Vilayəti kimi dırnaqarası “müşavir”lər Azərbaycan Prezidentinin ifşaedici açıqlamasından sonra bir daha ictimaiyyət arasına çıxmasalar yaxşıdır
Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına geniş müsahibəsində İran Prezidenti Məsud Pezeşkianla bağlı təqdimatı doğrudan da çox səmimi və olduqca möhtəşəm təqdimatdır. Dövlətimizin başçısı müsahibəsində Pezeşkianı çox istedadlı insan kimi xarakterizə edib və onunla eyni qanı daşıdıqlarını, eyni dildə danışdıqlarını, tərcüməçiyə ehtiyaclarının olmadığını qeyd edib:
“İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.
Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır”.
Cənab Prezidentimizin Pezeşkianla bağlı xoş sözləri həqiqətən də əsl qardaşlıq və həmrəyliyin ifadəsidir. Maraqlıdır ki, Pezeşkianın da Azərbaycan dövlətinə və xalqına və şəxsən İlham Əliyevə münasibəti qarşılıqlı surətdə səmimi və istidir. Çünki Prezidentimizin müsahibədə vurğuladığı kimi Pezeşkian da bizimlə eyni qanı, eyni genləri, eyni milli kimliyi daşıyır.
Bu baxımdan, bu gün İranın molla rejiminin Azərbaycana qarşı destruktiv, xoşagəlməz addımlarına son qoyulması və İran-Azərbaycan münasibətlərinin dinc-faydalı zəmində inkişaf etməsi üçün həqiqətən də çox yaxşı fürsət yaranıb. Bunu Cənab Prezident də “Əl-Ərəbiyyə”yə müsahibəsində xüsusi olaraq vurğulayıb: “Bu, həqiqətən də yaxşı fürsətdir. Düşünürəm ki, bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur”.
Dövlətimizin başçısının bu açıqlamasından da göründüyü kimi İranın Azərbaycan əsilli Prezidentində və onun administrasiyasında hal-hazırda bizə qarşı çox müsbət münasibət formalaşıb. Və bu da bizi qane edir. Çünki bizim üçün fars-molla rejiminin yox, məhz İran xalqı tərəfindən, o cümlədən Güney Azərbaycan türkləri tərəfindən legitim surətdə seçilən İran Prezidentinin və onun komanda üzvlərinin mövqeyi əsasdır. Prezident İlham Əliyev də məhz bu məqamı önə çəkərək, “Əl-Ərəbiyyə”nin müxbirinin “Bəs digərlərinin mövqeyi necə?” sualına olduqca mükəmməl cavab verib: “Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq”.
Dövlətimizin başçısı fars-molla rejiminin təmsilçilərinin, müşavirlərinin səsləndirdikləri pozucu, neqativ fikirlərin bizim üçün əhəmiyyətli olmadığını bildirib. Gəlin müsahibənin həmin hissəsinə bir daha nəzər salaq: “Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu…
Müxbir: Siz rəhbərin müşavirini və digərləri nəzərdə tutursunuz?
Prezident İlham Əliyev: Bəli. Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil. Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur”.
Göründüyü kimi bu müsahibə fars-molla rejiminin yalançılığını ifşa edir. Əli Əkbər Vilayəti kimi dırnaqarası “müşavir”lər, “siyasətçi”lər Azərbaycan Prezidentinin bu cür ifşaedici açıqlamasından sonra bir daha ictimaiyyət arasına çıxmasalar yaxşıdır. İlham Əliyevin fikirləri molla rejimi üçün sözün yaxşı mənasında əsl dərsdir. Mollalar məhz bu müsahibədən öz səhvlərini görmək və Azərbaycana qarşı yalnış siyasətlərini düzəltmək üçün güzgü kimi və ya “yol xəritəsi” kimi istifadə edə bilərlər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.