Erməni politoloq: Sülh iqtisadi artıma töhfə verə bilər, lakin risklər qalmaqdadır

Beynəlxalq reytinq agentliyi Fitch Ratings bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi iqtisadi artıma və kredit göstəricilərinə müsbət təsir göstərə bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı yerli iqtisadçı Suren Parsyan mülahizələr yürüdüb.

Erməni İqtisadçının fikrincə, iki ölkə arasında birbaşa ticarət yaxın vaxtlarda çox güman ki, mümkün olmayacaq, çünki uzunmüddətli münaqişə hələ də etimadsızlıq doğurur. Ermənistan üçün əsas iqtisadi üstünlük tranzit gəlirlərindədir. Lakin Parsyan vurğulayıb ki, Naxçıvan–Azərbaycan marşrutu üzrə yük həcmi ciddi qazanc gətirmək üçün yetərli deyil. Əsl böyük fayda o zaman əldə oluna bilər ki, Mərkəzi Asiya ölkələri, həmçinin Çin və Hindistan öz yüklərini Avropaya daşımaq üçün bu nəqliyyat dəhlizindən istifadə etsinlər. Bunun üçün Ermənistan həmin ölkələrlə danışıqlar aparmalı və onlara sərfəli əməkdaşlıq şərtləri təklif etməlidir.

Parsyan həmçinin xatırladıb ki, Çin artıq qonşu Gürcüstanda nəqliyyat infrastrukturunu fəal inkişaf etdirir və yüklərin Avropaya daşınması üçün limanlardan birini icarəyə götürüb. Bu isə Çinin Ermənistan marşrutuna marağını azalda bilər. Onun iddiasına görə, Ermənistan marşrutu yalnız alternativ rol oynaya bilər.

Erməni ekspert hesab edir ki, sazişin əsas məqsədi iqtisadiyyat deyil, təhlükəsizlikdir və yeni sənədin imzalanması potensial eskalasiyanın qarşısını almağa yönəlib. Parsyanın fikrincə, bu həm də bölgədə sülhün qorunmasında maraqlı olan bir supergücü cəlb etmək vasitəsidir.

Comments are closed.

Tərcümə »