Rusiya xarici işlər naziri Sergey Lavrov Hindistanın XİN rəhbəri ilə birgə mətbuat konfransında mühüm bəyanatlar səsləndirib.
Musavat.com xəbər verir ki, Lavrov Vladimir Putinin Volodimir Zelenski ilə yalnız ali səviyyədə müzakirə olunacaq məsələlərin tam hazırlandığı halda görüşə razılıq verəcəyini bildirib.
Nazirin sözlərinə görə, hazırda ekspertlər və nazirlər mümkün görüş üçün müvafiq tövsiyələr hazırlayır. O əlavə edib ki, əgər Ukrayna ilə saziş imzalamaq gündəmə gələrsə, Kiyev tərəfdən imza atanların legitimliyi ciddi sual altında olacaq.
Lavrov həmçinin Ukraynanın mövqeyinin Donald Trampın sülh təşəbbüslərini pozmağa yönəldiyini iddia edib. O, Alyaskada keçirilən Rusiya–ABŞ sammitinin münaqişənin həllində ciddi irəliləyişlərə yol açdığını, lakin “istəkli koalisiyası”nın fəaliyyətinin bu prosesə əngəl törətdiyini vurğulayıb.
Nazir Avropanın Ukrayna ərazisinin bir hissəsinə xarici müdaxilə təklifini Moskva üçün “tamamilə qəbuledilməz” adlandırıb.
Lavrov əlavə edib ki, Putin ilin sonunadək Hindistana səfər edəcək. O, Rusiya və Hindistan arasında enerji resurslarının hasilatı, müdafiə və hərbi-texniki əməkdaşlığın fəal şəkildə davam etdiyini də diqqətə çatdırıb.
Comments are closed.