dövlətdən biri olub və 1992-ci ildən etibarən ölkələrimiz arasında diplomatik əlaqələr səfirlik səviyyəsinə yüksəlib.

İndi də iki ölkə arasında münasibətlərin yeni mərhələsi başlanır. Sadəcə, İraqda uzun illər mövcud olmuş qeyri-sabitlik səbəbindən əlaqələr kəsilib. Və bu müddətdə İraqdakı terror qruplarına, İŞİD-ə qoşulan azərbaycanlılar da olub. Onların bir qismi öldürülüb, bir hissəsi həbsdədir, bəziləri Azərbaycana gələrkən istintaqa cəlb olunub. İraqda İŞİD-in tərkibində döyüşüb həlak olmuş azərbaycanlıların orada qalan arvad-uşaqları da var.

Bu ilin mayında Bağdadda Azərbaycan və İraqın xarici işlər nazirləri Ceyhun Bayramov və Fuad Hüseyn arasında nümayəndə heyətlərinin tərkibində danışıqlar aparılıb.

“Biz Azərbaycan vətəndaşı olan qadın İŞİD üzvlərinin mövcudluğunu və onların öz ölkəsinə qaytarılmasını müzakirə etdik. Xarici İşlər Nazirliyi bu məsələləri davamlı olaraq izləyir”, – İraq XİN rəhbəri əlavə edib.

Azərbaycan İŞİD-ə qoşulanların ailələrinin qaytarılması prosesini yekunlaşdıra biləcəkmi? Yəni onların sayını dəqiqliklə bilmək mümkündürmü? 

Hüquqşünas Ramil Süleymanov: “Sumqayıtda söküntü aparan şirkət sakinləri  qorxudur” | Sumqayit24.az

Ramil Süleymanov

Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Deməli, 2009-2010-cu illərdən etibarən Azərbaycanda İslam dininin müxtəlif məzhəblərinə və təriqətlərinə mənsub olan bir sıra şəxslər İraq və Suriyaya gedərək, oradakı dırnaqarası cihad çağırışına qoşuldular. Lakin sonrakı illərdə həmin bölgələrdə gedən aktiv hərbi əməliyyatlar nəticəsində onların bir qismi həyatını itirdi. Nəticədə Azərbaycanda rəsmi nikahda olduqları həyat yoldaşları və övladları həmin münaqişə zonalarında qaldılar.

Həmin qadınların geri qayıtması isə mümkünsüz hala gəldi. Çünki həmin ərazilərdə dırnaqarası şəriət qanunları adı altında hökm verən müəyyən dini qruplar onların öz ölkələrinə dönməsinə qadağa qoyaraq fətvalar verdilər. Bu fətvalara əsasən, qadınların həmin bölgədə digər müsəlman olan şəxslərlə nikahları kəsilməklə orada qalmaqları təmin olundu. Nəticədə bir çox qadın orada qalmağa məcbur oldu.

Hazırda Azərbaycanda da bu qəbildən olan qadınlar mövcuddur. Hətta onların münaqişə zonalarında bağladıqları qeyri-rəsmi nikahlardan dünyaya gələn uşaqlar da Azərbaycan dövləti tərəfindən həmin ailənin övladları kimi qəbul edilir və hüquqi baxımdan rəsmiləşdirilir.

Həmin uşaqların ataları ölmüş şəxs kimi, anaları isə onları dünyaya gətirən hüquqi valideyn kimi qəbul olunur. Çünki bununla bağlı Ailə Məcəlləsində konkret tələblər mövcuddur”.

Hüquqşünas qeyd edib ki, bu şəxslərin hüquqi statusları ilə bağlı qanunvericilikdə bir sıra boşluqlar mövcuddur. Bu hüquqi rejimin tətbiq olunması üçün dövlət müəyyən hüquqi amnistiyalar elan etməlidir, onların barəsində aparılan araşdırmaları yekunlaşdıraraq, əməllərinə daha yüngül hüquqi qiymət verməlidir. Bununla yanaşı, həmin şəxslərin faktiki və sosial  vəziyyətlərini tənzimləmək üçün konkret tədbirlər planı hazırlanmalıdır. Hazırkı şəraitdə həmin şəxslərin cəmiyyətə adaptasiyası olduqca ciddi problem olaraq qalır. Buna görə də dövlət bu istiqamətdə mütləq şəkildə məqsədyönlü addımlar atmalıdır. Bundan əlavə, Azərbaycan dövləti xaricdə yaşayan bütün soydaşlarının hamisi kimi çıxış edir və onların hüquqi yardım almasını təmin etmək öhdəliyinə malikdir.

Bu baxımdan, İraqda fəaliyyət göstərən Azərbaycan səfirliyi daha aktiv mövqe tutmalı, həm İraq, həm də Suriyada olan azərbaycanlı qadınların, xüsusilə də sənədsiz vəziyyətdə olanların statistikasını aparmalı və onların dəqiq sayını müəyyənləşdirməlidir. Ardınca isə həmin şəxslərin ölkəyə təhlükəsiz şəkildə geri dönməsini təmin etmək üçün xüsusi mexanizmlər yaradılmalıdır. Düşünürəm ki, bu, ən doğru yoldur”.

Comments are closed.

Tərcümə »