Azərbaycanın rəqəmsal hökumət platforması olan “mygov”da qeydiyyatdan keçmiş istifadəçilərin sayı 1,5 milyonu ötüb.
İctimai Rəy bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-iyul aylarında platformada həm veb, həm də mobil tətbiq vasitəsilə qeydiyyatdan keçənlərin, rəqəmsal xidmətlər və sənədlərdən istifadə edənlərin sayında dinamik artım müşahidə olunub. Belə ki, platformada yeni qeydiyyatdan keçənlərin sayı ötən ilin sonu ilə müqayisədə 61 %, aktiv istifadəçilərin sayı isə 34 % artıb. İlin ilk yarısında ümumilikdə 490 minə yaxın yeni istifadəçi qeydiyyatdan keçib, iyul ayında isə bu rəqəm 107,4 min nəfərə çatıb. “Mygov”da aktiv istifadəçilərin sayı 554 min nəfərə yüksələrək əvvəlki dövrlərlə müqayisədə rekord göstərici olub.
Hal-hazırda “mygov” mobil tətbiqindən məhkumluq haqqında arayış, ailə tərkibi və ailə vəziyyəti haqqında arayış məlumatları, təhsil məlumatları, hərbi xidmətlə bağlı məlumatlar, etibarnamələrin verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc məlumatlarının təqdim olunması, səhiyyə istiqamətində peyvənd, elektron resept, tibbi göndərişlər, laborator analiz nəticələri, sağlamlıq haqqında arayış, bank kartları ilə ödəniş imkanı və bu kimi digər xidmət və məlumlatlardan faydalanmaq mümkündür. Eyni zamanda, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyat hadisələri üzrə bir sıra digər xidmətlər – nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə edilməsi platforma vasitəsilə vətəndaşlar üçün daha rahat və əlçatan olub.
Bununla yanaşı, “mygov ID” funksionallığı da rəqəmsal xidmətlərin istifadəsində artıma əhəmiyyətli töhfə verib. “mygov ID” istifadəçilərə QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə təhlükəsiz və rahat giriş imkanı təmin edir. Bundan əlavə, şəxsi məlumatların yenilənməsi, parolun dəyişdirilməsi, çoxfaktorlu autentifikasiya, giriş açarları (passkey) və məlumat paylaşım icazələrinin idarə olunması kimi geniş imkanlar təqdim edir.
Hazırda platformada 386 xidmət rəqəmsal formada təqdim olunur. Ən çox istifadə olunan xidmətlər sırasında əsasən arayışların əldə olunması, kommunal və dövlət xidmətlərinə qeydiyyat və rəqəmsal sənədlərin istifadəsi yer alır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəticəsində platformadakı xidmətlərə “mygov” üzərindən müraciətlərin sayı cari ilin ilk 7 ayında 2024-cü ilin sonu ilə müqayisədə 5 dəfədən çox artıb.
Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, kağız daşıyıcılardan istifadənin azaldılması, kağızsız hökumətə keçidin sürətləndirilməsi və rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm addımlar atılıb. Belə ki, 27 sənədin “mygov” platforması üzərindən rəqəmsal formada təqdim olunması və fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malik olması rəsmi olaraq təsdiqlənib və qanun qüvvəyə minib. Bu dəyişikliklər nəticəsində ötən illə müqayisədə platforma üzərindən təqdim olunan rəqəmsal sənəd və məlumatların sayı və çeşidi əhəmiyyətli dərəcədə artıb, vətəndaşların gündəlik ehtiyaclarına uyğun yeni sənəd növləri əlavə olunub. Hazırda “mygov”a inteqrasiya olunan rəqəmsal sənəd və məlumatların sayı 67-yə çatdırılıb. Bu sənədlər vətəndaşlara fiziki daşıyıcılara ehtiyac olmadan “mygov” vasitəsilə rəqəmsal şəkildə təqdim edilir. Nəticədə cari ilin ilk 7 ayı ərzində “mygov” platforması üzərindən istifadə olunan rəqəmsal sənəd sayı ötən ilin sonu ilə müqayisədə 31% artaraq 1.33 milyona çatmışdır.
Son dövrlərdə “mygov” mobil tətbiqi ölkə üzrə ən çox yüklənən tətbiqlər arasında ilk sıralarda yer alıb, “iOS” platformasında birinci yerdə, “məhsuldarlıq” kateqoriyasında isə digər populyar tətbiqləri geridə qoyaraq hər iki platforma üzrə (“iOS” və “Android”) lider mövqeyə yüksəlib. Platformanın yenilənməsindən hələ bir il keçməsinə baxmayaraq, qeydiyyatdan keçmiş istifadəçilərin sayının artıq 1.5 milyonu keçməsi bu sahədə əldə olunan irəliləyişin, vətəndaşların rəqəmsal xidmətlərə artan tələbatının və “mygov” platformasına olan güclü etimadın bariz göstəricisidir.
Platformanın imkanlarının genişləndirilməsi və istifadə rahatlığının artırılması fonunda bu artım dinamikasının növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.
Comments are closed.