Azərbaycan millisinin baş məşqçisi: “Ədalətsiz qərarlara rəğmən, həm Monteneqronu, həm də baş hakimi məğlub etdik”

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Aqil Nəbiyev Monteneqro ilə keçirilən yoxalma oyununda hakim idarəçiliyindən narazı qalıb.

Bunu “Report”a açıqlamasında mütəxəssis özü bildirib.

Monteneqroda təlim-məşq toplanışında olan yığmanın hazırlıq matçında qazandığı qələbədən danışan A.Nəbiyev baş hakimin tez-tez yanlışlıqlara yol verdiyini deyib:

“Uzun illərdir milli komanda üçün çalışıram və aşağı yaş qruplarından ibarət yığmaları oyunlara hazırlayıram. Hələ bu qədər biabırçı hakim idarəçiliyi görməmişdim. Ədalətsiz qərarlara rəğmən, həm Monteneqronu, həm də baş hakimi məğlub etdik. Oyunda gəldikdə isə, Monteneqro millisi yaxşı futbolçulardan təşkil olunub. Onlarda müvafiq yaş qrupunun çempionatı artıq başlayıb. Yığma olaraq son 3 oyunlarını qələbə ilə başa vurublar. Slovakiya, Macarıstan, Rumıniya seçmələrinə qalib gəliblər. Rəqib komanda boy cəhətdən çox üstün idi. Bununla belə, matça yaxşı hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik. Görüş istədiyimiz kimi start götürdü. Baxmayaraq ki, rəqib ev sahibi olduğu üçün daha çox təzyiq göstərməyə çalışırdı. Qarşılaşmanın gedişi göstərdi ki, hücumlara yaxşı çıxa bilirik. Şükürlər olsun ki, sonda qələbə qazandıq”.

O, təlim-məşq toplanışında yer alan futbolçuların durumlarından danışıb:

“Təxminən 10 gündür ki, təlim-məşq toplanışı üçün bir araya gəlmişik. Bizim İspaniyada çıxış edən bir neçə futbolçularımız var idi ki, onlar 1 aydan çox məşq etmirdilər. Təxminən 1 həftə onlara xüsusi məşqlər keçirildi ki, yığmanın toplanışına hazır olsunlar. Yay fasiləsindən sonra toplanışa yollandıqda futbolçuların fiziki hazırlığında problemlər olur. Bildiyiniz kimi, futbolçuların fiziki durumlarını ölçmək üçün xüsusi cihazlardan istifadə olunur. Müşahidə etdik ki, ötən təlim-məşq toplanışı ilə indiki arasında mənfi mənada uçurum var. Onların əksəriyyəti oyun praktikasının yoxluğundan əziyyət çəkirlər. Çünki bu yaş qrupundan olan futbolçuların çempionatları start götürməyib”.

A.Nəbiyev yaxın gələcəkdə aşağı yaş qruplarından ibarət yığmalarda çıxış edən oyunçuların əsas milliyə cəlb olunacağına inandığını söyləyib:

“Artıq U-16 və U-17 milliləri bərabər məşqlərə qatılır. Son oyunlarda qazandığımız nəticələr sevindiricidir. Kollektivdə özünəinam hissi artıb. Futbolçular qısa müddətdə məşqçilər korpsunun nə istədiyini öyrəndilər. Martdan U-17 yığmasında çalışıram. Daha əvvəldən burada olsaydım, daha yaxşı olardı. Bununla belə, çox yaxşı kollektiv formalaşdırmışıq. Ümid edirəm ki, heyətdə yer alan futbolçular yaxın gələcəkdə U-21 və əsas yığmanın üzvlərinə çevriləcəklər”.

Qeyd edək ki, Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan Azərbaycanın U-17 millisi yoxlama görüşündə ev sahibi komandaya 1:0 hesabı ilə qalib gəlib. Milli bu gün eyni komandaya qarşı ikinci yoxlama matçını keçirəcək.

Comments are closed.

Tərcümə »