Yuliya Navalnaya Putinə meydan oxudu

Rusiya müxalifətinin simalarından olan Yuliya Navalnaya beynəlxalq tədbirlərdə çıxışlarını davam etdirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu dəfə Baltik dənizi Parlament Konfransında çıxış edərək Rusiyanın “Putinsiz gələcəyi” haqqında mesajlar verib.

Yuliya Navalnayanın sözlərinə görə, o, tədbirdə “Putinsiz, normal” Rusiyanı təmsil edir. Onun sözlərinə görə, bu Rusiya hazırda repressiyalara məruz qalır, “praktiki olaraq səsvermə hüququndan məhrum edilib”, lakin “hələ də ümidini və arzularını itirməyib” – heç kimlə müharibə aparmayan, qonşularla ümumi rifah naminə əməkdaşlıq edən bir ölkə olmaq istəyir.

“Müxtəlif beynəlxalq platformalarda çıxış edərkən mən bu ümidləri bölüşən milyonlarla rusiyalının səsini geri qaytarmaq istəyirəm. Mənə elə gəlir ki, onların eşidilməsi çox vacibdir”, – deyə Navalnaya bildirib.

O xatırladıb ki, Baltik dənizi Parlament Konfransı 1991-ci ildə təsis olunub və ilk tədbirdə SSRİ Ali Sovetinin nümayəndə heyəti də iştirak edib. Navalnayanın sözlərinə görə, Kreml “əməkdaşlıq və tərəfdaşlıqda heç bir dəyər görmür”, yalnız “qüvvəni və güclünün haqqını” qəbul edir.

Siyasətçi həmçinin üç həftə əvvəl – avqustun 1-də Helsinkidə mühüm yubileyin qeyd olunduğunu yada salıb: Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin Yekun Aktının imzalanmasının 50 illiyi. Həmin sənəddə sərhədlərin toxunulmazlığı prinsipi təsbit olunmuşdu və 35 ölkə, o cümlədən SSRİ, bunun altına imza atmışdı. Navalnayanın sözlərinə görə, Putin bu prinsipi 2014-cü ildə pozdu və “daha da irəli getdi”. Bu isə göstərir ki, o hakimiyyətdə olduğu müddətdə “nə sülh, nə də əməkdaşlıq gözləmək olar”.

“Putin hələ bütün Rusiya deyil. Mənim ölkəmdə milyonlarla insan tərəfdaşlıq, sülh və hörmət prinsiplərinə sadiqdir. Gün gələcək, onların nümayəndələri, ədalətli, rəqabətli və demokratik seçkilərdə seçilmiş insanlar, yenidən sizinlə bir zalda, bir masa arxasında olacaqlar. Mən bunun üçün bütün gücümü sərf edəcəyimə söz verirəm”, – deyə siyasətçi əlavə edib.

Baltik dənizi Parlament Konfransı (BDPK) — hər il keçirilən tədbirdir. Burada Baltik regionunda inkişaf və əməkdaşlıq məsələləri müzakirə olunur. Bu il konfrans Finlandiya tərkibindəki muxtar bölgə olan Aland adalarının paytaxtı Mariehamnda keçirilir.

Comments are closed.

Tərcümə »