Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər. APA-nın məlumatına görə görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.
Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.
Lakin Azərbaycan şairi İmadəddin Nəsiminin məzarının ölkəyə gətirilməsinə bəzi ziyalılar birmənalı yanaşmır. Məsələn, şərqşünas alim, nəsimişünas Səadət Şıxıyeva Nəsiminin məzarının Azərbaycana köçürülməsinə ehtiyac olmadığını bildirib:
“Nəsiminin məzarını deyil, dünya kitabxanalarında mövcud olan əsərlərinin əlyazmalarını Azərbaycana gətirmək lazımdır. Hələb Nəsiminin alın yazısıdır, ilahi təqdirdir. Özü də o məkanı seçdi, ora ilə bağlı siyasi-ictimai və dini ideyalar yolunda canından keçdi. Şairin məzarını dəyişmək ideyası nə din, də tarix baxımından doğru deyil. Onun məzarının ətrafında doğmaları, şəxsiyyətinə sevgiyə görə yaxınlığında dəfn olunmağı vəsiyyət edən əsilzadələrin məzarı var.
Şairimizə, mütəfəkkirimizə sahib çıxmanın yolu onu əbədi uyuduğu məkandan çıxarıb saxta qəbir düzəltmək deyil. Nəsiminin məzarı üzərində tikilən türbə yüzillər boyunca ziyarətgah olub, bu gün də o statusdadır. Əgər bütün mühacir şairlərimizin məzarı dəyişdiriləsi olsa, onda Azərbaycanda böyük bir saxta məzarıstan yaradılar. Onda gərək Xaqani, Fələki, Füzuli, Bakıxanov və digərlərinin də məsələsi qaldırıla. Bunlar gərəksiz və ciddi olmayan təkliflərdir. Şəhid şairimizin ruhunu narahat etməyin, lütfən”.
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Musavat.com-a danışıb.
Millət vəkilinin fikrincə, bu məsələdə nəsimişünas Səadət Şıxıyeva tamamilə haqlıdır:
“Mən də bu mövqedəyəm. Hansısa bir şəkildə təhlükəsizliklə bağlı problem yoxdursa, məzarın gətirilməsi düşünülə bilər. Amma indi buna nə ehtiyac var? Lap tutaq ki, gətirildi, Azərbaycanda dəfn edildi. İndi burada dəfn etdikdən sonra guya vəziyyət dəyişir? Nəsiminin şəhərin mərkəzində heykəli var. Kimsə gedib Nəsiminin heykəlinə əlavə gül qoyur, yaxud ibadət edir? Və ya xüsusi sayğı göstərir? Yəni bunların hamısı müəyyən dərəcədə bir dövr üçün Azərbaycanın klassik şairlərinin tanınması və başqa məsələlərlə bağlı aparılan təbliğat idi”.
Fazil Mustafa Hüseyn Cavidin məzarının gətirilməsini isə tamamilə düzgün addım hesab etdiyini deyib:
“Çünki itib-batacaqdı və Hüseyn Cavid tipik azərbaycanlı şair idi. Ona görə də bu addım düzgün idi. Mən heç Məmməd Əmin Rəsulzadənin də məzarının gətirilməsinin tərəfdarı deyiləm. Yəni bu “məzar dəyişikliyi” məsələsi açığı, bir az məntiqli sayılmır. Əsas olan adamın irsidir, məktəbidir, yoludur. Bunu yaşatmaq lazımdır və bu istiqamətdə də ciddi işlər görülməlidir. Ona görə də Nəsiminin məzarı üzərində bu cür müzakirələrin aparılmasını doğru hesab etmirəm. Yəni, durduq yerdə nə var ki, bunu etməyə çalışırlar? Sadəcə bunun əvəzinə Nəsimiyə xərclənəcək vəsaiti yaşayan şairlərə, istedadlı yaradıcı düşüncə adamlarına sərf etmək lazımdır ki, müasir dövrümüzü ayaqda tuta bilsinlər”.
Fazil Mustafa sonda vurğulayıb ki, artıq klassiklərə həddən artıq pərəstişkarlıqdan uzaqlaşmaq və daha çox müasir dəyərləri yaradan insanların fəaliyyətini qabartmaq lazımdır:
“Biz həddindən artıq klassiklərimizə, onların irsinə və abidələrinə çox vəsait xərcləyirik. Lakin yaşayanlara, bu gün ədəbiyyat və mədəniyyət yaradanlara eyni diqqəti yönəltmirik. Əslində buna daha çox diqqət yetirmək lazımdır. Çünki müasir Azərbaycan üçün klassiklərin verdikləri artıq bitib. Onlar bizə daha nə verə bilərlər? Ən uzağı bir şeir nümunəsi və ya tarixi bir fakt olaraq qalacaqlar. Amma bu gün yaşayan, irsi itib-batmaq təhlükəsi ilə üzləşən şəxslərə dəstək vermək vacibdir.
Hesab edirəm ki, bu mövzuda bir az klassiklərə pərəstişkarlıqdan uzaqlaşmaq lazımdır. Daha çox müasir dövrün dəyərlərini əks etdirən, bugünkü cəmiyyətin ehtiyaclarına cavab verə biləcək insanların fəaliyyətini önə çəkmək daha məqsədəuyğun olardı”.
Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınır.
Daha sonra Heydər Əliyev məzarı ziyarət edir.
2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilib.
Comments are closed.