Dövlətimizin başçısının Kəlbəcərdən ünvanladığı mesajlar sülhə çağırışın göstəricisidir

Böyük Qayıdışımız uğurla davam edir. İşğaldan azad edilmiş ərazilərimizə hər qayıdış bir dirçəliş səhifəsinin yazılması deməkdir. Ötən gün kəlbəcərlilər də Böyük Qayıdış prosesinə qoşulmaqla yeni bir dirçəliş dövrünün başlanğıcını qoydular. Kəlbəcərlilərin 32 illik torpaq, yurd həsrətinə avqustun 20-də son qoyuldu. 1993-cü ildən başlayan məcburi köçkünlük həyatı kəlbəcərlilər üçün başa çatdı, ağrı-acılı illər keçmişdə qaldı, tarixə çevrildi. Kəlbəcərlilər üçün ən yeni tarix çox möhtəşəm başladı. Bu, bütövlükdə tariximizə yazılan növbəti uğur səhifələrindən biridir.

Son aylarda dövri mətbuatda Kəlbəcərə koçün başlayacağı, Kəlbəcərin öz doğma sakinlərini qəbul etməyə hazırlaşdığı barədə xəbərlərlə tez-tez rastlaşırdıq. Kəlbəcərlilər bu günü böyük səbrsizliklə gözləyirdilər. Avqustun 20-də kəlbəcərlilər üçün sözün bütün mənalarında tam yeni həyat başladı. Zəngilan, Cəbrayıl, Laçın, Xocalı, Xankəndi, Ağdərə, Şuşa, Ağdam və Füzulinin ardınca Kəlbəcər də Böyük Qayıdışın “yol xəritəsi”nə qoşuldu. Avqustun 20-21-i tarixlərində Prezident İlham Əliyev Gəncə və Ağdərə rayonuna səfər etməklə yanaşı, Kəlbəcər şəhərinə də getdi, Böyük Qayıdışın Kəlbəcər mərhələsinin startını verdi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərə köçən sakinlərlə görüşü Kəlbəcərin quruculuq və dirçəliş dövrünün rəmzi kimi olduqca əhəmiyyətlidir.

Kəlbəcərli soydaşlarımızın üzlərindəki, gözlərindəki sevinc hissini görmək hamımızda xoş ovqat yaratdı. Kəlbəcərdə həyatın yenidən canlanması bütün azərbaycanlıları çox sevindirir. Biz bu günləri illərlə gözləmişik. İndi Kəlbəcər erməni vandalizminin izləri ilə vidalaşır, bu torpaqlarda yeni dövr, yeni həyat başlayır. Prezident İlham Əliyevin Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə vurğuladığı kimi bu gün Kəlbəcərdə tamamilə yenidən inşa edilən gözəl binaların ətrafındakı bu görüş də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaradırıq.

30 ilə yaxın davam edən işğal dövründə ermənilər bütün şəhər və kəndlərimizi viran qoyublar. Bu barbarlar, işğal illərində Kəlbəcər şəhərində də bir dənə salamat bina saxlamayıblar. Ermənilər hamısını kütləvi surətdə dağıdıb, talayıblar. Və bütün bu vəhşilikləri dövlətimizin başçısının da qeyd etdiyi kimi beş-on nəfər hansısa oğru-quldur yox, bütün ermənilər toplu şəkildə ediblər. Bu isə o deməkdir ki, bütövlükdə erməni cəmiyyəti xəstə təfəkkürün daşıyıcısıdır. Prezident İlham Əliyev də haqlı olaraq bu məqamı xüsusilə vurğuladı: “Onlar bütün şəhər və kəndlərimizi viran qoyublar. Kəlbəcər şəhərində bir dənə salamat bina qalmamışdır. Kəlbəcərin heç bir kəndində bir dənə də bina qalmamışdır. O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər. Onlar gərək bu məsələlərlə məşğul olsunlar, hansı cəmiyyətdə yaşayır Ermənistan? O cəmiyyət ki, işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdir. Bu cəmiyyət xəstədir və mən bunu açıq deyirəm. Mən heç kimi təhqir etmək istəmirəm. Biz onlara nə etmişik ki, nə pislik etmişik ki, bu qədər vəhşiliklə üz-üzə qalaq?! Bütün şəhər və kəndlər dağıdılıb, məscidlər dağıdılıb, təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər tərəfindən vaxt istəmişdilər, burada öz şələ-şülələrini yığmaq üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər? Yandırdılar, ağacları qırdılar. İnsan bunu edər? Axı, bunu təkcə separatçıların başçıları etməyiblər. Kütləvi surətdə ediblər. Yəni, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq”.

Dövlət başçısının bu sözləri hazırkı erməni toplumunun gerçək simasını və psixoloji durumunu ortaya qoymaqla yanaşı, həm də bizim özümüzə – daxili auditoriyaya ünvanlanmış açıq mesajdır. Bəli, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Ona görə də işğal tarixini və erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq, həmişə ayıq-sayıq olmalıyıq. Əlbəttə, biz istəmirik ki, yenidən müharibə başlasın. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Bunu Cənab Prezident də Kəlbəcər sakinləri ilə görüşündə xüsusi olaraq vurğuladı.

Bu kontekstdə yaxın illərdə bizim iki əsas prioritet hədəfimiz olmalıdır: birincisi, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini hazırkı templə davam etdirmək, digəri isə hərbi potensialımızı, müdafiə gücümüzü daha da artırmaq. Qeyd etdiyimiz hər iki istiqamətdə hazırda olduqca böyük işlər görülür. Kəlbəcərdə aparılan nəhəng quruculuq işlərinin ilkin nəticələri də buna əyani misaldır. Belə ki, Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin istifadəyə verilməsi ilə yanaşı, dövlət başçısı tərəfindən yeni yaşayış kompleksinin, istirahət parkının bünovrəsinin qoyulması, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılması, Kəlbəcərə gediş-gəlişi asanlaşdıran Toğanalı-Murovdağ-İstisu Tunelinin texniki açılışının həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətini və dövlət başçısının qurucu xarakterini nümayiş etdirir. Prezident İlham Əliyevin söylədiyi kimi, bizim işimiz quruculuqdur. Erməni vandalları şəhər və kəndlərimizi büsbütün dağıtmaqla öz xislətlərini göstərdikləri kimi, biz də qurucu xarakterimizi bütün dünyaya əyani nümayiş etdiririk.

Cənab Prezidentin verdiyi “Biz Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” vədinin real nəticələri artıq Kəlbəcərdə də görmək mümkündür. Bu gün Kəlbəcər öz gözəlliyi ilə nəinki Azərbaycanın, hətta bütün Qafqazın İsveçrəsinə çevrilməkdədir. Məcburi köçkünlük səhifəsini bağlayan kəlbəcərli soydaşlarımızın rahat yaşayışı üçün hazırda Kəlbəcərdə bütün zəruri şərait yaradılıb. Burada aparılan yeni şəhərsalma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev kəlbəcərlilərlə görüşündə böyük qürur hissilə bildirdi ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Artıq sakinlər birinci yaşayış kompleksində evlərlə təmin olunur, amma inşaat işləri bununla bitmir. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Yaşayış komplekslərinin tikintisi çərçivəsində lazım olan bütün digər infrastruktur layihələri də icra edilməkdədir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. Eyni zamanda, indi Kəlbəcər şəhərində gözəl məktəb binası da tikilir və bu məktəb gələn il istifadəyə veriləcək. Bir sözlə, dağıdılıb viran qoyulmuş və 2020-ci ilin sonlarında sonuncu erməni vandalları tərəfindən yandırılmış Kəlbəcər indi tamamilə yenidən qurulur. Gözlərimizin önündə böyük dirçəliş xariqələri yaradılır. Bütün bunlara görə dövlətimizin başçısına təşəkkür edirik.

Kəlbəcər sakinləri ilə görüş zamanı dövlət başçısının çıxışında hər an yeni müharibələrə hazır olmağımızın və Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daha da artırılmasının vacibliyi də qabarıq şəkildə vurğulandı. Beləliklə, bir daha təsdiqləndi ki, hərbi gücümüzün artırılması qarşımızda dayanan iki ən vacib, prioritet istiqamətdən biridir. Çünki hazırda dünyada proseslər elə istiqamətdə cərəyan edir ki, sabah nə olacağını və bölgəmizdə nələrin baş verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ona görə də Cənab Prezident də bu məqamı xüsusi olaraq vurğuladı və eyni zamanda, bəyan etdi ki, bizim təhlükəsizliyimizin qarantı biz özümüzük: “Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, – sayını demək istəmirəm, amma böyük sayda, – xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

Bəli, müzəffər xalq və qalib dövlət kimi yaşamağımız və eyni zamanda, Qələbəmizin nəticələrini möhkəmləndirmək, təhlükəsizliyimizi gücləndirmək üçün hərbi gücümüzü artırmağımız, təxribat və hücumlara qarşı hər an hazır olmağımız hava-su kimi vacibdir. Bu baxımdan, Prezidentin çıxışında qonşuluğumuzdakı xəstə ağıl sahiblərinə ünvanladığı mesaj olduqca əhəmiyyətlidir. Bu mesajdan hər kəs öz payını götürməli və düzgün nəticə çıxarmalı, Azərbaycanla təhdid dili ilə danışmaqdan əl çəkməlidir. Dövlətimiz və ordumuz hazırkı həssas məqamda bizi gözləyən istənilən təhdid və təhlükələrə adekvat cavab verməyə hazırdır. Ali Baş Komandanımız da məhz bu amili nəzərdə tutaraq qətiyyətlə bəyan etdi ki, “biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün”.

Dövlətimizin başçısı, eyni zamanda sülh gündəliyinə də sadiq olduğumuzu hamının diqqətinə çatdırdı və bir daha gerçək sülhsevər lider kimi bəyan etdi ki, biz müharibə etməkdə maraqlı deyilik, biz sülh istəyirik. Həmçinin, bu da vurğulandı ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür və bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. 2023-cü ilin 19-20 sentyabr tarixindən etibarən Azərbaycan xalqının sülh şəraitində yaşadığını diqqətə çatdıran dövlətimizin başçısı, bundan sonra da sülh şəraitində yaşayacağımıza əminliyini ifadə etdi: “Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq: “Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq. Bilirsiniz ki, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq”.

Bəli, biz qalib xalq, qalib dövlət və qalib ordu kimi istədiyimizə, hədəflərimizə nail olmuşuq. Biz Cənubi Qafqazın gerçək lideriyik. Prezidentimizin də vurğuladığı kimi son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Biz yeganə xalqıq ki, tam Qələbə qazanmışıq, mütləq Qələbəyə imza atmışıq, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etmişik. Hərbi uğurumuzun məntiqi davamı olaraq, eyni zamanda, bu gün bölgədə sülhün təminatçısı da Azərbaycandır. Böyük Qayıdışın hər yeni mərhələsi də Azərbaycanın müharibələrə yox, sülhə hədəfləndiyini göstərir. Dövlətimizin başçısının Kəlbəcərdən ünvanladığı mesajlar da sülhə çağırışın göstəricisidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »