Rusiyanın atom buzqıranı “Arktika” gəmisinin ikinci kapitan köməkçisi Nina Vdovina tezliklə vəzifə yüksəlişi üçün imtahan verəcək. O, həmçinin atom donanmasında qadınların sayının artdığını qeyd edib.
Bu barədə “Vzglyad” qəzeti yazıb.
Nina Vdovina bildirib ki, iki gün ərzində Murmanskda imtahan verəcək və uğurla keçərsə, “Rostexnadzor”un icazəsi ilə atom obyektini idarə etmək səlahiyyətinə malik kapitanın baş köməkçisi təyin oluna bilər.
Vdovinanın sözlərinə görə, onun dənizçi peşəsinə marağı ailəsindən qaynaqlanır: babası uzaq səfərlər edən kapitan olub, anası və qardaşı da donanma ilə həyatlarını bağlayıblar.
O deyib ki, karyerasının əvvəlində təhsil və cinsiyyətinə görə çətinliklərlə üzləşib, lakin yüksək ixtisaslı təhsil alaraq S.O. Makarov adına Dəniz və Çay Donanması Universitetinə daxil olub.
“Ümumiyyətlə, indi gənc qadınların donanmada vəzifə tutması nadir hal deyil. Atom buzqıran donanmasında kifayət qədər gənc baş köməkçilər var – 27, 28 yaşında. Hətta elə bir xanım var ki, 28 yaşında baş köməkçi olub. Prezident isə ona görə təəccübləndi ki, neçə yaşım olduğunu bilmirdi. Mən olduğumdan daha gənc görünürəm. Bu, yəqin ki, genetika ilə bağlıdır. Görüşdən sonra məndən soruşdular ki, niyə prezident məni məktəbli sanıb, halbuki 31 yaşım var. Mən həmişə zarafatla deyirəm ki, Arktika insanın gəncliyini qoruyur, orada soyuq havaya görə insanlar qocalmır”,-deyə rusiyalı gənc qeyd edib.
O, həmçinin bildirib ki, atom donanmasında qadınların sayı yalnız xidmətçi heyətdə deyil, həm də mühəndislər arasında artır. Lakin “Arktika” gəmisinin heyətində 54 nəfərdən yalnız 5-i qadındır. Hazırda Vdovina məzuniyyətdədir, buzqıran isə dekabrda yeni səfərə çıxacaq və heyət Yeni ili Ob körfəzində qarşılayacaq./BAKU.WS
Comments are closed.